Keysəriyyə əməliyyatı üçün mütləq və nisbi göstərişlər
27 SENTYABR 2018
480

Keysəriyyə əməliyyatı üçün mütləq və nisbi göstərişlər

Bütün digər cərrahiyyə əməliyyatlarında olduğu kimi, keysəriyyə kəsiyi əməliyyatı da yalnız ciddi göstərişlər olduğu halda tətbiq edilə bilər (yəni vaginal doğuş mümkün deyil və ya ana və uşaq üçün təhlükəlidir).

Keysəriyyə kəsiyi əməliyyatı üçün mütləq və nisbi göstərişlər var.
Mütləq göstərişlər arasında:

- Kliniki dar çanaq (qadının çanağın dar olması). Bu halda doğuş zamanı uşağın başı ananın çanağından keçə bilmir. Nəzərinizə çatdıraq ki, hamiləlik zamanı bu patologiyanı qadına nəzarət edən ginekoloq bəzi müayinələr və USM zamanı aşkar edə bilər. Əgər siz incə bədən quruluşuna maliksinizsə, bu heç də o demək deyil ki, sizdə bu patologiya var. Mama-ginekoloqların normal və dar çanağın dəqiq meyarları var.
- Əgər qadının doğuş yollarında təbii doğuşa mane olan hər hansı maneələr (uşaqlıq boynuna yaxın yerləşən mioma, şiş və s.) varsa. Belə maneələr USM zamanı aşkar olunur və həkim bunlara əsaslanaraq keysəriyyə kəsiyi əməliyyatını təyin edir.
- Uşağa doğuş yollarından keçmək üçün mane olan ananın çanaq sümüklərinin deformasiyaları.
- Uşaqlığın yırtılması riski də keysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstəriş sayılır. Belə vəziyyət ilk doğuş keysəriyyə kəsiyi əməliyyatının köməyi ilə həyata keçirdikdə növbəti doğuş zamanı inkişaf edə bilər. Keysəriyyə əməliyyatından sonra uşaqlığın üzərində çapıq qalır. Bu çapığın normal sağalması zamanı növbəti hamiləlikdə uşaqlığın yırtılması riski olmur. Lakin bəzən çapıq normal sağalmır və bu halda belə risk əmələ gəlir. USM-də çapığın eni 3 mm-dən az təyin olunur, onun qıraqları düz olmur. Mama-ginekoloq hamiləlik zamanı çapığın vəziyyətini USM vasitəsilə bir neçə dəfə qiymətləndirir və uşaqlığın yırtılması riski aşkar etdikdə keysəriyyə kəsiyi haqqında qərar verir.
- Ciftin uşaqlıq boynuna yaxın yerdə yerləşməsi və ciftin vaxtından tez qopması da keysəriyyə kəsiyi əməliyyatı üçün göstəriş sayılır.
Normada cift uşaqlığın ön və ya arxa divarında yerləşməlidir. Lakin bəzən cift uşaqlıq boynuna yaxın yerdə yerləşir ki, bu zaman uşaqlıqdan çıxış uşaq üçün bağlı olur. Bu vəziyyət qeysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstəriş sayılır. Bu vəziyyət hamiləliyin əvvəlindən USM zamanı təyin olunur və əməliyyat əksər hallarda hamiləliyin 38-ci həftəsində keçirilir. Bəzən qadında qanlı ifrazatlar olduqda (bu ciftin qopmasına işarə edir) əməliyyat daha tez keçirilə bilər.
Cift normada uşaqlığın divarından uşaq doğulduqdan sonra aralanır. Lakin bəzən müxtəlif səbəblərə görə cift doğuşdan qabaq uşaqlığın divarından qopmağa başlayır.
Bu vəziyyət keysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstəriş sayılır. Məsələ burasındadır ki, ananın bətnində olan uşaq oksigeni ananın qanından alır. Ciftin qopması dölün nəfəsalmasını mümkünsüz edir və bu halda təcili keysəriyyə kəsiyi əməliyyatını təyin olunur.
Bundan əlavə ciftin qopması ananın həyatı üçün də təhlükə yaradır ki, bu zaman güclü qanaxma inkişaf edir.

 

Müəllif:Dr. AynurəAbdullayeva

m.me/dr.aynuraabdullayeva

https://www.facebook.com/dr.aynuraabdullayeva

Əlaqənömrəsi: ƏLAQƏ: 055 473 11 55

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır