İntihar davranışı genetikdir? - Tanınmış psixoloq yazır
08 APREL
305

İntihar davranışı genetikdir? - Tanınmış psixoloq yazır

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Bakı şəhərində yerləşən 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva intihar edərək dünyasını dəyişib. Azyaşlının bu cür hərəkət etməsinə onun sinif yoldaşları ilə olan münasibətinin səbəb olduğu bildirilir.  
Tibb.fins.az psixoloq Elnur Rüstəmovun yeniyetməlik dövründə yaranan intihar cəhdləri, onların yaranma səbəbləri və çıxış yolu barəsindəki yazısını təqdim edir:
İntihar, uzun illər üzərində araşdırmalar aparılan çox vacib biososial-psixoloji məqam olmaqla yanaşı, son 30 ildə geniş təhlil olunmuşdu. Xüsusilə, yeniyetməlik dövründə intihar cəhdlərinin artması problemin miqyasını daha da genişləndirmiş və bu sahədə tədqiqat işlərinin, profilaktik tədbirlərin artmasına səbəb olmuşdur. İntihar, ölmək məqsədiylə planlı və qəsdən törədilən cəhd olaraq dəyərləndirilir. Mütəxəssislər intiharda iki əsas mərhələni qeyd etmişlər. Birinci, intiharın insanın özünə zərər verəcək şəkildə reallaşması, ikinci isə intihar davranışının altında şəxsin ölüm istəyinin olmasıdır. Həmçinin intiharla bağlı düşüncələrlə, intiharla bağlı davranışları mütləq şəkildə bir-birindən fərqləndirmək lazımdır. İntiharla bağlı düşüncə ölümlə bağlı fikirləri, intihar cəhdi ilə bağlı məqamları, spesifik planları, intihar üsulunu və intihar düşüncələrinin reallaşdırılmasını ehtiva edir. İntihar davranışı isə intihar cəhdininin tamamlanması, dolayı ilə ölümlə nəticələnməsini əhatə edir.
İntiharın dinamikasını nəzarətdə saxlamaq üçün 7 intihar tipi fərqləndirilir:
1. Psixoz və ya şəxsiyyətin formalaşmaması - özünü öldürməklə bağlı audial (eşitmə) hallüsinasiyaları olur.
2. Özünə yönəlik cinayət (homosid) - bu cür intiharlar başqa insana qarşı aqressiyadan qaynaqlanır. Bəzi səbəblərdən dolayı bu qəzəb kənara deyil, insanın özünə yönəlir. Fərd simvolik olaraq qarşısındakı insanı oldürəcəyini düşünür.
3. Real və ya xəyali tərk oldunduğu üçün intiqam alma - imtina və ya tərk edilməkdən dolayı ətrafındakı insanları qorxudan yeniyetmə, intiharı güc simvolu olaraq istifadə edir.
4. Şantaj və ya öz mənfəətini üstün tutma - bu tip hallarda, yeniyetmə intiharı qorxutma vasitəsi olaraq istifadə edir. "Əgər mənə yaxşı davranmasan, sonra peşman olacaqsan". İntiharın tez-tez səsləndirildiyi ailələrdə bu və öncə qeyd olunan intihar növü mütəmadi qarşılaşılan üsullardır.
5. Sevilən və ya itirilən obyektlərə yenidən qovuşma - vəfat edən valideyn, nənə-baba ilə yenidən birlikdə olmaq üçün vasitə kimi qəbul olunur.
6. Bağışlanmaz günahların kompensasiyası - günahkarlıq və neqativ duyğulardan xilas olmağın yeganə yolu olaraq intihar seçilir.
7. Kömək üçün ağlamaq - problemin əsas səbəbindən asılı olmayaraq yeniyetmə narahatlığı olduğunun fərqindədir və bu problemi aradan qaldırmaq üçün intihara üstünlük verir.
İntihar edərkən istifadə olunan üsullar
İntihar cəhdi edən insanlar üzərində aparılan tədqiqatların 70%-də hədsiz dozada dərman istifadə etdiyi, intihar edənlərin 63%-nin isə silaha üstünlük verdiyi aşkar olunmuşdur. Özünü zəhərləmə, asma, kəsmə, yandırma, maşının önünə atma yeniyetməlik dövründə tez-tez rastlanılan üsullar sırasındadır. Digər araşdırmalara əsasən qeyd olunmuşdur ki, yeniyetmələrin böyük bir qismi hündür yerdən atlanmaqla intihar edir.
Yeniyetmə intiharlarında risk faktorları
Risk faktorlarını müəyyənləşdirmək intiharın qarşısının alınması üçün əhəmiyyətli məqamların ilkidir. Daha əvvəl intihar cəhdinin olması yeniyetmə intiharlarında vacib risk faktoru hesab olunur. Lakin tamamlanmış intiharı olan yeniyetmələrin sadəcə 10-40%-də əvvəlcə intihar cəhdinin olması digər risk faktorlarını da dəyərləndirməyi zəruri edir. Digər risk faktorları arasında psixopatoloji, ailə, bioloji və situativ faktorlar xüsusi əhəmiyyət daşıyır.
Psixopatoloji risk faktorları
İntihar edən yeniyetmələr üzərində aparılan psixoloji autopsiya işlərinin nəticəsində psixiatrik pozuntuların intihar davranışının dinamikasında yer alan ən əhəmiyyətli faktor olduğu aşkarlanmışdır. Bu psixiatrik pozuntular arasında depressiv pozuntular və maddə istifadəsi ilk sıralarda yer alır. Tədqiqatçılar, intiharların 90%-nin asılılıq və mental pozuntularla əlaqəli olduğunu düşünürlər. Yeniyetməlik dövründə intiharla bağlı qarşılaşılan digər psixiatrik pozuntular arasında affektiv, ünsiyyət və borderline şəxsiyyət pozuntusu qeyd edilir. Şizofreniyanın, yetkin insanlarda intiharlar üçün vacib risk faktoru olduğuna baxmayaraq, bütün yeniyetmə intiharlarının yalnız kiçik bir qismində bu pozuntuya rast gəlinir.
Ailə ilə bağlı faktorlar
Ailənin intiharla bağlı keçmişi, ailədəki mental və psixiatrik narahatlıqlar da intihar riskini artırır. İqtisadi sıxıntı, ailədaxili konfliktlər və itkilər, valideynlərin ayrı yaşaması, yenidən evlənməsi, ailə üzvlərindən birinin əvvəllər intihar cəhdi etməsi, ailə üzvlərində depressiya və maddə istifadəsi risk faktorları arasında qeyd olunur. İntihara təşəbbüs edən yeniyetmələr ailələrini laqeyd, imtina edən və dəstək olmayan fərdlər kimi dəyərləndirirlər. Digər faktor isə intihar cəhdi edən yeniyetmələrin daha çox ruhi problemi və alkoqolizmdən əziyyət çəkən şəxslərin ailəsində böyüdüyünü qeyd edir. Göstərilən məqamların hər biri ailələr üzərində uzun müddətli tədqiqatlar əsasında müəyyənləşdirilmişdir.
Bioloji faktorlar
Neyrokimyəvi sahədə aparılan bəzi tədqiqatlar serotonin hormonunda funksional pozuntu ilə intihar arasındakı münasibəti tam olaraq açıqlamışdır. Belə ki, serotoninin azalmasıyla intihar davranışının artdığı müşahidə edilmişdir. Tədqiqatçıların böyük qismi oxşar şəkildə xüsusilə intihar cəhdi edən yeniyetmələrin serotonin səviyyələrinin aşağı olmasının növbəti intiharın tamamlanması baxımından vacib faktor olduğunu qeyd edirlər.
Situativ risk faktorları
Risk faktorları vəhdət şəkildə olduqda intihara meyillilik daha yüksək olur. Yeniyetməlik dövründəki intiharların 40%-də imtina olunma, istənilməyən hamiləlik, məktəbdə uğursuzluq, dalaşmaq, sevgilisindən ayrılma, ailə ilə bağlı problemlər risk faktoru kimi qeyd olunur. Yeniyetməlik dövründə vacib stress faktorları arasında travmatik yaşantılar, itkilər, iqtisadi problemlər, sosial dəstək sistemlərinin qeyri-kafi olması və tabu krizləri də sayılır. İntihar cəhdi edən 15 yaşından aşağı uşaqlarda bu davranışdan əvvəl məktəbə getməmə və ya bənzər fenomenlərin olduğu müşahidə edilir. Yeniyetmə bilavasitə məktəbə getməməklə sosial izolyasiya olur və nəticədə intihar davranışı törətməyə meyillilik daha yüksək səviyyədə müşahidə olunur. İntihar cəhdinə səbəb kimi koqnitiv faktorlar və yetkin intiharlarında olduğu kimi burada da ümidsizlik və intihar arasında əlaqə olduğunu qeyd etmək mümkündür.
Bütün qeyd olunanlarla yanaşı intiharla bağlı yanlış düşüncələr var ki, bunlardan aşağıdakıları qeyd edə bilərik:
- Yeniyetmə intiharları azalır - 1950-ci ildən etibarən yeniyetmələr üzrə intihar cəhdləri 3 dəfə artmışdır.
- Yeniyetmələrin digərlərini qətlə yetirmələri intihar etmələrindən daha çox yayılıb.
- Yeniyetmələr heç bir işarə olmadan intihar edirlər - intihar edən hər 10 yeniyetmədən 9-u intihar etməzdən əvvəl müəyyən işarələr verir. Xəbərdarlıq siqnalları arasında depressiv vəziyyət, maddə istifadəsi, əvvəl zövq aldıqları nəsnələrə qarşı laqeydlik, diqqət defisiti, izoliyasiya, daxilə qapanma, ölüm düşüncəsi, yuxu problemləri və verbal işarələr (kaş ölsəydim...), qeydlər yazma və əşyalarını başqalarına vermə xüsusi yer tutur.
- İntihar haqqında danışan yeniyetmələr intihar cəhdi etməz və tamamlanmış intihar olmaz - ən vacib xəbərdarlıq siqnallarından biri insanın davamlı ölüm haqqında danışmasıdır. Yeniyetmənin intiharla bağlı qorxutmaları birmənalı şəkildə ciddi qarşılanmalı və yardım üsulları axtarılmalıdır.
- İntihar cəhdi edən yeniyetmələrin əksəriyyəti həqiqətən ölmək istəyirlər - yeniyetmələrin böyük bir qismi psixoloji əzablarından qurtulmaq üçün ölümlə yaşamaq arasında tərəddüd keçirirlər. Bu cür ambivalent duyğular haqqında danışmaq  intihar cəhdini 80% azaldır.
- Yeniyetmələrlə intihar haqqında danışmaq və ya onlara təlim vermək, intihar riskini artırır - məktəbdə oxuyan yeniyetmələrin 3/4-nün intiharla bağlı məlumatları olsaydı dostlarına yardım edəcək ilk insan olardılar. Təlim proqramları yeniyetmələri risk altındakı dostlarını tanımalarına kömək etməklə yanaşı, lazım olduqda yardım almalarını da asanlaşdırar.
- Yeniyetmələrin intihar düşüncəsi olan insanla əlaqəsi yoxdur - Amerikada orta məktəbdə oxuyan 400 şagird üzərində aparılan tədqiqatda şagirdlərin təxminən yarısının intihar cəhdi olan dostundan xəbərdar olduğu aşkarlanmışdır.
- Qız və oğlan yeniyetmələrin intihar davranışında heç bir fərq yoxdur - Qız yeniyetmələr intihar haqqında daha çox düşünərkən və daha çox intihar cəhdi edərkən, oğlan yeniyetmələrdə tamamlanmış intihar faizi qızlara nisbətdə daha çoxdur.
- Qızlarda tamamlanmamış intiharların faiz göstəricisi aşağı olduğundan intihar cəhdi ciddi qarşılanmamalıdır - tamamlanmış intiharlarda ən vacib göstəricilərdən biri əvvəlki intihar cəhdidir. Bunun üçün cinsiyyət ayrıseçkiliyi edilmədən bütün intihar cəhdləri ciddi qarşılanmalıdır.
- Tamamlanmış intiharlarda ən geniş üsul hədsiz dozada dərman qəbul edilməsidir - 1994-cü ildə intihar edənlərin 67%-i silahdan istifadə edib. Silah əldə etmənin qarşısının alınması 15-24 yaş arası yeniyetmələrdə intihar səviyyəsinin əhəmiyyətli sayda enməsinə səbəb olmuşdur.
- İntihar davranışıyla maraqlanan bütün yeniyetmələr mental baxımdan xəstədirlər - yeniyetmələrin böyük bir qismi həyatlarında ən az bir dəfə intihar haqqında düşünüblər. İntihar cəhdi olan və ya intihar edən yeniyetmələrin əksəriyyətində psixotik pozuntu yoxdur. Yeniyetmələrlə bağlı aparılan psixoloji autopsiya işlərində ölüm anında rasional və məntiqli olduqları göstərilmişdir.
- Əgər bir yeniyetmə ölmək istəyirsə heç bir şey ona mane ola bilməz - xəbərdarlıq siqnallarını müəyyənləşdirmək və təhlükə anında yardım etmək öldüqca vacibdir. Məktəbdə çalışan mütəxəssislərin bu risk faktorlarını və kriz anında necə reaksiya verəcəyini bilməsi mütləqdir.
- İntihar davranışı genetikdir - intiharla bağlı spesifik gen qeyd olunmur.
- Sadəcə iqtisadi baxımdan aşağı səviyyəli ailələrdə böyüyən yeniyetmələr intihar edir - hər növ sosio-iqtisadi səviyyədə intihar davranışı müşahidə olunur.
- Sadəcə psixoloq və ya psixiatr yeniyetməyə yardım edə bilər - intiharı düşünən yeniyetmələrin böyük bir qismi bu düşüncə olduğu təqdirdə mütəxəssisə müraciət etmək əvəzinə ilk növbədə yaxınlarına müraciət edirlər.
Nəticə
Son dönəmlərdə intihar cəhdlərinin artması səbəbiylə geniş miqyaslı tədbirlər görmək, maarifləndirmə işləri aparmaq mütləqdir. Məsələyə ciddi şəkildə yanaşılaraq ilk öncə məktəblərdə, valideynlər və uşaqlar arasında bununla bağlı təlimlər keçirilməli və təhlükə anında mütləq şəkildə psixoloqa müraciət edilməlidir. Bu hal zaman keçdikcə intihar düşüncələrinin və davranışının əhəmiyyətli səviyyədə azalmasına gətirib çıxarar.
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır