Qalxanabənzər vəzdə şiş şübhəsi
24 OKTYABR
212

Qalxanabənzər vəzdə şiş şübhəsi

Hansı orqanda əmələ gəlməsindən asılı olmayaraq əsrin bəlasına çevrilən bədxassəli şiş çox böyük narahatlıq doğurur.

Qalxanabənzər düyünlərdə yaranan şiş növünü müəyyən etmək üçün bir sıra üsullardan istifadə olunur.

Tibb.Fins.z xəbər verir ki, həkim-endokrinoloq Gülay Məmmədova AZƏRTAC-a bu barədə məlumat verib.

Həkim deyib: "Qalxanabənzər vəz düyünləri xəstənin özünün və ya həkimin fiziki müayinə əsasında boyunda kütlənin ələ gəlməsi, bəzən də aparılan müayinələr zamanı təsadüfən aşkar edilir. Düyün aşkarlananda onun xoş və ya bəd olmasını müəyyənləşdirmək çox vacibdir. Qalxanabənzər vəz düyünlərinin bədxassəli olma ehtimalı çox azdır. Xəstədə klinik olaraq düyün aşkarlananda ilk növbədə anamnez, fiziki baxış, tiroid vəzin funksional testləri, ultrasəs, biopsiya, habelə ssintiqrafiya müayinələri aparılır.

Qalxanabənzər vəzdə düyün aşkar olunan xəstənin uşaqlıqda baş-boyun bölgəsinin radioterapiya alması, ailəsində tiroid xərçənginin olub-olmaması araşdırılmalıdır. USM müayinəsi zamanı düyünün böyüməsi, səs kallaşması, nəfəs darlığı, udqunma çətinliyi və öskürək kimi şikayətlərə ciddi yanaşılmalı və dərindən araşdırma aparılmalıdır. Diaqnozunda düyün olan xəstənin yaşı və cinsi də əhəmiyyətlidir".

Həkim-endokrinoloq deyib: "Uşaqlarda və yeniyetmələrdə aşkar olunan düyünlərin bədxassəli olma ehtimalı üçqat yüksəkdir. Daxilində kalsinatları (bərkləşmiş sahə), ətrafı nahamar, qalınlaşması çox olan düyünlər risk qrupuna daxildir. Ölçüsü 1 sm-dən böyük olanda düyün biopsiya edilir. Həmçinin xəstənin ailəsində, qohumlarında tiroid xərçəngi varsa və qanda kalsitonin səviyyəsi yüksəkdirsə, düyünün ölçüsündən asılı olmayaraq biopsiya aparılmalıdır. Risk faktorları və düyünün ölçüsü 1 sm-dən kiçik olsa da, USM müayinədə həmin əlamətlərdən ən azı ikisi olduqda, düyün biopsiya edilməli və bədxassəli proses inkar olunmalıdır. Uzunmüddətli müşahidə altına alınan düyünlərdə mütləq kalsitonin miqdarı ölçülməlidir. Kalsitonin miqdarının 100 pq/ml-dən yüksək olması qalxanabənzər vəzin medullyar xərçəngi üçün diaqnostik əhəmiyyətə malikdir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır