Təhlükəli dəri xəstəliklərini tanıyaq - HƏKİM YAZIR
25 APREL
585

Təhlükəli dəri xəstəliklərini tanıyaq - HƏKİM YAZIR

Son dövrlərdə sürətlə yayılan xəstəliklərin sırasına dəri xəstəlikləri də var. Bir çox insanların ciddiyə almadığı bu xəstəliklər bəzən böyük bəlalara səbəb olur. 
Mövzuyla bağlı Həkim  dermatoveneroloq  Zamin Hacıyevin Medicina.az-a göndərdiyi yazını təqdim edirik:   
Dəri xəstəlikləri   dəridə səpgilər, qaşınma,  qabıqlanma, çatlar , yaralar kimi təzahür  edir.
Ümumiyyətlə  xroniki  xəstəliklər, o  cümlədən də dəri xəstəlikləri  əsasən  yaz və payız  aylarında pisləşir və ya  əmələ  gəlirlər. 
Allergik   dermatitlər, psoriazın bəzi formaları, dəmrovun  bəzi növləri, ekzema   əsasən  yaz və payız  aylarında pisləşirlər. Yaz aylarında  orqanizmin vitaminsizləşməsi bu fəsildə dəri xəstəliklərinin    kəskinləşməsinə səbəb  olan amillərdən biridir.
Göbələk mənşəli dermatitlər, cillər, dəridə  ləkələr, bişməcələr, əsasən yay  mövsümündə kəskinləşir. Qış aylarında isə əsasən  dəridə  çatlar, quruluq, psoriazin ve ekzemanın bəzi   formaları artır.
Amma bu o demək deyil ki, dəri xəstəlikləri sırf fəsillərlə bağlıdır. İrsi  faktor, bəzi qidalar,  qəbul  edilən bəzi  dərmanların əlavə  təsirləri, bəzi daxili xəstəliklərin  simptomu  kimi  dəri xəstəlikləri  təzahür  edə bilər. 
Dəri   xəstəliklərində həkim təyinatı   olmadan  mazlardan, kremlərdən, lasyolardan  istifadə etmək qadağandır. Bu, digər  xəstəliklərdə  olduğu  kimi   dəri  xəstəliyinin də  bəzən pisləşməsinə, xroniki  hala  keçməsinə, dəridə  atrofiya, teleangiektaziya  kimi  geridönməz  proseslərə, ağır  fəsadlara  gətirib çıxara bilər. 
 Bəzi dəri  xəstəlikləri  yüksək kontagiozluğu ilə, yoluxucu olması ilə təhlükəlidir. Ailə daxilində, bağçada, məktəbdə, kollektivdə  qoturluq, bitlilik, kontagioz molyusk, piodermiyalar, ziyil, qerpes, sifilis kimi sürətlə yayıla  bilən  təhlükəli  yoluxucu  dəri  xəstəlikləri mövcuddur.
Həyatı   təhlükəli   dəri  xəstəliklərindən   pemfiqus, dəri xərçəngi, toksikodermiyalar, kəskin övrə və s. göstərmək olar.
Ona görə  dəridə bir  problem  yaranan kim  mütləq  zamanında  dəri həkiminə-dermatoloqa  müraciət  etməyi  tövsiyə  edirəm.
Kazan  Dövlət  Tibb Akademiyasının  Məzunu,
Tibb xidməti  Kapitanı ,
Həkim  Dermatoveneroloq  
Zamin Hacıyev
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır