Mədəsi qıcqıranların DİQQƏTİNƏ: həyatınız təhlükədə ola bilər
16 MAY
337

Mədəsi qıcqıranların DİQQƏTİNƏ: həyatınız təhlükədə ola bilər

Qıcqırma və gəyirmə ən çox rast gəlinən şikayətlərdən biridir.

Mədə möhtəviyyatının geriyə atılması, yəni mədə möhtəviyyatı ilə gəyirmə bəzən çox əziyyətli olur və uzun müddət davam etdikdə ciddi ağırlaşmalarla nəticələnir. Xəstə üçün narahatlıq yaradan ağırlaşmış mədə reflüksü Qastroezofagial reflüks xəstəliyi (QERX) kimi qiymətləndirilir. Son araşdırmalara görə, QERX-li xəstələrin sağlamlıqla əlaqədar həyat keyfiyyəti şəkərli diabet, arterial hipertenziya, orta dərəcəli ürək çatışmazlığı və artrit kimi xəstəliklərindən daha aşağıdır.

QERX diskamfort yaradan qıcqırma və regurgitasiya ilə başlayan, gələcəkdə ezofagitlə və peptik strikturalarla, ağır hallarda isə yüksək maliqlinizasiya riskinə malik olan Barret qida borusu ilə və hətta həyat təhlükəli ağırlaşması olan qida borusunun xərçəngi (Adenokarsinoması) ilə nəticələnə bilən geniş klinik təzahürlər spektri ilə səciyyələnir.

Reflüks kliniki baxımdan ciddi bir simptomdur, belə ki, onun xəstələrdə uzun müddətli müşahidə olunması qida borusu adenokarsinomasının yaranma riskini 7 dəfə artırır. 
Qıcqırma və ya regurqitasiya ilə təzahür edən Qastroezofagial reflüks xəstəliyinin başqa əlamətlərinə disfagiya (udma aktının pozulması), udqunmada ağrı (odinofagiya), hıçqırma, həmçinin ürəkbulanma, qusma da daxildir. Bəzi xəstələrdə yuxu pozulması da ola bilər.

Qıcqırmaya (QERX-in yaranmasına) səbəb olan amillər:

- Alkoqol və kofein qəbulu

- Siqaret çəkmə

- Aşağı ezofaqal sfinkterdə normal təzyiqin azalması (bu, həm qıcıqlandırıcı qida qəbulu, həm antixolinergik, həm də spazmolitik təsirli nitratlar və ya kalsium antaqonistləri kimi müxtəlif dərmanlar qəbulu nəticəsində baş verir)

- Hamiləlik dövrü

- Peristaltika zəifliyi

- Sklerodermiya

- Mədə boşalmasının gecikməsi

- Uzanmış və ya əyilmiş vəziyyətdə uzun müddət qalmaq

- Diafraqmal yırtıq

Bəzən QERX-də müşahidə olunan qida borusundan kənar ağrılar stenokardiya tutmalarını xatırladır. Astmalı xəstələrin 44%-də, xroniki öskürəkli xəstələrin 50%-də, döş qəfəsinin qeyri-kardial ağrıları olan xəstələrin 54%-də diqqətli müayinədə QERX aşkar olunur. Xəstələrin 25%-də davamlı boğaz ağrısı qeyd olunur. Udqunma zamanı boğazda yad cism duyğusu isə 50% hallarda məhz QERX ilə əlaqələndirilir. 55–79% xəstələrdə isə LOR həkimlərin müalicəsinə gələn davamlı batıq və xırıltılı səs xəstələrdə mədə turşuluğunun həddən artıq yüksək göstəricisi aşkar olunur.

Astma və xroniki öskürək mədə möhtəviyyatının çox xırda hissəciklərinin və damcılarının tənəffüs yollarına aspirasiyası və bronxların qıcıqlanması nəticəsində azan siniri refleksinin təzahürü ilə izah olunur. Beləliklə, əsası olmayan davamlı öskürəyin əsas səbəblərindən biri QERX hesab olunur.

QERX-in ən təhlükəli ağırlaşmaları barret tipli qida borusu və ezofagial adenokorsinomadir (qida borusu xərçəngi).

QERX-in gedişinin daha bir qeyri-adi ağırlaşması diş minasının eroziyasidir. Belə ki, davamlı qıcqırma, turş möhtəviyyatın gəyirilməsi, ağızda davamlı turş dadın mövcudluğu diş minasının eroziyasına səbəb olur. Zədələnmiş dişlər hərarət və mühit dəyişikliklərinə çox həssas olurlar.

Qastroezofagial reflüks xəstəliyinin vaxtında effektiv müalicəsi nəticəsində simptomların sağalmasına, ağırlaşmaların olmamasına, sağlamlıqla əlaqəli həyat keyfiyyətinin yüksəlməsinə və əlavə xərclərin aradan qaldırılmasına nail olmaq mümkündür.

©Aile.lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır