Stenokardiya əsasən fiziki yüklənmə nəticəsində yaranır
18 OKTYABR
165

Stenokardiya əsasən fiziki yüklənmə nəticəsində yaranır

Ürəyin işemik xəstəliklərinin ən çox rast gəlinən forması olan stenokardiya döş sümüyü arxasında və ya ondan sol tərəfdə fiziki yüklənmə nəticəsində baş verən sıxıcı ağrıdır. Onu bəzən “döş inağı” da adlandırırlar. Bu problem əsasən kişilərdə görülür. Qadınlarda isə menopauzadan sonra stenokardiyaya rast gəlmək mümkündür. Xəstəliyin əsasında ürək əzələsinin (miokardın) oksigenə tələbatın artması və onun oksigen tələbatının çatışmazlığı durur.

Stenokardiya xəstəliyi barədə AZƏRTAC-a məlumat verən paytaxtdakı 22 nömrəli Birləşmiş Xəstəxananın həkim-kardioloqu Nüşabə Səfərova deyib: “Miokard sözünün mənası “ürək əzələsi“ deməkdir. Normal halda bir dəqiqədə miokard 60-80 dəfə yığılır və gün ərzində bir neçə litr qanı orqanizmə ötürür. Ona görə də miokard zamanı daim və çoxlu oksigen lazımdır. Oksigen çatışmazlığı zamanı miokardda toksiki maddələr yığılmağa başlayır və ağrı meydana çıxır. Ağrı adətən bir neçə dəqiqə davam edir və nitroqliserin qəbuldan sonra kəsilir”.

Xəstəliyin diaqnozu barədə həkim deyib: “Stenokardiya diaqnozu xəstənin şikayətlərinə əsasən qoyulur. Çünki onu bir çox hallarda instrumental müayinə üsulları ilə aşkar etmək mümkün olmur. Ağrı tutmasını aradan qaldırmaq üçün xəstənin dil altına nitroqliserin qoyulmalı, ilk 5 dəqiqədə ağrı kəsmədikdə onu təkrarlamaq lazımdır.

Xəstəliyin risk faktorları arterial hipertenziya, xolesterin mübadiləsinin pozulması, şəkərli diabet, oturaq həyat tərzi, tütün çəkmə, alkoqol, stress, irsi meyillik və digər səbəblərdir. Stenokardiya çox hallarda tac damarların aterosklerozunun nəticəsində meydana çıxır, formasına görə stabil və qeyri-stabil gərginlik stenokardiyasına bölünür. Qeyri-stabil gərginlik stenokardiyasına ani yaranmış, kəskinləşən, artan və prinsmetal növlər aid edilir. Stabil stenokardiya isə dörd funksional sinfə bölünür”.

Həkim-kardioloqun verdiyi məlumata görə, xəstəlik fiziki yüklənmə nəticəsində əmələ gəlir, tutması isə əsasən səhər saatlarına təsadüf edir: “Bir neçə saat keçəndən sonra fiziki yükə tolerantlıq yaranır, xəstə bir növ uyğunlaşır. Qeyri-stabil stenokardiya tutmaları sakit halda baş verir, onun tutması əsasən gecə vaxtlarına təsadüf edir, hətta sakit vaxtda da baş verə bilər. Yeni yaranmış, kəskinləşən və artan stenokardiya qeyri-stabil formaya aiddir. Qeyri-stabil stenokardiyanın bəzən əvvəli görünsə də, sonu görünmür.

Xəstəliyin əsas şikayətləri sinə sümüyünün arxasında əmələ gələn göynəmə, yanma hissi, onun sol çiyinə, dişə, mədəyə və onurğaya irradiasiya etməsidir. Stenokardiyanın gedişatını şəkərli diabet, anemiya, hipertoniya, nəzərəçarpan hipotoniya, mədə-bağırsaq, qalxanabənzər vəzinin xəstəlikləri və digər səbəblər daha da ağırlaşdırır. Xəstəliklə əlaqədar hansısa şikayətlər yarananda təcili tibbi yardıma və ya yaxında yerləşən tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır