Milyonlarla insanın bəlasına çevrilmiş xəstəliyin səbəbi tapıldı
20 İYUN
725

Milyonlarla insanın bəlasına çevrilmiş xəstəliyin səbəbi tapıldı

Müasir dövr insanının ən böyük problemlərindən biri də piylənmədir. "Fast-fud" qidalar, yağlı, konserv olunmuş məhsullar, həmçinin oturaq həyat tərzi insanların piylənmədən əziyyət çəkməsinə təsir edir. Həmin insanlar artıq çəkidən xilas olmaq üçün aylarla, illərlə diyet saxlasalar belə, bəzən nəticə əldə edə bilmirlər. Bəzən bunun səbəblərindən biri kimi isə hormon pozğunluğu göstərilir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, piylənmənin əsas səbəblərindən biri düzgün qidalanmamaqdır: "İndi bizim qidalanmamız dəyişib. Qida rasionumuza xeyli müxtəlif konserv olunmuş qidalar daxil etmişik. Təbii tərkibli qidaların xüsusi çəkisi xeyli aşağı düşüb. Bu da insanların immun sistemində, maddələr mübadiləsində öz rolunu göstərir. Piylənmənin əsas səbəblərindən biri də və düzgün qidalanmamaqdır". 

Professorun fikrincə, piylənməyə digər səbəbi hərəkətsizlikdir: "İnsanlar son zamanlar tənbəlləşib. Piyada gəzməkdən, idman etməkdən, ümumiyyətlə hərəkətdə olmaqdan qaçırlar. Buna görə də piylənmə baş verir. Orqanizmdə kalori itirmək ilə kalori qəbulu arasında balans olmalıdır. Balans itdikdə kökəlmə prosesi gedir".

A.Qeybulla deyib ki, bu xəstəlikdən xilas olmaq istəyən şəxs mütləq diyetoloqa müraciət etməlidir: "Diyetoloq əvvəlcə mütləq şəkildə qalxanabənzər vəzi, hormonları, qanı və D vitaminini yoxlamalıdır. Bundan sonra isə xəstə diyetə başlamalıdır. Onu da qeyd edim ki, diyet sadəcə piylənməyə meylli olan qidalardan uzaqlaşmaqdır".

"Qidalanmanı elə qurmaq lazımdır ki, orqanizm doymamış yağ turşuları, mineral maddələr və digər maddələri də qəbul etsin. Orqanizmə vitaminlər lazımdır. Əks halda diyet insanlarda bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər. Məhz bu halları aradan qaldırmaq üçün mütləq şəkildə peşəkar diyetoloqa müraciət etmək lazımıdır", — deyə professor əlavə edib. 

Diyetoloq Tutu Zeynalova da deyir ki, artıq çəkidən əziyyət çəkən xəstənin ilk növbədə hormonları yoxlanmalıdır: "Hormonların və digər lazımı analizlərin cavablarına baxdıqdan, piylənmənin səbəbini müəyyən edəndən sonra isə arıqlama proqramına başlamaq olar. Əgər xəstədə hormonal problem varsa, diyetoloq onu endokrinoloqa yönləndirməlidir. Endokrinoloq müalicə yazdıqdan sonra arıqlama proqramı başlayır. Əks halda nəticə əldə etmək mümkün olmaz".

Z.Zeynalova onu da vurğulayıb ki, piylənmədən əziyyət çəkən xəstələr diyetoloq seçərkən diqqətli olmalıdırlar. Mütləq şəkildə peşəkar həkim-diyetoloqa müraciət etməlidirlər. Çünki hazırda bu işlə məşğul olan qeyri-peşəkarlar çoxalıb: "Təəssüflər olsun ki, hazırda ölkəmizdə gözəllik salonlarında çalışan sıravi işçilər belə diyet menyusu tərtib edirlər. Bu da sonradan xəstələrdə daha ciddi fəsadlara yol açır, problemlərə səbəb olur". (Sputnik Azərbaycan)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır