"Süni mayalanmaya müraciət edənlərin sayı artıb" - Həkim rəyi
05 OKTYABR 2018
712

"Süni mayalanmaya müraciət edənlərin sayı artıb" - Həkim rəyi

Son 11 ildə Azərbaycanda qadınlar arasında sonsuzluq halları iki dəfə artıb.

Qadın sonsuzluğu 45%, kişi sonsuzluğu 40%, müştərək sonsuzluq, yəni həm qadında, həm də kişidə reproduktiv sistemlə əlaqəli pozğunluqların olması – 15% təşkil edir. Qadınlarda əsasən uşaqlıq borularının keçiriciliyinin üzvi və ya funksional pozğunluğu, ovulyator pozğunluqlar, endometriumun patologiyaları, uşaqlığın mioması, uşaqlığın inkişaf qüsurları, endometrioz, kişilərdə idiopatik sonsuzluq, kriptorxizm, urogenital infeksiyalar, varikosele, erektil disfunksiya, hipospadiyalar, ümumi və sistem xəstəliklər, hipoqonadizm, immunoloji faktorlar, obstruksiya və digər pozğunluqlar valideyn olmağa imkan vermir.

Səhiyyə Nazirliyinin rəsmi statistikasına əsasən, 2015-ci ildə 1198 kişi sonsuzluğu halı qeydə alınıb ki, onlardan 425-nə həyatında ilk dəfə bu diaqnoz qoyulub. 5101 qadın sonsuzluğu halı qeydə alınıb ki, onlardan da 2314 nəfərə həyatında ilk dəfə bu diaqnoz qoyulub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, cütlük bir il ərzində müntəzəm münasibətdə olduğu halda qadın hamilə qalmırsa, bu sonsuzluq hesab olunur. Qadının yaşı 35-dən çox olduğu halda 6 aydan sonra müayinələrə başlanmalıdır.

Tibb.fins.az Həkim ginekoloq Cəmalə Hacıyeva Metbuat.az-a açıqlamasında sonsuzluğun səbəblərini düzgün qidalanmama, zərərli vərdişlər, narkomaniya, oturaq həyat tərzi, stress, ekoloji natəmizlik və infeksion xəstəliklərdə görüb.

Həkim bildirib ki, sonsuzluq halları çoxaldığı üçün süni mayalanmaya müraciətlərin də sayı artıb.

“Bəzi cütlüklər cinsiyyət seçimi və çoxdöllü hamiləlik üçün süni mayalanmaya müraciət edir. Biz sonsuzluq problemi ilə müraciət edən xəstələri müayinə edib görürük ki, bəzi xəstələrdə heç süni mayalanmaya ehtiyac yoxdur. Sadəcə qadının 3-5 illik birincili və ya ikincili sonsuzluğu var. Həmin xəstələrdə müalicəylə normal hamiləlik əldə edirik”.

Süni mayalanma kimlərə tətbiq edilir?

Həkimin sözlərinə görə, boru sonsuzluğu, yəni uşaqlıq borularının olmaması və ya keçməməzliyi, naməlum mənşəli sonsuzluq, immunoloji sonsuzluq, kişi sonsuzluğu, yumurtalıqların polikistozu sindromu, endometrioz süni mayalanma üçün göstərişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır