Uşaq serebral iflici
28 DEKABR 2017
384

Uşaq serebral iflici

Tibb.fins.az hekimtap.az-a istinadın xəbər verir ki, uşaq serebral iflici termini ilk dəfə 1893-cü ildə psixoanalitik Ziqmund Freyd tərəfindən təklif edilmişdir. Uşaq Serebral İflici baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gələn, adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır. Beynin zədələnmə dərəcəsindən asılı olaraq meydana çıxan simptomların ifadə dərəcəsi də müxtəlif olur: yüngül, zəif nəzərə çarpan və ya çox ağır, tam əlilliyə gətirib çıxaran zədələnmələrə qədər. Bu uşaqlarda epileptik tutmalar, psixi inkişaf ləngiməsi, qavrama və öyrənmə çətinlikləri, görmə, eşitmə, nitq, intellekt pozğunluqları da müşahidə oluna bilər. Baxmayaraq ki, serebral iflicli uşaq çox zaman əqli inkişafdan geri qalmış uşaq kimi təəsurat yaradır, bu heç də həmişə həqiqətə uyğun olmur. Serebral iflic irsi xəstəlik deyil və bilavasitə uşaq ölümünün səbəbi olmur, lakin ömrünün qısalmasına gətirib çıxara bilər.

Serebral iflicə oxşar vəziyyətlər istənilən yaşda keçirilmiş infeksion xəstəlikdən, insultdan və yaxud kəllə-beyin travmasından sonra əmələ gələ bilər.

Serebral iflicin yaranma səbəbləri

Ziqmund Freyd tərəfindən təklif edilmiş nəzəriyyəyə görə uşaqda beynin zədələnməsi bətndaxili dövrdə baş verir. Digər alim – Uilyam Littl isə israr edirdi ki, zədələnmə doğuş prosesində baş verir və serebral iflic doğuş zamanı uşağın beynində oksigenin çatışmamazlığının nəticəsi olur.

Lakin məlumdur ki, yeni doğulmuş uşaqlar oksigen defisitini daha yüngül keçirir və doğuş yollarından keçməsi bir qədər travmatik olsa da, adətən beynin zədələnməsinə səbəb olmur.

Hal-hazırda serebral iflicin səbəbləri aşağıdakılar hesab olunur:

1. Hamiləlik dövründə:
 - Hamiləlik zamanı ananın infeksion xəstəliklərə tutulması (məs. məxmərək, herpes, sitomeqalovirus, toksoplazmoz və s)
 - Rezus konflikt
 - Anada problemlər (şəkərli diabet, hamiləlik toksikozu, preeklampsiya, qanaxmalar, anemiya,stress, pis qidalanma – vitamin və mikroelementlərin çatmamazlığı )
 - Ananın zərərli vərdişləri (narkomaniya, siqaretçəkmə, alkoqoldan istifadə)
 - Ananın yaş faktoru (18-dən aşağı, 35-dən yuxarı)

2. Doğuş zamanı:
 - Dölün asfiksiyası
 - Doğuş travması
 - Vaxtından əvvəl doğuşlar
 - Gec doğuşlar

3. Doğuşdan sonra:
 - İnfeksiya və ya susuzlaşma nəticəsində yüksək bədən hərarəti
 - Beyin infeksiyaları
 - Suda boğulma, qazdan zəhərlənmə və digər səbəblərdən baş verən oksigen çatmamazlığı
 - Beyin travmaları. Beyinə qansızma
 - Məişət zəhərlənmələri
 - Beyində şişlərin olması.

Serebral iflic hallarının 30%-nin səbəbi məlum deyil

Serebral iflicin formaları

USİ-nin klassifikasiyası hərəkət pozğunluqlarının xarakterinə və zədələnmənin əhatə dairəsinə əsaslanır. Bu pozğunluqların aşağıdakı qrupları ayırd edilir:
 - Spastiklik - əzələ tonusunun yüksəlməsi
 - Monoplegiya - bir ətrafda təzahür olunan zədələnmə
 - Hemiplegiya – bədənin birtərəfli zədələnməsi, əsasən bətndaxili olur, çox vaxt görmə, eşitmə, lamisə kimi funksiyaların və qavramanın pozulması da müşahidə olunur.
 - Diplegiya - (Littl sindromu) – hər iki ətrafda,ya yuxarı, ya aşağı ətraflarda təzahür olunan zədələnmə; adətən aşağı ətraflarda daha çox təzahür edir.
 - Tetraplegiya - yuxarı və aşağı ətrafların ağır iflici; bu uşaqların əksəriyyətində dərin əqli gerilik, epilepsiya və zəif görmə müşahidə olunur, ciddi inkişaf ləngiməsi ilə müşaiyət olunur.

70-80% hal tetraplegiya larda spastik formaya rast gəlinir.

Diskineziya – ətrafların, bədənin, üz əzələlərinin, dilin və udlağın qeyri-iradi, davamlı, əlaqələndirilməmiş müxtəlif hərəkətləri. Yuxu zamanı bu hərəkətlər müşahidə olunmur.
Ataksiya (atonik-astatik forma) – tez-tez yıxılma ilə müşayiət olunan muvazinətin pozulması

Qarışıq forma

Persepsiv (anlama) pozğunluqlar – çox zaman serebral iflic hissiyat orqanlarının funksiyasının pozulması ilə müşaiyət olunur. Görmə, eşitmə, lamisə vasitəsilə duyma qabiliyyəti normal olsa da, bu hisslərin düzgün izah etmə qabiliyyəti olmur. Belə uşaqlarda təhrif edilmiş qavrama qeyd olunur: məs. gözüyumlu vəziyyətdə onlar ətraflarını kontrol etməyi bacarmırlar, bədənlərinin ölçülərini, hüdüdlarını anlaya bilmirlər, şəkil ilə reallıqda olanı bənzətmək qabiliyyəti, əşyaların məkanda vəziyyətinin, onların arasında olan məsafənin və yerinin anlamasında çətinlik çəkirlər.

Serebral iflic uşağın hərəkətinə və bədən vəziyyətinə təsir göstərən və proqressivləşməyən bir haldır”

Serebral iflicə rast gəlmə tezliyi

İnkişaf etmiş ölkələrdə son 30-40 ildə serebral ifliclə doğulan uşaqların sayı praktiki olaraq dəyişməz olub. 1970-1980-cı illərdə bir qədər azalma qeyd olunsa da, hal-hazırda çoxalmaya tendensiya müşahidə olunur: 1000 yeni doğulmuş uşaqdan 2-5-də serebral iflic aşkarlanır.

Diaqnostika:

Laborator diaqnostikanın (qanın və sidiyin ümumi klinik analizləri) ancaq köməkçi vasitə kimi əhəmiyyəti var. Buna görə də USİ-nin profilaktikası məqsədilə hamilə qadınların müayinəsi və müşahidəsi ən vacibli tədbir hesab olunur.

Şübhə doğuran əlamətlər:
 - Qidalanmada çətinlik;
 - Oyanıqlıq, əsəbilik;
 - 1,5 aylığında və daha sonra uşaq başını saxlaya bilmir;
 - Hərəki bacarıqların inkişafında ləngimə;
 - Erkən şərtsiz reflekslərin 4-6 ayına qədər davam etməsi;
 - Oyuncaqlara tərəf dartinmaması (4 ayından sonra);
 - Müəyyən vaxt çərçivəsində uşağın bir vəziyyətdə donub qalması və ya qeyri-iradi hərəkətlər etməsi;
 - Ana ilə kontakta girməməsi, döşdən vaxtından əvvəl imtina etməsi;
 - Bütün bunlar USİ-nin göstəricisi hesab oluna bilər .Uşaqda bu əlamətlər müşahidə olunarsa dərhal həkimə müraciət etmək lazımdır!

Erkən diaqnoz

Spastik tetraplegiya
* 6 aylıgında yüksək əzələ tonusu, baş barmağın bükülməsi
* 1-2 ay sonra ayaqların çarpazlaşması
* 9 aylığında diffuz spastiklik və vətər reflekslərinin həddən artiq artması

Diskinetik USi
* 8 ayına qədər müəyyən olunmur

Ataksik USi
* gec müəyyən oluna bilir

Ümumilikdə USi-nin dəqiq diaqnozunun 10 aylığında qoyulması nəzərdə tutulur.

Diaqnozun qoyulmasına kömək edir:
 - Hamilələiyin qeyri- normal keçməsi,doğuşun gedişi, neonatal period haqqında məlumatlar;
 - Bir sira xəstəliklər və travmaların olması;
 - Uşağın erkən şərtsiz reflekslərinin yoxlanması (məs:avtomatik yerimə,ovuc-agız refleksi).

Müalicə

Sözün əsl mənasında uşaq serebral iflici müalicəyə tabe olmur, lakin bu o demək deyil ki, belə uşaqlara kömək etmək qeyri-mümkündür. Yeni doğulmuş uşağın beyni bu zədələnmənin kompensasiyası üçün çox böyük potensiala malik olur. Buna görə də problemin erkən müəyyənləşdirilməsinin əhəmiyyəti çox böyükdür. Körpənin beyni çox plastikdir və gərgin, davamlı Fizioterapiya ve Reabilitasiya apardıqda hətta ağır formalı serebral iflici olan uşaqlar belə gözəl nəticələr göstərə bilər.
Erkən müdaxilə

Məqsəd:

- Əlilliyin qarşısının alınması / əlillik dərəcəsinin azalması
- Multidissiplinar yanaşma - ən yaxşı effekt ancaq o zaman əldə etmək olar ki, fizioterapevt, pediatr, nevropatoloq, ortoped, oftalmoloq, pedaqoq, psixoloq, loqoped ve digər mütəxəssislər birgə çalışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır