Uşaqların vaxtından tez yeriməsi təhlükəlidir
30 OKTYABR
120

Uşaqların vaxtından tez yeriməsi təhlükəlidir

Vaxtından əvvəl, yəni 10 ayından aşağı uşaqların yeriməsi genetikdir. Bunu valideynlər sevindirici hal kimi qiymətləndirir, amma bilmək lazımdır ki, vaxtından əvvəl yerimək uşaqlara mənfi təsir edir.

Tibb.Fins.az xəbər verir ki,  bu sözləri axar.az-a açıqlamasında pediatr Kəmalə Əmrahova deyib. O bildirib ki, bir müddət sonra uşağın normal yerimə vaxtı yetişdikdə yerişində müəyyən problemlər üzə çıxa bilər:

"Uşaqların vaxtından əvvəl yeriməsi onlarda sümük problemlərinin yaranmasına səbəb ola bilər. Onların normal yerimə vaxtı 10-11 aylığından sonra sayılır. Bu proses 1 yaş 8 aylığına kimi davam edə bilər. Əgər uşaqlar 2 yaşı tamam olmasına baxmayaraq yerimirsə, bu tibdə patologiya sayılır. Bunun səbəbləri nevroloq və pediatr vasitəsi ilə üzə çıxarılmalıdır".

Kəmalə Əmrahova uşaqların dil açma müddətindən də danışıb:

"6 ayından başlayaraq körpələr tək-tək sözlər deyir. 1 yaş və 1 yaş 2 aylığında artıq uşaqlar qısa cümlələr qurmağı bacarmalıdır. Onlar həmin dövrdə ətrafdakı insanların nə dediyini anlayır. İki yaşında sonra isə sərbəst danışa bilirlər. Əgər 1 yaşı tamam olan uşaq iki sözdən ibarət cümlə qura bilmirsə, bu, artıq nevroloji patologiyadan xəbər verir. Uşaqda dilin gec açılması əqli inkişaf geriliyinə səbəb olur".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır