Anadan gəlmə bağırsaq keçməzliyi nədir? - Op.Dr.Agil Abilov
28 DEKABR 2018
1259

Anadan gəlmə bağırsaq keçməzliyi nədir? - Op.Dr.Agil Abilov

Anadangəlmə bağırsaq keçməzliyi uşaqlar arasında təxirəsalınmaz cərrahi əməliyyat tələb edən əsas patologiyalardan biridir. Anadangəlmə bağırsaq keçməzliyi müxtəlif səbəblərdən əmələ gələ bilər. Buna görə də şərti olaraq onlar 4 qrupa bölünür - bağırsaq borusunun inkişaf qüsuru, bağırsaq divarının inkişaf qüsuru, bağırsağın fırlanmasının pozulması, digər qarın boşluğu orqanlarının inkişaf qüsurları nəticəsində bağırsaq fəaliyyətinin pozulması. Bu inkişaf qüsurlarının əmələ gəlməsi vaxt etibarı ilə ontogenez dövrünə (bətndaxili inkişafın 3-4-cü həftəsi) təsadüf edir ki, bu zaman bağırsaq divarının formalaşması prosesinin hər hansı bir mərhələsində bağırsaq divarının əmələ gəlməsi, uzanması və formalaşmasının pozulması baş verir:
Embrionun ilk bağırsaq borusunun divarı təkqatlı epidermal hüceyrə ilə örtülmüş olur. Artıq bətndaxili inkişafın 5-ci həftəsindən başlayaraq qarın boşluğunun digər orqanları ilə bərabər, bağırsağın divarında olan təkqatlı epitel profelerasiyaya məruz qalır ki, bu da bağırsağın divarını daraldır, bəzən tam bağlayır. Hamiləliyin 45-ci günündən başlayaraq bu proses geriyə doğru inkişaf etməyə başlayır və bu zaman bağırsaq mənfəzinin havalanması, üfürülməsi baş verir ki, bu da bətndaxili inkişafın 60-cı günündə tam başa çatır. Bu dövrdə embrionda hər hansı bir zərərli amilin təsirindən daxili tipli bağırsaq keçməzliyi baş verir. Bu qüsur onikibarmaq və qalça bağırsaqda daha çox rast gəlinir. Xarici tipli anadangəlmə bağırsaq keçməzliyi isə tam formalaşmış bağırsaq borusunun xaricdən sıxılması nəticəsində baş verir.

 
 
 
Əlaqə: 

+994507341414

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır