Qadınlarda xlamidioz
01 NOYABR
79

Qadınlarda xlamidioz

Xlamidioz ən geniş yayılmış və qadınlarda sonsuzluğun ən çox rast gəlinən səbəblərindən biri olan veneroloji xəstəlikdir. Bu xəstəlik illərlə simptomsuz keçə bilir.Xəstəliyə müdafiə olunmamış (prezervativdən istifadə etmədən) seks zamanı yoluxmaq olar. Xlamidioz oral, vaginal və anal seks zamanı da keçə bilər. Hamilə qadınlar doğuş zamanı bu xəstəliyi uşağa da ötürə bilir. Xlamidiozun məişət yolu ilə (yoluxmuş insanla birgə unitaz, yataq, dəsmal və ya alt paltarından istifadə etdikdə) ötürülməsi riski mövcud olsa da, rəsmi sübuta yetirilməmişdir.
Xlamidioz qadınlarda nadir hallarda hansısa simptomları yaradır. Statistikaya görə, yoluxmuş qadınların 80% -də bu xəstəlik simptomsuz cərəyan edir və tədricən, özünü büruzə vermədən, ağırlaşmalara gətirib çıxarır. Simptomlar yarandıqda (10 qadından təxminən 2-də belə ola bilir), xlamidiozun aşağıdakı əlamətləri qeydə alınır:
-Uşaqlıq yolundan xoşagəlməz qoxulu ifrazatlar. Xlamidioz xəstəliyində ifrazatlar sarı, yaşıl və ya şəffaf rəngdə ola bilir.
-Sidik ifrazı zamanı ağrılar.
-Seksdən sonra və ya səbəbsiz olaraq uşaqlıq yolundan qanlı (çəhrayı və ya palıdı rəngli) ifrazatlar.
-Bədənin hərarətinin yüksəlməsi.
-Qarnın aşağı hissəsində, mərkəzi nayihədə və yanlarda ağrılar.
Qadınlarda xlamidiozun ilk simptomları yoluxmadan bir həftə sonra artıq yarana bilir.
Vaxtında aşkar edilməyən və müalicə olunmayan xlamidioz aşağıdakı nəticələrə gətirib çıxara bilər:
-Sonsuzluq.
-Uşaqlıqdan kənar hamiləlik.
-Inkişafdan qalmış (donmuş) hamiləlik.
-Kiçik çanaq orqanlarının iltihabı (xroniki endometrit, salpingit və s.)
-Uşaqlıq boynunun xərçəngi.
-Oynaqların iltihabı.
-Hamiləlik dövründə xlamidioz uşaq salmaya, erkən doğuşa və körpənin ağciyər iltihabına səbəb ola bilər.
Sizdə yuxarıda göstərilən xlamidioz riski amillərindən ən azı biri vardırsa, onda siz bu xəstəliyə və cinsi yolla ötürülən digər xəstəliklərə görə müayinə olunmalısınız.
Qadınlarda xlamidiozun müalicəsi.
Xlamidiozun müalicəsində antibiotiklərdən istifadə olunur. Xlamidiozun müalicəsinə başlamazdan öncə hamilə olmadığınıza əmin olun, bunun üçün hamiləliyə görə test edin. Xlamidiozun müalicəsində istifadə olunan bəzi preparatlara hamiləlik dövründə əks göstəriş var. Xlamidiozun düzgün tərtib edilmiş müalicə sxemi 95% hallarda xəstəliyin sağalmasina imkanı verir. Dərmanların seçimi, dozası və müalicənin müddəti xəstəliyin xüsusiyyətlərindən asılıdır və fərdi qaydada müalicə həkimi tərəfindən seçilir. Özünü müalicə ilə məşğul olmayın, çünki bu, ağır nəticələrə səbəb ola bilər.
Sizdə xlamidioz aşkar edilmişdirsə, seksual partnyorunuza bu barədə mütləq xəbər verin. Həkiminizə müraciət etməli və veneroloji xəstəliklərə görə analizlər verməlisiniz. Partnyorunuzda xlamidiya aşkar edilməsə belə, o, yenə də müalicə kursu almalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır