Ölkə sərhədlərinə çatan “donuz qripi”: necə yoluxur, əlamətləri, fəsadı
26 DEKABR 2018
141

Ölkə sərhədlərinə çatan “donuz qripi”: necə yoluxur, əlamətləri, fəsadı

Hələ qış gəlməmiş barəsində yazdığımız, Avropa və Rusiyada yayılacağı barədə dünya səhiyyə təşkilatlarının xəbərdar etdiyi, bizim də barəsində xəbərdaredici materiallar dərc etdiyimiz "donuz qripi" adlandırıla H1N1 virus tipi artıq Azərbaycan sərhədlərinə gəlib çatıb.
Yeni illə üst-üstə düşən alışma fazası bu qripin tezliklə çox yerə yayılacağının proqnozunu verir. Çünki insanlar bu ərəfədə sərhədləri keçir, digər ölkələrə gedir, uşaqdan böyüyə hər kəs bayram günü evdə yox, küçədə, kütlə içində olur. "Donuz qripi" adlanan qrip ştammı çox tez yayıldığı, ağır keçdiyi, çoxsaylı fəsadları olduğu üçün xəstənin ölümünə kimi gətirib çıxaran kəskin virus xəstəliyidir.
Tibb.fins.az əhalini ehtiyatlı olmağa səsləmək məqsədilə bu virusun əlamətlərini təqdim edir:
Tarixi: 
Bu virus qrupunu hələ 1930-cu ildə Riçard Şoup kəşf edib. Bu yarım əsr ərzində xəstəliyin epizodlarına dünyada müxtəlif nöqtələrdə - Meksika, ABŞ, Rusiyada rast gəlinib. 
Bu virusun pandemiyaya keçməsinə səbəb 2009-cu ildə baş vermiş mutasiya olub. İnsan virus ştammı ilə "donuz qripi" ştammı çarpazlaşıb. Belə mutasiyalar hər il baş verir, heç də hamısı insanı yoluxduracaq və yayılacaq dərəcədə təhlükəli olmur. 
 
H1N1 virus tipi donuzları və insanları daha çox tutur. Ona görə qripin yayılmasına səbəb həm donuzlar, həm də insanlar ola bilər. 
Xəstəlik gizli gəlir, insan heç nə hiss eləmir, inkubasiya dövrü 1-3 gün çəkir. Yəni insan qarşısında "donuz qripli" bir insanla əyləşir, təmasda olur, onun qrip olduğunu bilmir, həmçinin artıq viruslu olan adam da bunu hiss etmir, beləcə yoluxma baş verir. 
Qripin davam etmə müddəti 7 sutkadır. Amma hər yoluxmuş 6-cı insan ətrafdakıları 2 həftə ərzində yoluxdurmaq təhlükəsi daşıyır. 
Virus oyadıcıları hava-damcı yolu ilə - burun suyu, asqıraq, öskürək, tüpürcəklə yayılır. Bir adam 2-3 metr radiusunda olan insanları yoluxdurur. 
Evdə, iş yerində xəstə adamın istifadə etdiyi dəsmal, masa, qab-qaşıqla da keçir. 
Kimlər risk altındadır?
-5 yaşa kimi uşaqlar
-60 yaşdan yuxarı yaşlı və xəstə insanlar
-Hamilə qadınlar
-Müxtəlif xroniki xəstəliyi olanlar
-İmmuniteti zəif olanlar
Virusun orqanizmə təsiri və əlamətləri:
-Ştamm qanın strukturunda dəyişiklik edir, trombositlərin sayını artırır, qanın laxtalanması artır, bu da tromb yaradır. 
-Xəstəliyin gedişatında ağciyər toxuması şişir, ödemləşir, ağciyərlərdə iltihab artır
-Böyrəklərində xəstəlik olanlarda vəziyyət kəskinləşir, nefrit yarana bilir
-Bu qripin ən ağırlaşmış formalarından biri də miokardit, ürək əzələlərinin zədələnməsidir. 
Donuz qripinə yoluxduğunu necə bilmək olar?
-İlk başdan və baxışdan adi qriplərə çox bənzəyir, hətta həkim belə onları çətinliklə fərqləndirə bilir. 
-Temperatur 1 sutkadan sonra 38-ə yüksəlir, enmir, əksinə yüksəlməyə doğru gedir.
-İlk 1 sutkada insan özünü normal hiss etsə də, sonradan sürətlə halı pisləşir, bir neçə saatın içərisində təcili yardım belə lazım olacaq vəziyyətə gəlir.
-Baş ağrısı, üz, burunda sanki haymoritdə olduğu kimi ağrılar, otit-qulaq ağrısı, burun tutulması, güclü öskürək, sinədə ağrı.
-Bədəndə heysizlik, ağrı, yerindən qalxa bilməmək.
-Qusma, ürəkbulanma, yemək yeyəndə yediyini qaytarma, diareya, ishal.
-Ağır hallarda ürəkdə ağrı, boğulma, sanki hava çatmaması.
-Ağır hallarda insanın mimikası dəyişir, işığa baxa bilmir, göz almasının hərəkəti dəyişir.
-Vaxtında müdaxilə olunmazsa, ürək tərəfindən miokard, ağciyərlərdən pnevmoniya qaçılmaz olur.
"Donuz qripi" yalnız xəstəxana şəraitində, laboratoriya analizləri ilə təsdiqlənir, ağır formaya keçməməsi üçün xəstəxanada müalicə olunur. 
Bu ştamma qarşı xüsusi virus əleyhinə dərmanlar, inyeksiyalar var. 
Həmçinin xəstə yataq rejimində, ətrafla ünsiyyəti minimuma endirilməklə müalicə edilməlidir. Əgər pnevmoniya və bakterial infeksiya da qoşulubsa, antibiotiklər təyin edilir. 
Profilaktika üçün siz yalnız qripin qığılcımlandığı ərazi və dövrdə kütlə arasında minimum olmalı, tibbi maska taxmalı, qripə şübhəli insanlardan uzaq durmalı, şəxsi gigiyenaya 100 dəfə artıq əməl etməli, spirtli məhlullardan istifadə etməli, bol maye qəbul etməlisiniz.
©Medicina
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır