Tikanlı eleuterokok həyat gücünü artırır
23 OKTYABR
89

Tikanlı eleuterokok həyat gücünü artırır

Tikanlı olduğu üçün onun bitdiyi yerləri yerli əhali “toxunulmaz kol” adlandırır. Bu bitkinin tikanlarından qorunmaq lazımdır, çünki bataqlıq yerlərdə onun batdığı nahiyədə ağrılı irin əmələ gələ bilər. Təsir xüsusiyyətlərinə görə eleuterokok jenşenə çox yaxındır. Buna görə də onu bəzən qərbdə “Sibir jenşeni” adlandırırlar.
Fins.az xəbər verir ki, vaxtilə sovet alimlərinin tayqa ekspedisiya qrupunun əməkdaşları meşədə apardıqları təcrübə zamanı ayıların və maralların tikanlı eleuterokokla qidalandıqlarını və onların orqanizminin şaxtaya kifayət qədər davamlı olduğunu müşahidə ediblər. Bu bitkinin tərkibini araşdıran mütəxəssislər müəyyən ediblər ki, eleuterokokun kök sistemi zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində elmə məlum olmayan beş qlükozid tapılıb. Həmin maddələr sayəsində eleuterokok dözümlüyü, iş qabiliyyətini və həyat gücünü artırır. Məhz həmin keyfiyyətlərinə görə bitkini idmançılara da təyin edirlər.
Keçən əsrin 60-cı illərində eleuterokok haqqında geniş tədqiqatlar aparılıb. Tibdə onun kök və kökümsovlarından istifadə edilir. Eleuterokok bitkisindən hazırlanan preparatları jenşendən fərqlı olaraq ilin hər fəslində qəbul etmək olar. Onu da qeyd etmək lazımdır ki, bitkinin stimuləedici təsir vahidi fəsildən asılı olaraq iyulda maksimum səviyyəyə çatır.
Kosmetologiyada yağlı seboreyanın və erkən allopesiyanın müalicəsində eleuterokok tərkibli kremlərdən istifadə edilir. Tikanlı eleuterokok Britaniya Dərman Bitkiləri Farmokopeyasına adaptogen və immunomodulyator bitki kimi daxil edilib. Tikanlı eleuterokoku homeopatiyada da tətbiq edirlər.
Lakin nəzərə almaq lazımdır ki, bu bitkini hipertoniya, hədsiz sinir oyanıqlığı, yuxusuzluq, hipoqlikemiya, kəskin infeksion xəstəliklər, yüksək hərarət, miokard infarktı, aritmiyalar və serebral damar patologiyaları zamanı tətbiq etmək olmaz. Hamilə qadınların, laktasiya mərhələsində olanların və 12 yaşına qədər uşaqların da ondan istifadə etməsinə icazə verilmir.
 
©Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır