Vitamin D-nin orqanizmə verdiyi xeyirlər - Dr.Afət İbrahimli
01 İYUN
430

Vitamin D-nin orqanizmə verdiyi xeyirlər - Dr.Afət İbrahimli

Vitamin D insan orqanizminin ən çox tələbatı olduğu vitaminlərdən biridir. D vitamini kalsiferol-D2 və D3 formalarında rast gəlinir. Erqosterinlər ultrabənövşəyi şüalarla şüalandırdıqda D vitamininə çevrilir. Balıq yağında, yumurta sarısında, süddə və qaraciyərdə vardır. Çatışmadıqda kalsium və fosfor mübadiləsi pozulur və uşaqlarda raxit xəstəliyi əmələ gəlir. Ona görə də çox vaxt el arasında D vitamininə “antiraxit”vitamini də deyilir. Gündəlik tələbat 400 Beynəlxalq vahidə və ya 10 mkq-a bərabərdir. Beynəlxalq vahid olaraq erqokalsiferolun 0,025 mikroqramı qəbul edilmişdir. Uşaqların D vitamininə olan tələbatı yaşlılara nisbətən 2-2,5 dəfə çoxdur.

Uşağın böyüməsi və düzgün inkşafı üçün D vitaminin lazım olması barədə valideynlər məlumatlıdırlar. Çünki pediatrlar yorulmadan başa salırlar ki, D vitaminin çatışmazlığı ciddi xəstəlik olan RAXİT-in əmələ gəlməsinə səbəb olur. “Və budur uşağın üç yaşı tamam olub və “təhlükəli yaş arxada qaldı””- deyərək, D vitamini barədə unutmaq olarmı? Əsla yox; onun çatışmazlığı hələ də ciddi təhlükə yarada bilər. Körpə vaxtı uşaqda D vitamin çatışmazlığı nəticəsində sümüklərdə gedən deformasiyaları heç cür geri qaytarmaq mümkün olmur və belə olan halda uşağa “Raxitin qalıq əlamətləri” kimi diaqnoz qoyulur. Bu diaqnozdan sonra Vitamin D qəbul olunması və yaxud masajların edilməsi və ya hər hansı fizioterapevtik proseduraların aparılması belə qalıq əlamətləri geri qaytara bilməz. Hərçənd, təəssüflə qeyd etməliyik ki, bu proseduralar uşaqlara boş yerə aparılır.

Bəs uşağa D vitamini nə üçün lazımdır?

Boyun artması, sümüklərin və dişlərin düzgün formalaşması, əzələlin inkşafı üçün bu, daha vacibdir. Bu vitamin orqanizmdə dəri və ürək-damar xəstəlikləri ilə mübarizə aparmağa kömək edir, qalxanvari vəzin və sinir sisteminin normal işini təmin edir. D vitamini çatışmazlığı bağırsağın ciddi xəstəliyinə səbəb ola bilir. Uşaq orqanizmi üçün çox vacib olan D vitamini olmazsa əgər, qida məhsulları normal qavrana bilməyəcək və orqanizm öz “ehtiyatlarından” istifadə etməyə başlayaraq, sümüklərdən kalsium yuylub gedəcəkdir və beləliklə, uşağın sümükləri zəifləyəcək – osteomalyasiyaya səbəb olacaqdır. Bu proses böyüklərdə də 40-45 yaşından sonra (xüsusilə qadınlarda) başlayır. Müasir həyatın sürətli tempi, qapalı məkanda iş, təmiz havada hər gün yetərincə olmamaq sağlamlığa xələl gətirən və bu vacib vitaminin çatışmazlığına səbəb olan amillərdir.

Vitamin D çatışmadıqda əsasən aşağıdakı xəstəliklər yaranır:

Zökəm
Zökəm adətən qış aylarında, günəşə həsrət qaldığımız dövrdə tüğyan edir. D vitamini çatışmazlığı orqanizmin zökəm və infeksiyalara yoluxma riskini artırır.

Karies, ağız boşluğu və dişlərin digər xəstəlikləri
Günəş işığı çatışmazlığı birbaşa D vitaminin çatışmazlığına yol açır. Bu isə dişlərin daha həssas olmasına səbəb olur. Karies, digər ağız boşluğu xəstəliklərinin məruz qalmasına gətirib çıxarır. Çoxsaylı tədqiqatlar sübut edir ki, D vitaminin orqanizmdə yetərli dərəcədə olması dişlərin kalsium tərkibini yaxşılaşdırır, əks halda isə kariesin inkşaf riskini artırır.

Astma
Astmanın əsas səbəbi elm tərəfindən müəyyən edilməsə də, bəzi tədqiqatlara görə respirator xəstəliklər D vitamini çatışmazlığı ilə əlaqədardır. D vitamini qəbul etdikdə uşaqlarda astma simptomlarının ağır təsiri və nəfəs yollarında qıcıqlanma azalır. Bu səbəbdən də xüsusən günəşli günlərdə açıq havada daha çox olmanızı tövsiyə edirik. D vitamini preparatını qəbul etməyi və ya uşaqlarınıza verməyi düşünürsünüzsə, mütləq pediatrla məsləhətləşin. Bu vitaminin çatışmazlığı yalnız qan təhlilləri nəticəsində müəyyən edilir.

Revmatoid artrit
Avropa ölkələrində aparılan tədqiqatlar nəticəsində D vitamin çatışmazlığı zamanı revmatoid artritin yarandığını göstərib. Belə ki, orqanizmdə D vitamini çatışmazlığı olan xəstələr əzələ ağrılarından daha çox əziyyət çəkirlər.

2-ci dərəcəli diabet
D vitaminin səviyyəsini optimal diapazonda saxlamaqla 2-ci dərəcəli diabetdən qorunmuş olarsınız.

Mədə-bağırsaq xəstəlikləri
Həzm prosesində yaranan bir sıra xəstəliklərdə – Kron, Seliakiya, Hirşburunq, mədə və onikibarmaq xorası, disaxridaz defisiti, kəskin və xronik diareyalar, kolit xorası kimi problemlər ilə D vitamini çatışmazlığı arasında əlaqələr aşkar edilmişdir. Tədqiqatlar nəticəsində aşkar olunub ki, günəş işığının az olduğu ərazilərdə yaşayan insanlar mədə-bağırsaq xəstəliklərinə daha çox məruz qalırlar. Beləliklə, istər uşaqlara, istərsə də böyüklərə D vitamini qəbulu çox vacib şərtdir. Körpələrin doğulduğu günün 21–ci günüdən etibarən D vitamini qəbuluna başlanır. Pediatrın nəzarəti altında bu vitamin saxlayıcı profilaktik dozada verilir. Bəzi analar öz fərziyələrinə əsasən, bu vitaminin verilməsini yay aylarında kəsirlər, lakin bu düzgün deyildir. Hər uşağa fərdi yanaşılmalı və pediatrın icazəsi olmadan bu vitaminin verilməsi kəsilərsə, müxtəlif xəstəliklərin başlanğıcına səbəb olunar.

© DR.AFƏT İBRAHİMLİ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır