Piylənmə - SƏBƏBLƏRİ
02 AVQUST
133

Piylənmə - SƏBƏBLƏRİ

Texnologiyanın inkişafı və həyatımızdakı dəyişikliklər nəticəsində insanlar az hərəkət edir, amma çox qida qəbul edir. Getdikcə ağır çəkili, hətta şişman adamların sayı artmaqdadır. “Piylənmə”, mütəxəssislər tərəfindən vücudda yağlanmanın artması ilə inkişaf edən, mütləq müalicəyə ehtiyacı olan bir “xəstəlik”dir.

Dünyanın bir çox ölkəsində qeyri-hökumət təşkilatları və dövlət qurumları bu xəstəliyə qarşı geniş kütlələri maarifləndirməyə çalışırlar. Çünki çağımızın ən qorxulu, ən gizli inkişaf edən və zərərsiz görünməsinə baxmayaraq ən təhlükəli xəstəliyi piylənmə sayılır. Piylənmə ya da xalq arasında köklük adıyla bilinən, bədəndə çox miqdarda piy yığılması nəticəsində ortaya çıxan və mütləq müalicə edilməsi lazım olan bir xəstəlikdir. Piylənmə, qidalarla alınan enerji miqdarının, maddələr mübadiləsi və fiziki fəaliyyət ilə istehlak edilən enerji miqdarını üstələdiyi zaman ortaya çıxar. Piylənmə, insan bədənində ürək və damar sistemi, tənəffüs sistemi, hormonal sistem, həzm sistemi kimi sistemlərə təsir edən və bir çox əhəmiyyətli narahatlığa zəmin hazırlayan bir xəstəlikdir. Ürək xəstəlikləri, yüksək təzyiq, şəkər xəstəliyi, yüksək xolesterin, tənəffüs narahatlıqları, oynaq xəstəlikləri, nevrozlar, sonsuzluq, iqtidarsızlıq, böyrək və öd kisəsində daş meydana gəlməsi, bəzi xərçəng növləri piylənmə nəticəsində yaranan xəstəliklərdən bir neçəsidir. Nəticə olaraq piylənmə, insan həyatını qısaldan və həyat keyfiyyətinə mənfi təsir edən bir xəstəlik sayıla bilər.

Son illərdə insan həyatına mənfi təsir edən piylənmənin yoluxucu xəstəlik kimi bütün dünyada yayıldığı, araşdırmalar nəticəsində sübut olunmuşdur. Araşdırmalar göstərir ki, piylənmə xüsusilə son 20 ildə, bütün dünyada sürətlə artmaqda və bir epidemiya kimi yayılmaqdadır. Bu epidemiyadan ölkəmiz də təsirlənməkdədir. Ölkəmizdə qadınların təxminən yarısı, kişilərin isə təxminən 40%-i piylənmədən əziyyət çəkirlər. Məsələ ilə əlaqəli müraciət etdiyimiz həkim Ülvi Maçanov deyir ki, insanlarda artıq çəki piylənmə demək deyil: “Məsələn, bir idmançının artıq çəkisi onun piylənmiş olduğu mənasına gəlməz. Çünki idmançılarda yağlanma faizi az, əzələlərin inkişaf nisbəti yüksəkdir. Qısaca olaraq deyə bilərik ki, piylənmə vücudda yağlanmanın yüksək miqdarda olması deməkdir. Normal yağlanma faizi kişilərdə 12-20%, qadınlarda isə 20-30% olmalıdır. İnsanların yaşı artdıqca yağlanma faizi də arta bilər. Praktikada kişilərdə 25%-dən yuxarı, qadınlarda isə 35%-dən yuxarı yağlanma patologiya sayılır”.

Hansı bədən ölçülərinə piylənmiş demək olar?

Qadınlarda piylənmə xəstəliyi nisbəti daha yüksəkdir. Vücudunda yağlanma nisbətinin yüksək olduğu insanlar mütləq həkimə müraciət etməlidirlər. Piylənməni ölçmək üçün istifadə edilən ən məşhur metod bədən çəkisi indeksidir (BÇİ). Bədən çəkisi indeksi bədən kütləsinin(kq), boyumuzun kvadratına olan nisbətidir. Bu hesablamada yaş və cinsiyyət nəzərə alınmır. Məsələn, Leyla xanımın ağırlığı 70 kq, boyu isə 1,60 metrdir. Leyla xanımın bədən çəkisi indeksi: 70/(1.60x1.60)= 27.34kq/ m² olaraq hesablanır. Həkimlər BÇİ nəticələrinə görə insanları normal çəki, artıq çəki, piylənmə və yüksək dərəcəli piylənmə qruplarına ayırırlar. Buna görə, 18,5 ilə 25 arası BÇİ normal, 25-30 arası BÇİ artıq çəki, 30 ilə 40 arası BÇİ piylənmə, 40-dan yuxarı BÇİ isə yüksək dərəcəli piylənmə hesab olunur. Xəstəliklər və ölüm təhlükəsi bu nisbətlərə görə ortaya çıxır. Bədən çəkisi indeksi artdıqca xəstəlik və ölüm təhlükəsi də artır. Ancaq bu nisbətlər uşaqlara, hamilə qadınlara və idmançılara şamil edilmir.

Qadınlarda riskli yaşlar

Qadınlarda üç dövrdə piylənmə təhlükəsi artır. Birinci dövr, 9-12 yaş arasıdır. İkinci dövr, hamiləlik dövrüdür. Üçüncü dövr 40 yaşdan sonrakı zamandır. Kişilərdə 50 yaş, qadınlarda isə 70 yaşına kimi bədən çəkisi indeksi arta bilər.

Piylənmə və yaş münasibəti

Piylənmə ilə əlaqəli meydana çıxan problemlərə insanın yaşı da təsir edir. Gənc xəstə biri ilə yaşlı xəstə arasında ölüm təhlükəsi ehtimalı fərqlidir. Piylənmədən əziyyət çəkən xəstələrdə yaş artdıqca ölüm təhlükəsi azalır. Başqa sözlə, artıq çəki və piylənmə gənclərdə daha təhlükəlidir. Məsələn, yaşı 65-i ötmüş və bədən çəkisi indeksi 25-27 arasında olan insanda ölüm riski artmamışdır. BÇİ 28-dən yuxarı olan isə hansı yaşda olursa olsun, ölüm riski yüksəlmişdir. Yaşlı qadınlarda ağır çəkili olmaq zərərli olmaya bilər.

Uşaqlarda piylənmə nədir?

Uşağın çəkisi həmyaşıdlarından daha çox isə piylənmədən danışmaq olar. Uşaq vaxtı kök olanlarda böyüyəndə də piylənmə ehtimalı yüksək olur. Ana südü ilə böyüyən uşaqlarda piylənmə riski zəif olur. Uşaqlar nə qədər uzun müddət ana südü qəbul edərlərsə, böyüyəndə piylənmə ehtimalı o qədər az olar. Uşaqlarda piylənmə riski qrupunda olanlar:

— Doğum zamanı çəkisi az olanlar;

— Şəkər, xüsusi kimyəvi məhlullarla dadlandırılmış içkilər, təbii olmayan hazır meyvə suları, qazlı şəkərli suları sıx qəbul edənlər;

— İdmanla az məşğul olanlar;

— Həddindən çox televizora baxanlar;

— Genetik təsirlər (ana-atada piylənmə xəstəliyi olanlar).

Araşdırmalar göstərir ki, gündə orta hesabla 4 saatdan çox kompyuterlə məşğul olan uşaqlar, ümumiyyətlə, artıq çəkili olurlar. Digər tərəfdən, hazır yeməklər də uşaqların səhhətinə mənfi təsir edir. Belə vəziyyətlərdə valideynlər uşaqların tərəvəzlərdən daha çox istifadə etməyə və idmanla məşğul olmağa təşviq etməlidirlər.

Piylənmə xəstəliyi olan uşaqlara necə kömək etmək olar?

— Düzgün qidalanma ilə;

— Televizor, video oyunları və kompyuterdən istifadəni azaltmaqla;

— Fiziki hərəkətləri artırmaqla;

— Uşaqlarda işıqfor rejimi tətbiq etməklə. Yeməklər işıqforun rənglərinə görə bölünür. Az kalorili yeməklər yaşıl rənglə, diqqətli yeyəcəyimiz yeməklər sarı rənglə, yeyilməsi təhlükəli olan yeməklər isə qırmızı rənglə müəyyən olunur.

Yanlış qidalanma vərdişləri

— Gecə yemək yemək: Gündəlik kalori ehtiyacının 25-50%-ni gecə qəbul edənlər “piylənmə” qrupuna aid olunurlar.

— Həddindən artıq yemək yemək: Piylənmə xəstəsi olan insanların təxminən 30%-i bir dəfəyə (2 saata) 5000-15000 kalori yemək yeyə bilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır