Uşağın psixomotor inkişafı
09 OKTYABR
323

Uşağın psixomotor inkişafı

Uşağın psixoloji və hərəki inkişafı üçün onun daimi olaraq ana ilə ünsiyyətdə olması böyük əhəmiyyət kəsb edir. Bu ünsiyyət həm də uşaq hələ ananın bətnində olanda başlanmalıdır.

Hətta "bətindaxili ünsiyyət" termini də vardır ki, analar xüsusi məşğələlərdə psixoloqların köməyi ilə çox maraqlı üsullarla öz doğulmamış uşaqları ilə "ünsiyyətə" girirlər. Bu ünsiyyət körpəyə yaxınları və gələcəkdə onu əhatə edəcək aləmlə təmasda olmağa kömək edir. Bunun nəticəsi olaraq doğulduqdan sonra uşaq ətrafda baş verənləri çox sakit və təmkinlə qəbul edir.

Uşaqla ana arasında qarşılıqlı əlaqə yaradılması yenidoğulma dövründə davam olunmalıdır.

Öz körpənizlə tez-tez danışmağa cəhd edin, ona nəvazişlə müraciət edin, onun üçün lay-laylar, şerlər, və s. oxşamalar oxuyun. Bir çox valideynlər hesab edirlər ki, yeni doğulmuşlar heç nə anlamırlar, və əksər müraciətləri qəbul etmirlər. Bu heç də belə deyildir! Bu dövrdə uşaq aktiv olaraq informasiya toplayır və ətraf aləmlə tanış olur. 8 aylığından etibarən onunla məşğul olmaq olar və bunu etmək vacib hesab edilir. Bunun necə edilməsi baradə isə, uşaqların inkişaf etdirilməsi üzrə keçirilən, xüsusu hazırlıq kurslarında ətraflı məlumat ala bilərsiniz.

Uşağın yaşı artdıqca onun valideynləri və digər ailə üzvləri ilə olan münasibətləri daha aktiv olmalıdır. Uşaqla mütəmadi olaraq danışmaq, onun gördüyü, öyrəndiyi bu və ya digər əşya və təzahür haqqında nə düşündüyü ilə maraqlanmaq, fikirlərini öyrənmək, ona müxtəlif olaylar, tarixçələr, nağıllar danışmaq, onunla rəsm çəkmək, oyunlar oynamaq, plastilindən fiqurlar düzəltmək lazımdır.

Eləcə də bax:Daim gənc qalmağın ƏN UCUZ YOLU...

Uşağınızın 2-3 yaşı tamam olduqda müxtəlif üsullardan istifadə etməklə onun təfəkkürünün (intellektinin) inkişaf etdirilməsi ilə mütəmadi olaraq məşğul olmaq lazımdır. Bu çox vacib hesab edilir. Təəssüflər olsun ki, valideynlərin əksəriyyəti bu yaşın imkanlarını, uşaqların yeni informasiyalara olan tələbini düzgün qiymətləndirməyərək, onların intellektinin inkişaf etdirilməsi ilə məşğul olmur, bunun üçün qarşıda hələ xeyli vaxt olduğunu düşünürlər. Nəticə etibari ilə belə valideynlər uşaqlarının təfəkkürünün inkişaf etdirilməsi ilə yalnız məktəbə getməzdən 1 il əvvəl başlayırlar. Bu isə bir çox hallarda uşağın yüklənməsinə və yorulmasına, nəticə etibari ilə isə onda məktəbə getməyə və oxumağa qarşı mənfi fikir formalaşmasına səbəb ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır