Rəxit xəstəliyi. Yalan yoxsa həqiqət?
12 MART
449

Rəxit xəstəliyi. Yalan yoxsa həqiqət?

Günümüzün ən aktual xəstəliklərindən biri də “rəxit” xəstəliyidir. Görəsən bizim körpələr həqiqətən də xəstədirlər?

Uşaqlara ən çox qoyulan diaqnozlardan biri də rəxit xəstəliyidir. Bu xəstəlik barədə geniş məlumat verməkdənsə, valideynlərə çox daha faydalı olacaq bir sıra praktik məsləhətlər verməyi doğru bildim.

1. Bəzən həkim körpəni müayinə edərək ona “rəxit” diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini başlayır. Körpə və ya uşağa bu diaqnozu qoymaq üçün mütləq olaraq onun qan analizlərinə baxılmalıdır. Bu analizlər edilmədən, sırf müayinə ilə bu diaqnozun qoyulması qətiyyən doğru deyildir. Mütləq olaraq qan analizləri edilməli və əgər xəstəlik varsa növü və dərəcəsi dəqiqləşdirilməlidir. Ancaq bundan sonra xəstəliyin dərəcəsinə görə D vitamini və ya kalsiyum preparatları ayarlanaraq istifadə edilməlidir.

2. Bir çox həkimlər sırf aşağıda sadalayacağımız bir sıra əlamətlər əsasında körpə və uşaqlara “rəxit” xəstəliyi diaqnozu qoyurlar:

Başın böyük və ya quruluşunda bəzi əyriliklərin olması. Düzdür rəxit xəstəliyində də bu əlamətlər ola bilər. Ancaq bu o demək deyil ki, hər başı böyük və ya əyri olan rəxitdir. Ümumiyyətlə məlumdur ki, başın ölçüsü və quruluşu irsi xarakter daşıyır. Yəni sadə dillə desək valideynlərin baş quruluşları övladlarında da özünü göstərir. Ona görə də irsi xarakter daşıyacaq olan bu kimi vəziyyətlər təbii və normal bir haldır. Bu xüsusiyyətlər diqqətə alınmadan bir uşağın başına baxaraq bunun başı böyükdür demək və bununla da ona rəxit xəstəliyi diaqnozu qoymaq qətiyyən doğru deyildir.
Əmgəyin geniş olması. Bir çox normal uşaqların da əmgəyi geniş ola bilər. Ona görə də hər əmgəyi geniş olan uşaq da rəxit deyildir.
Döş qəfəsi əyri olan və ya qabırğaları önə doğru çıxan hər xəstəyə rəxitdir və ya rəxit xəstəliyi keçirmişdir deyilir və kor-koranə kalsium preparatları verilməyə başlanılır. Məlumdur ki, döş qəfəsindəki bir çox əyriliklər vardır ki, tibbə onun səbəbi ümumiyyətlə bəlli deyildir. Alt qabırğalardakı bir miqdar əyriliklər isə normal bir haldır. Bu baxımdan da hər bu əlaməti olan körpə və uşağa bu diaqnozun qoyulması yanlışdır.
Başın arxasında saç tökülməsinin olması və ya çox tərləmə. Bilirik ki, bir çox normal körpə və uşaqlarda da bu əlamətlər ola bilər. Belə ki, körpələr məxsusən baş nahiyəsindən tərləyərlər və bu zaman başın arxa hissəsində saç tökülmələri müşahidə oluna bilər ki, bu da normal bir haldır.

3. Rəxit xəstəliyinin diaqnozunu qoymaq üçün həkim hər tərəfli olaraq körpəni müayinə etməlidir. Əgər şübhə varsa diaqnozu dəqiqləşdirmək üçün əlavə qan analizləri istənilməli və rentgen filmi çəkilməlidir. Ancaq bundan sonra dəqiq diaqnoz qoyula bilər.

4. Azərbaycanda olan müşahidələrimdə rəxit diaqnozu qoyularaq müalicə alan bir çox xəstədə ətraflı araşdırmalar apardıqdan sonra heç bir xəstəliyin olmadığını müşahidə etdim. Hətta bəzilərinin qanında zəhərli olacaq miqdarlarda (verilən müalicələr nəticəsində) kalsium və D vitaminin olduğunu da müəyyən etdik.

Müəllif: Altay Abdullaoğlu, pediatr-neonatoloq

© Vib.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır