Anemiyanın əlamətləri və profilaktikası
05 SENTYABR
470

Anemiyanın əlamətləri və profilaktikası

Hər insan həyatında bir dəfə də olsun anemiya sözü ilə qarşılaşır. Bu patoloji vəziyyət adətən qanazlığı da adlandırılır. Adətən insanlar anemiyaya ciddi pozuntu kimi yanaşmır və onun sağlamlığa vura biləcəyi zərərləri gözardı edirlər. Anemiya nədir və onun ilkin əlamətləri hansılardır? Bu məsələyə aydınlıq gətirmək mütləqdir.

Tibb.fins.az rus tibb saytlarına istinadən xəbər verir ki, anemiya qanda qan hüceyrələrinin sayının və ya qanın ümumi həcmində eritrositlərin və hemoqlobinin miqdarının azalması ilə meydana çıxan problemdir. Bu, müxtəlif xəstəliyi müşayiət edən patoloji hal da ola bilər.

Əlamətləri

Xəstəliyin ümumi əlamətlərinə dəridə baş verən dəyişikliklər (solğun görünüş, qabıq vermə, soyuqluq. Bəzən dəri sarı rəng də ala bilər.), halsızlıq, yuxululuq, baş gicəllənməsi hallarının artması aiddir. Anemiya ağır formada davam edərsə, bu zaman ürək gedməsi halları da ola bilər. Adətən bu problem yarandıqda gözün ağ hissəsi sarı rəng alır, tənginəfəslik yaranır, əzələ tonusu aşağı düşür. Problemdən əziyyət çəkən insan mütəmadi olaraq tərləməyə başlayır. Tər soyuq və yapışqan şəklində olur. Qida borusu sistemində pozuntular (ishal və qusma), eləcə də yuxarı və aşağı ətraflarda yüngül sancmalar meydana çıxa bilər. Xəstəlik mütəmadi baş ağrıları, aşağı təzyiq, ürək döyüntülərinin çoxalması və bəzən döş qəfəsində ağrılarla müşahidə olunur. Dalağın ölçülərində böyümə müşahidə edilir.

Yaranma səbəbləri

Təəssüf ki, qanazlığı müxtəlif səbəblərdən yarana bilər. Onların arasında ən geniş yayılmışları orqanizmdə dəmir, fol turşusu kimi bəzi elementlərin və B12 vitaminin çatmazlığıdır. Lakin problemin yaranmasına yol açan digər faktorları da gözardı etmək olmaz. Bunlara genetik anemiyalar, düzgün qidalanmama, xroniki xəstəliklər, şişlər, iltihabi proseslər, dərman preparatları və zəhərlənmələr aiddir.

Profilaktikası

Elmi məqalələrdə problemin yaranmaması üçün ilk profilaktik tədbir olaraq düzgün qidalanma göstərilir. Buna görə uşaqlar hər gün 0,5-1,2 mq, böyüklər isə 1-2 mq dəmir qəbul etməlidirlər. Orta statistik qida sxeminə görə gündə 5-15 mq dəmir qəbul etmək olar. Lakin bədəndə bu elementin yalnız 10-15 faizi sovrulur.

Əsas dəmir mənbəyi heyvan mənşəli qidalardır. Bu element əsasən qoyun və mal əti, eləcə də qara ciyərdə olur. Dəmir elementinin ən az olduğu qidalar isə toyuq əti, balıq və kəsmikdir. Ət məhsullarında olan dəmir bitki mənşəli qidalara nisbətən orqanizm tərəfindən daha tez sovrulur. Bu elementin bədəndə daha yaxşı mənimsənilməsinə C vitamini çox böyük dəstək verir. Əsasən çayın tərkibində olan tanin adlı amin turşusu isə bu elementin orqanizmdə sovrulmasına problemlər yaradır. Bundan əlavə bir çox ərzaqda olan ftalat turşusu da bədəndə dəmirin mənimsənilməsinin qarşısını alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır