Uşaqlarda anadangəlmə bud-çanaq oynağı çıxıqlarının müalicəsi – Tanınmış ortoped – travmatoloqdan məsləhət
06 İYUN
668

Uşaqlarda anadangəlmə bud-çanaq oynağı çıxıqlarının müalicəsi – Tanınmış ortoped – travmatoloqdan məsləhət

Körpə doğulduqdan sonra onun sağlam, qüsursuz olması təkcə nəfəs alması, ürəyinin döyünməsi və ağlaması ilə bitmir. Azərbaycanda  yenidoğulmuşlarda geniş yayılmış, təəssüf ki, bəzi hallarda mama-ginekoloq və valideynlərin ilk günlərdə təyin edə bilmədiyi bud-çanaq oynağında olan çatışmazlıqlar, çıxıq, displaziya sonradan zamanla uşaq üçün ciddi problem yaradır. 
Uşaqlarda bud-çanaq çıxığı oynağı formalaşdıran bud başı və qalça arasındakı nisbətin pozulması nəticəsində oynağın normal inkişaf etməmədi ilə özünü göstərən bir patologiyadır. Displaziya vaxtında aşkarlanıb müalicə olunmazsa, uşaqda oynaq inkişafı geri qalır və gənc yaşda ağrılara səbəb olur. 
Körpələrdə əmələ gəlməsinə səbəb genetik amillər, fizioloji və mexaniki zədələrdir. Daha çox doğuş travmaları səbəb ola bilir. 
Tanınmış travmatoloq-ortoped Sənan Aşirov körpələrdə bud-çanaq çıxıqları və displaziyalarının həm konservativ, həm cərrahi müalicəsi ilə məşğul olur. Həkim körpələrdə bu diaqnozun təsdiqlənməsi və müalicənin təyin olunması üçün nələrin lazım olduğunu Medicina.az-a açıqladı:
 
 
"Anadangəlmə bud-çanaq oynağı displaziyası və çıxıqları olan uşaqlar ilk öncə ultrasəs müayinəsindən keçirilir. Sonra anamnez toplayırıq: ola bilər hamiləlik, ola bilər doğuşda, ola da bilər doğuşdan sonrakı  səbəblər xəstəliyi yaradıb. Daha sonra uşağı əyani olaraq diqqətlə fiziki müayinə edirik. Amma onu da qeyd edim ki, körpə nə qədər tez Ultrasəs müayinəsinə cəlb olunsa, bir o qədər yaxşıdır. 10 aydan sonra uşaqlarda bud-çanağın rentgeni çəkilir. 
Bud-çanaq çıxığı ilə doğulmuş uşağın bələnməsi xəstəliyi daha kəskinləşdirir. Valideyn uşaqda guya idman və ya masaj edirmiş kimi diz və budlarını bir-birinə yaxınlaşdırıb aralaması hərəkətini qəti etməməlidir. Müalicənin əsası stabil hərəkət nöqtəsi və reduksiya əldə olunmasıdır. Uşaq 1 yaşına kimi müalicəyə cəlb olunsa, çox asan, yaxşı nəticələr alırıq. Yəni konservativ yolla müalicə uğurlu alınır. Yox əgər gecikdirilsə, 1 yaşından sonra cərrahi əməliyyat icra olunur. 
Yenidoğulmuş və körpələr üçün Pavlik bandajı, statik ortezlər taxılır.
6-7 aylıqdan sonra isə körpədə qapalı reduksiya aparılır və gips qoyulur. 
Uşaq böyüdükcə müalicə çətinləşir, əməliyyat açıq yerinə yetirilir. 
Ən gecikmiş hal 6-8 yaşında müraciət hesab olunur. Bu zaman da bir sıra cərrahi əməliyyatlar həyata keçirilir. 
Əvvəllər qız uşaqlarında daha çox rast gəlindiyi deyilən bu patologiya, indi oğlan uşaqlarında da sıx görülur. Ona görə, uşağın qız-oğlan olmasının fəqri olmadan hər bir valideyn uşağı doğulandan 40 gün sonra mütləq travmatoloq müayinəsinə gətirməlidir. Hətta problem olmasa belə  ən azından risk ehtimalı aradan qalxar.
 
 
Hazırda uşaqlarda bud-çanaq çıxıqları, oynaq problemləri ən son müasir metod və texnikalarla icra olunur. İl ərzində onlarla uşağı müalicə edərək gələcəkdə yaşanacaq böyük problemlərdən, aşağı ətraflarda meydana gələcək deformasiyalara görə keçiriləcək psixoloji travmadan qorumuş oluruq”. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır