Uşaqlıq sallanması
26 SENTYABR 2018
424

Uşaqlıq sallanması

 

Müəllif: Uroginekoloq Doktor Aygün Səlimova

Əlaqə nömrəsi: +994705188881

Sosial: Dr.Aygun_Selimova

Mövzu: Uşaqlıq yolunun enməsi və sallanması (düşməsi)
Bu xəstəlik də qadınlar arasında kifayət qədər yayılmış patologiyadır. Bəzi hallarda uşaqlıq yolunun enməsi və sallanması (düşməsi) ağır keçən doğuşlardan (mamalıq maşalarından istifadə edilməsi, aralığın çoxsaylı cırılmaları ilə keçən doğuşlar) sonra, doğuşdan az bir zaman keçməsinə baxmayaraq ağır fiziki işlərlə məşğul olan cavan qadınlarda, həm də cinsi orqanlarda yaşla əlaqədar olaraq yaranmış olan dəyişikliklər nəticəsində yaşlı qadınlarda da təsadüf edilir.
Bu xəstəliyin əsas səbəbi – çanaq dibi və aralıq əzələlərinin cırılması, həmçinin daxili orqanları saxlayan bağların zəifləməsi və dartılmasıdır. Uşaqlıq yolunun enməsi - piylənmə, daim agır əşyaların qaldırılması ilə müşayiət edilən fiziki işlərlə məşğul olması nəticəsində də baş verə bilər.
Əvvəlcə uşaqlıq yolu, sidik kisəsinin, bəzi hallarda isə düz bağırsağın bir hissəsi enmiş (düşmüş) olur. Uşaqlıq yolunun düşməsi, adətən, tədricən inkişaf edir. İlk əvvəl güc verilərkən agrı hissiyyatları meydana çıxır: qarının aşağı hissəsində və beldə uzun sürən agrılar, sidiyi saxlaya bilməmək, qəbizlik və s. Bəzi hallarda cinsi əlaqə zamanı da ağrının olması baş verə bilər. Patoloji hal inkişaf etdikcə, uşaqlıq yolunda yad bir cismin olması hissiyyatı yaranır, uşaqlığın selikli qişası kobudlaşmağa başlayır, hər hansı bir travmadan asanlıqla zədələnir, səthində eroziya və xoralar əmələ gəlir.
Vaxtında ölçü götürülməzsə, orqanların sallanması artmaqda davam edəcəkdir. Tədricən sidik kisəsinin və düz bağırsağın hissələri daha çox sallanmağa başlayır, uşaqlıq get-gedə daha aşağıya enir. Nəhayət, son nəticədə uşaqlıq yolu, uşaqlıq, sidik kisəsinin və düz bağırsağın bir hissəsi, kisə şəklində (ölçüləri yeni doğulmuş uşaq başı boyda) olmaqla, cinsi dəlikdən xaricə çıxmış olurlar.
Əksər hallarda yalançı utancaqlıq səbəbindən qadınlar xəstəliyin müalicəsi üçün qiymətli vaxtlarını itirərək həkimə çox gec müraciət edirlər. Nəticədə xəstəlik o dərəcəyə qədər ağırlaşır ki, onun müalicəsi yalnız cərrahi yolla mümkün olur. Buna qəti surətdə yol vermək olmaz! Uşaqlıq yolu enməsinin ilkin əlamətləri aşkar olunan kimi, vaxt itirmədən həkimə müraciət etmək lazımdır!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır