TİK xəstəliyi - Uzm.Dr.Azer Bagirov
28 NOYABR
611

TİK xəstəliyi - Uzm.Dr.Azer Bagirov

Tiklər qeyri-iradi, ani özünü göstərən, özünəməxsus xüsusiyyətləri ilə fərqlənən, hər hansı bir məqsədə yönəlik olmayan əzələ sıxılmasıdır. Hərəkət çox zaman refleks şəklində insanın iradəsindən asılı olmadan təkrarlanır. Oğlanlarda qızlara nisbətən 3 dəfə çox rast gəlinir. Bir uşaqda bir neçə növ tik ola bilər. Statistika göstərir ki, hər 10 nəfərdən birində tik müşahidə olunur. İnsanlarda istənilən yaş dövründə rast gəlinsə də, ən çox müşahidə olunan dövr uşaqlıq və yeniyetməlik dövrüdür.

Yaş baxımından qruplaşdırsaq, əsasən 3-6 və 12-15 yaşlar arası daha sıx görülür. Niyə məhz bu yaşlarda? Çünki bu yaş dövrləri keçid dövrləri sayılır.

Uşağın bağçaya, məktəbə adaptasiyası başlayır, ağır dərs sistemi ilə yüklənir, yeni dost çevrəsi, yeni müəllimlərlə tanış olur, günün müəyyən hissəsini valideynlərindən uzaqda keçirir, eləcə də yeniyetməlik dövründə özünü təsdiqə meyl artır, adi bir uğursuzluq emosional sferada böyük sıxıntı yaradır. Məhz bu səbəblərdən uşaq və yeniyetmələrdə gərginlik, həyəcan, sıxıntı, özünəqapanma kimi hallar əmələ gəlir ki, bu da tiklərin formalaşmasına şərait yaradır.

Tiklərin hansı növləri var?

Motor

Vokal

Qarışıq

Motor tiklər vücud hərəkətləri ilə bağlı olub, bədənin müəyyən hissələrinin təkrarlı hərəkəti ilə xarakterizə olunur. Məsələn, başı yelləmək, boyunu çevirmək, ayağı və dizi tərpətmək, barmaqları yazı yazırmış kimi hərəkət etdirmək və s.

Vokal tiklər qırtlaq sistemi ilə əlaqədar olub, başqa sözlə səsli tiklər də adlanır. Məsələn, burun çəkmək, boğaz təmizləmə, öskürmə, söhbət əsnasında ehtiyac olmadıqda belə bir sözü dəfələrlə təkrarlama və s.

Əgər tik həm səs, həm də bədən hərəkətləri ilə birgə baş verirsə, bu, qarışıq tiklərə aid olur, daha kəskin forması isə Touretto sindromu adlanır. 

Tiklərin özünəməxsus xüsusiyyətləri hansılardır? 

Tiklər keçici və qalıcı ola bilər. Əgər tik hərəkətləri minimum 3 ay, maksimum 1 ilə qədər davam edib sonra itirsə, bu, keçici tikdir. Yox, əgər 1 ildən artıq davam edib və daha da kəskinləşirsə, bu, qalıcı tik hesab olunur. Tiklərin keçici, yaxud qalıcı olması onun yaranma səbəbi ilə birbaşa bağlıdır. Yaranmasına səbəb kimi irsi amillər və sosial-psixoloji hadisələr göstərilir. Əgər valideynlərdə, eləcə də nəsildə kimdəsə tik problemi olubsa, bu, cinsi xromosomlar vasitəsilə uşağa ötürülür, nəticədə uşağın müəyyən yaş dövründə tik

hərəkətləri meydana çıxır.

Sosial-psixoloji səbəblərə isə aşağıdakılar aiddir.

1.Uşağın sıxıntılarını sözlü olaraq ifadə edə bilməməsi

2.Problemlərini ata-ana ilə bölüşə bilməməsi

3.Yardım almaq mövzusunda çarəsiz qalması

Tiklər uşağın hissi vəziyyəti ilə sıx bağlıdır. Qorxu, həyəcan, diksinmə zamanı meydana çıxır. Adətən, belə uşaqların ailələrində valideynlər vasvası, detalçı, qanuna hədsiz riayət edən olurlar. Digər bir psixoloji səbəbi isə təqliddir. Uşaqlar valideynlərinin, müəllimlərinin, eləcə də ətraflarındakı digər insanların hərəkətlərini təqlid etməyə başlayırlar. Belə təqlid davamlı şəkildə təkrarlanarsa, vərdiş halına keçir və nəticədə tiklər ortaya çıxır.

Əksər vaxtlarda tiklərə tamamlanmamış hərəkətlərin təmsilçisi də deyirlər. Xarakter baxımından davakar, təzyiq və təcavüzə meylli uşaqlar istəklərini reallaşdıra bilmədikdə bu meyl şüuraltına keçir, zamanla bu, əl-qol hərəkətləri şəklində özünü biruzə verir.

Müəllif: Uzm.Dr.Azer Bagirov 

Web: www.azerbagirov.az

Facebook: https://www.facebook.com/drazerbagirov

Əlaqə nömrəsi: (077) 563 55 40 ,(050) 309 40 47

E-mail: [email protected]

Ünvan: Atatürk pr.3087, EGO Psixonevroloji Sağlamlıq Mərkəzi  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır