Karpal tunel sindromu nədir və əlamətləri - Op.Dr.Ruslan Yunusov
07 FEVRAL
961

Karpal tunel sindromu nədir və əlamətləri - Op.Dr.Ruslan Yunusov

Neyrocerrah.com

Op.Dr.Ruslan Yunusov/ Beyin və sinir cərrahı

Email: [email protected]

Əlaqə: (+99455)9710330

Karpal tunel sindromu

Karpal (bilək) tunel sindromu– orta sinirin biləkdə sıxılması nəticəsində əlin funksiyalarında  əmələ gələn ümumi əlamətlərin cəmidir. Bu əlamətlər ilk 3 barmaqda ağrı,uyuşma və keyimə hissi, əldə qüvvətsizlikdir. Karpal tunel sindromu daha çox biləyin təkrari hərəkətləri lazım olan işləri görənlərdə əmələ gəlir. Bu zaman orta (median) sinir bilək kanalında iltihaba uğrayaraq təkrari hərəkətlərlə zədələnir. Bu da özünü əlamətlərlə biruzə verir. Təkrari bilək hərəkətlərinə səbəb olan işlər: kompüterdə yazı yazmaq, pianino çalmaq, çəkiclə işləmək və s.

Karpal tunel sindromunun əlamətləri hansılardır?

Orta sinir baş barmaq, işarət barmağı, orta barmağın və əlin içinin hissiyyatını və hərəkətini təmin edən sinirdir. Bu sinirin zədələnməsi nəticəsində aşağıdaki əlamətlər üzə çıxa bilər:

  • Əl və biləkdə ağrı,
  • Orta və işarət barmağında yanma hissi,
  • Baş və işarət barmağında keyimə,
  • Əldə və biləkdə elektrik kimi yayılan hissiyyat.

Bu əlamətlər daha çox iş görəndə, qolu uzun müddət yuxarı qaldırdıqda, biləyi önə doğru  bükəndə artır. Həmçinin ağrılar daha çox gecələr artaraq xəstələrə yatmağa imkan vermir. Xəstələr əllərini davamlı olaraq silkələyərək rahatlamağa çalışırlar. Bu hərəkət Karpal tunel sindromu olan xəstələr üçün spesifikdir.

Karpal tunel sindromuna səbəb olan hallar hansılardır?

Karpal tunel sindromu adətən yaşlı insanlarda və daha çox qadınlarda rast gəlinir. Bundan başqa, bəzi xəstəlik və hallar vardır ki, bu zaman Karpal tunel sindromu əmələ gəlmə riski artır. Bunlara aiddir:

  • Biləyin travmatik zədələnməsi,
  • Hamiləlik,
  • Şəkərli diabet,
  • Revmatik xəstəliklər,
  • Akromeqaliya,
  • Piylənmə,
  • Tiroid problemləri və s. 

Karpal tunel sindromunun diaqnotikası necə aparılır?

Karpal tuneli sindromu olan xəstələrin diaqnostikası öncə həkim müayinəsi ilə başlayır. Belə ki, əlində uyuşma, keyimə olan xəstələrin öncə əllərində hissiyyat və qüvvət müayinəsi aparılır. Daha sonra bəzi provakasiya edici testlərlə (bilək nahiyyəsinə vurmaqla və hər iki biləyi önə bükərək 2 dəqiqə gözləməklə) ağrıların artıb-artmadığı yoxlanılır. Əgər xəstələrdə Karpal tunel sindromundan şübhələniriksə o zaman onlara EMQ elətdiririk.

EMQ– Karpal tunel sindromunun diaqnozunun qoyulmasında istifadə olunan əsas üsuldur. Bu üsulla orta sinirin biləkdə sıxılıb-sıxılmadığını və zədələnməsinin dərəcəsini öyrənmək mümkündür.

Karpal tunel sindromunun müalicə üsulları hansılardır?

Karpal tunel sindromunun yüngül və orta dərəcələrində adətən xəstələr konservativ. Yəni qeyri-cərrahi üsullarla müalicə olunurlar. Bu xəstələrə gün ərzində biləyin təkrari hərəkətlərindən qaçınmağı məsləhət görürük. Bundan başqa biləyin hərəkətliliyini azaltmaq üçün xəstələrə xüsusi biləkliklər və ağrılarına görə də dərman müalicəsi də təyin edilir. Bu müalicələr adətən bir neçə ay davam edir və  əksər hallarda xəstələr bu müalicələrdən fayda görürlər. Konservativ üsullardan fayda görməyən və ağır dərəcəli Karpal tunel sindromu olan xəstələr isə əməliyyat olunurlar.

Karpal tunel sindromu olan xəstələrə- orta sinirin dekompressiyası (sıxılmadan azad edilməsi) əməliyyatı icra olunur. Bu zaman bilək nahiyyəsində 2,5 sm-lik kəsiklə köndələn bilək bağı kəsilərək orta sinir sıxılmadan azad edilir. Əməliyyat 20 dəqiqə davam edir. Əməliyyatdan sonra xəstələrin əksəriyyəti şikayətlərdən tamamən qurtulurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır