Hamiləlik zamanı şişkinlik - Dr.Aynura Abdullayeva
12 İYUL
2094

Hamiləlik zamanı şişkinlik - Dr.Aynura Abdullayeva

Əlaqə mömrəsi: +994554731155

Sosial: Dr.ginekoloq.aynura

Hamiləlik zamanı qadınların əksəriyyətində (xüsusilə hamiləliyin sonuna yaxın) ödemlər (şişkinlik) müşahidə olunur.
Qadın fikir verir ki, ayaqqabılar ona dar olur, üzük barmaqdan çıxmır və s. Bir çox qadınları belə dəyişikliklər narahat edir, qorxudur. Lakin əksər hallarda narahatçılıq üçün ciddi səbəb olmur.
- Hamiləlik zamanı qadının orqanizmində baş verən dəyişikliklər orqanizmdə dövr edən mayenin çoxalmasına səbəb olur. Belə ki, hamiləlik zamanı qadının orqanizmində yeni əlavə qan dövranı - ciftin qan dövranı əmələ gəlir. Bu qan dövranı vasitəsi ilə dölə lazım olan qidalı maddələr və oksigen çatdırılır, parçalanma maddələri və karbon qazı isə çıxardılır. Təbii ki, bunun nəticəsində qanın həcmi orqanizmdə artmalıdır. Hamiləlik zamanı qadının orqanizmində dövr edən qanın həcmi, demək olar, 2 dəfə artır.
Digər tərəfdən orqanizm gələcək doğuşda qanın itirilməsini "bilərək" qanın ehtiyatını yığır.
- Hamiləlik zamanı çoxlu miqdarda ifraz olunan və hamiləliyin normal inkişafını təmin edən progesteron hormonu orqanizmdə mayenin və duzların yığılmasına səbəb olur.
- Hamiləlik zamanı böyümüş uşaqlıq aşağı ətrafların damarlarına güclü təzyiq edir. Bu isə bir çox qadınlarda varikoz xəstəliyinin inkişafına səbəb olur. Varikoz xəstəliyi zamanı damarlar genişlənir, onlarda qan durğunluğu yaranır. Nəticədə ayaqlarda şişkinlik əmələ gəlir.
Bütün sadaladığımız amillər hamiləlik zamanı (xüsusilə hamiləliyin sonuna yaxın) ödemlərə səbəb olur. Cüzi ödemlər fizioloji sayılır, qadının və uşağın səhhəti üçün heç bir təhlükə yaratmır. Adətən belə ödemlər axşam daha çox gözə çarpır, səhər isə qadın yatıb dincəldikdən sonra azalır və ya tam yox olur.
Lakin arterial təzyiqin artması və sidikdə zülalın artması ilə müşayiət olunan güclü ödemlər təhlükəlidir. Bu ürək və böyrək xəstəliklərinin, hestozun (gecikmiş toksikoz) əlaməti ola bilər. Bu halda qadın mütləq həkimə müraciət etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır