Günü-gündən arıqlayırsızsa - Səbəbi bu ola bilər
17 İYUL
100

Günü-gündən arıqlayırsızsa - Səbəbi bu ola bilər

Əslində, həkimlər insanın kökəlməsindən çox, arıqlamasından qorxurlar. Düzdür, köklük özü də xəstəlikdir. Amma qəfil arıqlamaq qədər qorxulu ola bilməz. Söhbət heç bir pəhriz, idman, tablet, fiziki aktivlik və qida rejimi olmadan qısa müddətdə qəfil kilo verməkdən gedir. Orqanizmdə baş verən bu dəyişiklik əsəb sistemindən tutmuş onkoloji xəstəliyə kimi işarə ola bilər.
Ona görə arıqlamağınıza görə sevinməkdən öncə niyə arıqladığınızın səbəbini araşdırın. Medicina.az qəfil arıqlamağın səhhətlə bağlı səbəblərini təqdim edir.
Psixi pozuntular, stress, depressiya
İlk növbədə sinir anoreksiyası başlaya bilir, insanın bədəni, obrazı dəyişir, insan qidadan könüllü imtina edir, getdikcə bədən forması özünün xoşuna gəlir və kökəlməkdən qorxaraq yemir. 
Xroniki depressiya dərinləşdikcə, insanın hər şeyə, həmçinin yeməyə marağı itir, bu da güclü arıqlamağa səbəb olur. Iştahdan ümumiyyətlə kəsilmək, depressiyanın birinci əlamətidir. Çox vaxt əsəbi və nevroz adamlar əksinə yeməyə meyilli olur, amma bununla belə kökəlmirlər. Bu da əsəbə bağlı arıqlama kimi qəbul olunur. 
Çox adamlarda çəkinin qəfil azalması şizofreniyanın  ilkin əlamətidir. Pasiyentin dad və qoxu bilməsi dəyişir, özünə yemək hazırlamaq və yemək yeməyə belə tənbəllik edir. 
Sinir, əsəb mənşəli ekstremal arıqlamada psixiatr köməyi və müalicə lazımdır.
Hipertireoz
Qalxanabənzər vəzin normadan artıq aktivliyi, relsdən çıxması, hormonal pozğunluq və maddələr mübadiləsinin sürətləndirilməsi baş verir.  Orqanizm daha çox enerji sərf edir, qida ilə aldığı enerji tükənir, yetmir.  Ona görə idman və pəhrizsiz sürətlə arıqlayır. Hipertireozda bəzi xəstələr əksinə kökəlir.  Bu xəstəlikdə çəki itkisinin qarşısını almaq və əvvəlkiyə çəkiyə qayıtmaq üçün hormonal balansı normallaşdıran dərmanlar qəbul etməlidir. 
Bağırsaqların iltihabi xəstəlikləri
Kron xəstəliyi və xoralı kolitdə müntəzəm olaraq diareya baş verdiyindən yeməyə qarşı ikrah və qorxu hissi yaranır. Üstəlik bağırsaqlar qidadan faydalı maddələri sovura bilmir. Bu da arıqlamağa səbəb olur. 
Bağırsaq problemləri olan insanlara az-az, tez-tez yemək məsləhətdir.  Balanslaşdırılmış qidalanmaya keçməli, çox maye qəbul etməli, vitamin, minerallar qəbul olunmalıdır.
Və ən təhlükəlisi – XƏRÇƏNG təhlükəsi
Təəssüf ki, səbəbsiz çəki itirmək və hədsiz arıqlamaq və ətrafdakıların sizi tanımaması 40% hallarda xərçəng ilə əlaqəli olur.  Xüsusən də xərçəngin son mərhələsində pasiyent çox arıqlayır, hətta kaxeksiya  baş verir, yəni insan nəinki piy, həmçinin əzələ kütləsini itirir.  Xəstənin iştahı da itir, ürəkbulanma, qusma, qəbizlik, ağrılar, yeməyin dadını itirmək, çeynəmək və udmaq problemi də buna qoşulur. 
Əgər diaqnoz təsdiqlənərsə, xəstənin çəki alması mütləqdir, çünki müalicə və kimyaterapiya xəstədən güc, əzələ tələb edir.
QİÇS
QİÇS-ə yoluxmuş insan zamanla arıqlayacaq, çünki qidalı maddələr lazımi qədər orqanizmə daxil olmur.  Belə xəstələrdə  qida çeynənməsi ağızda ağrı verir, damaq və ağız boşluğunda yaralar əmələ gəlir. Bu simptomlar insanın immunitetinin kəskin zəifləməsi ilə əlaqədardır.  Bu xəstələr daha çox zülal qəbul etməlidirlər. 
Şəkərli diabet
Əlbəttə ki, diabet, çeliakiya, vərəm kimi xəstəliklər də çəki itirməyə səbəb olur. Bu xəstəlikləri diaqnostika etmək elə də çətin deyil. 
Odur ki, sürətlə arıqladığınızda sevinməklə yanaşı işinizi möhkəm tutub, həkimdə müayinə olmağınızda fayda vardır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır