Sonsuzluğa səbəb olan amillərin arasında əsas yerlərdən birini tutur - Boru sonsuzluğu
19 İYUL
2580

Sonsuzluğa səbəb olan amillərin arasında əsas yerlərdən birini tutur - Boru sonsuzluğu

Əlaqə mömrəsi: +994554731155

Sosial: Dr.ginekoloq.aynura

Uşaqlıq borularının keçiriciliyinin pozulması sonsuzluğa səbəb olan amillərin arasında əsas yerlərdən birini tutur.
Uşaqlıq boruların funksiyaları çox mühümdür. Ovulyasiya olduqdan sonra yetişmiş yumurta hüceyrəsi yumurtalığı tərk edir. Bu zaman yumurtalığa yaxın yerləşən uşaqlıq borularının saçaqlı çıxıntıları - fibriyalar - öz hərəkətləri ilə yumurta hüceyrəsini uşaqlıq borusuna qovur. Daha sonra yumurta hüceyrəsi uşaqlıq borusunun daxili divarlarını örtən kiçik kipriciklərin hərəkətləri ilə uşaqlıq borusunun ampulyar hissəsinə çatdırılır. Burada spermatozoidlər olduqda mayalanma baş verir. Spermatozoidin və yumurta hüceyrəsinin birləşməsindən əmələ gələn yeni hüceyrə uşaqlıq borusunun vasitəsilə uşaqlıq boşluğuna çatdırılır. Beləliklə, uşaqlıq borusu çox vacib "nəqliyyat" funksiyasını yerinə yetirir. Əgər bu prosesdə cüzi də olsa pozulmalar baş verərsə, müxtəlif və çox ağır fəsadlar inkişaf edə bilər. Belə ki, uşaqlıq borunun mənfəzi tam və ya qismən bağlı olduqda mayalanmış yumurta hüceyrəsi uşaqlığa çata bilmədiyinə görə borunun divarına implantasiya edir (birləşir) və nəticədə çox təhlükəli bir hal - uşaqlıqdan kənar hamiləlik (boru hamiləliyi) inkişaf edir. Digər tərəfdən uşaqlıq boruları tam bağlı olduqda boru sonsuzluğu inkişaf edir.
Uşaqlıq borularının keçiriciliyinin pozulmasının ən yayılmış səbəbi iltihabdır. Bu iltihabın səbəbi isə cinsi yolu ilə keçən infeksiyalar, abortdan sonra baş vermiş infeksion ağırlaşmalardır. Bu iltihabi prosesin nəticəsində kiçik çanaq boşluğunda bitişmələr (sinexiyalar) əmələ gəlir. Bitişmələr borunun mənfəzini tam və ya qismən bağlaya bilər, borunu daralda bilər, fibriyaların quruluşunu poza bilər və s. Uşaqlıq borusu və yumurtalıq arasında olan bitişmələr ovulyasiyadan sonra yumurtalıqdan çıxan yumurta hüceyrəsinin boruya düşməsinə mane olur.
Uşaqlıq boruların keçiriciliyinin pozulmasına səbəb olan infeksiyalardan biri xlamidiozdur. Təəssüf ki, bir çox hallarda xlamidioz özünü heç bir əlamətlə büruzə vermir. Həkimlərin müşahidələrinə görə, borularında problemlər olan qadınların yarısından çoxunda xlamidioz aşkar olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır