Dərs başlayandan uşaqlarda belə şikayətlər artıb
08 OKTYABR
276

Dərs başlayandan uşaqlarda belə şikayətlər artıb

6 yaşlılar arasında əsəb, yuxu, davranış pozğunluğu, iştahsızlıq kimi şikayətlər çoxalıb.

Fins.az axar.az-a istinadən bildirir ki, bu sözlərlə pediatr Vaqif Qarayev çıxış edib. Həkim bildirib ki, yeni dərs ili başlayandan xüsusilə aşağı yaşlılar arasında belə problemlər qaçılmaz olub.

Pediatrın sözlərinə görə, məktəb yaşı 6-dan hesablansa da, bu yaşda uşaqlar üçün məktəb mühiti hələ çox yaddır: "Bu yaşda uşaqlar məktəb mühitinə çətin adaptasiya olurlar. Həm fiziki, həm də psixoloji baxımdan. Hamısına şablon düşüncə ilə yanaşmamalıyıq. Hər uşağa fərdi yanaşılmalıdır. Məktəbdə az da olsa müəllim basqısı var, evə gələn kimi valideyn basqısı da başlayır. Gəlin qəbul edək ki, məktəbə yeni başlayan uşağa oynamaq, əylənmək üçün vaxt vermir valideynlər. Nəticədə də əsəb, yuxu pozğunluğu, iştahasızlıq, davranış pozğunluğu qaçılmaz olur".

Bu kimi problemlərin yaşanmaması üçün həkim bəzi məsləhətlər də verib. V.Qarayev bildirib ki, valideynlər uşağının qavrama qabiliyyətinə görə hərəkət etməli, xüsusilə birincilərə daha səbirlə yanaşmalıdır:

"Valideynlər başa düşməlidir ki, hər xırda səhvə görə uşağı danlamaq düzgün deyil. Bu, onun dərsə həvəsini daha da öldürür. Mövzümlə bağlı havalar tez-tez dəyişdiyi üçün bu da uşaqların əhvalına təsirsiz ötüşmür. Yaxşı olar ki, yuxudan dura bilməyəndə, çətinlik çəkəndə, gün ərzində uşaq bir qədər aqressiv olanda valideynlər bunu anlayışla qarşılasın. Yaxşı olar ki, xüsusilə belə günlərdə valideynlər uşaqla daha mehriban davransın".

Həkim səhər yuxudan durmaqda əziyyət çəkən uşaqların axşam 21:30-da yatmalı olduğunu deyib: "Dərsdən sonra isə 2-2,5 saat yatsa, bu, uşağın yorğunluğunu aradan qaldıra bilər. Uşaq evə gələn kimi onu dərs oxutdurmağa çalışmaq lazım deyil. Mütləq dincəlməli, daha sonra dərsə başlamalıdır. Xüsusilə bu kimi problemlərdən əziyyət çəkən uşaqları dərsdən sonra hansısa dərnəklərə aparmaq məsləhət deyil. Yaxşı olar ki, uşaq onun üçün hələlik çətin olan bu mərhələni adlayandan və dərs mühitinə alışandan sonra real həvəsi olan dərnəklərə yönləndirilsin".

Həkim bildirib ki, 6 yaşda birdən-birə fərqli mühitə düşən uşağın sağlamlığı üçün qidası də vacibdir. V.Qarayevin sözlərinə görə, uşaqlara evdə hazırlanmış buterbrodların qoyulması daha məsləhətdir:

"Mağazada hazır satılan şirniyyatlardansa, yaxşı olar, analar evdə şirniyyat hazırlasın və ya uşaq üçün buterbrod düzəltsin. Evdə saat 9-da durub yemək yeməyə adət etmiş uşaq indi səhər 7-də durmağa məcbur olduğu üçün dərs qurtarana qədər bir neçə dəfə acımış olacaq. Bu səbəbdən yaxşı olar ki, valideynlər uşaqlara buterbrodla yanaşı, evdə hazırlanmış şirniyyat və meyvə də qoysun. Bu həm onu gün ərzində tox tutacaq, həm də əlavə nəsə almağa ehtiyac duymayacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır