Mama-ginekoloq: İlk abort qadını ana olmaqdan tamamilə məhrum edə bilər
14 NOYABR
164

Mama-ginekoloq: İlk abort qadını ana olmaqdan tamamilə məhrum edə bilər

2017-ci ildə Azərbaycanda abort etdirən qadınların sayı 37 618 nəfər olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən il Azərbaycanda abort etdirən 15-17 yaşlı qızların sayı 46, 2016-ci ildə 19, 2015-ci ildə 50, 2010-cu ildə isə 158 nəfər olub.

Məlumatda 18-19 yaşında aborta gedən qızların sayı da açıqlanıb. Belə ki, ötən il bu yaş aralığında abort etdirənlərin sayı 1559 nəfər təşkil edib.  

Ümumilikdə aborta gedən 37 618 qadından 9 583 nəfəri 20-24, 11 706 nəfəri 25-29, 9 856 nəfəri 30-34, 4 868 nəfəri isə 35 və daha yuxarı yaşlı qadınlar olub.

Mama-ginekoloq Naibə Həsənovanın sözlərinə görə, qanunla Azərbaycanda hamiləliyin 12 həftəsinədək aborta icazə verilir:

“12 həftədən sonra isə abort mütləq tibbi göstəriş əsasında aparılır. Dölün özündə hər hansı bir problem yaranarsa, uşaq qüsurlu olarsa, aborta icazə verilir”.

Naibə Həsənova bildirib ki, yeniyetmələr arasında abortların artmasının səbəbi cinsi maarifləndirmənin zəif aparılmasıdır:

“Qızlarda cinsi yetkinlik yaşına çatması 11 yaşından başlayır. Xarici ölkələrdə həmin dövrdə onlara valideynləri və məktəbdə hər şey başa salınır. Azərbaycanda məktəbdə şagirdlərə cinsi tərbiyə mövzusunda dərslər keçirilməlidir. Onlara cinsi əlaqə necə olmalıdır, hansı yaşda cinsi həyata başlamaq, erkən yaşlarda hamiləliyin fəsadları kimi məsələlər izah edilməlidir”.

Mama-ginekoloq qeyd edib ki, həkimin qadını necə abort etməsindən asılı olaraq, onun orqanizmində müəyyən fəsadlar yarana bilər:

“İlk abortlar xüsusilə təhlükəlidir. Bu abortlar hamiləliyin ilk 6-7 həftəsinə kimi edildiyi üçün mini abortlar sayılır. Fəsadları da müxtəlifdir. Abort zamanı qadın infeksiyaya yoluxa, uşaqlıq boşluğunun daxili divarları zədələnə bilər. Nəticədə, uzun müddət müalicəyə ehtiyac yaranır. Ümumilikdə, abort hormonal sistemi pozur, immun sistemini isə zəiflədir. Bəzən qadın ana olmaqdan məhrum ola bilər”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 141-ci maddəsinə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə iki yüz manatadək cərimə və ya altı ayadək islah işləri ilə cəzalandırılır. 

Ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə üç yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, hər il dünyada 70 mindən artıq qadın məhz abort nəticəsində ölür. 

Bu Məcəllənin 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu Məcəllənin 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

©Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır