Kələm xərçəngi necə əngəlləyir?
03 OKTYABR 2018
369

Kələm xərçəngi necə əngəlləyir?

Alimlər deyir ki, kələm, brokoli və bu kimi kələm növündən olan tərəvəzlər bağırsaq xərçənginin riskini azalda bilər

Kələməbənzər bitkilərin mədə-bağırsaq üçün faydalı olması heç zaman şübhə doğurmayıb, lakin bunun dəqiq izahatı indiyə qədər verilməmişdi. Francis Crick İnstitutunun elmi qrupunun bildirdiyinə görə, tərəvəzin həzm edilməsi xərçəng əleyhinə kimyəvi maddələrin əmələ gəlməsi ilə müşayiət olunur.

Britaniya Xərçəng Tədqiqatları İnstitutu bildirib ki, daha çox tərəvəz yemək üçün xeyli başqa səbəblər də mövcuddur. Alimlər diqqəti tərəvəzin bağırsağın daxildən təzələnməsinə necə təsir göstərdiyinə yönəldiblər. Bunun üçün onlar siçanlar və laborator şəraitdə böyüdümüş miniatür bağırsaq nümunələri üzərində təcrübələr aparıblar.

Dəridə olduğu kimi bağırsağın üst qatı da daima təzələnir, regenerasiya olunur. Bu proses 4-5 gün çəkir. Lakin bu daim davam edən prosesə ciddi nəzarət də tələb olunur, əks halda bu, xərçəngə və ya bağırsağın iltihabına gətirib çıxara bilər.

Immunity jurnalında dərc edilmiş elmi tədqiqatın nəticələri göstərir ki, kələməbənzər tərəvəzlərdə əmələ gələn kimyəvi maddələr bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Tədqiqatçılar tərəvəzin çeynənməsi zamanı əmələ gələn indol-3-carbinol adlı kimyəvi maddəni təhlil ediblər.

İnsanın həzm sistemindən keçərkən mədədəki turşunun təsiri altında həmin kimyəvi maddə dəyişikliyə məruz qalır.

Bağırsaqda bu kimyəvi maddə gövdə hüceyrələri və iltihab proseslərini idarə edən immun hüceyrələrinə təsir edir.

Tədqiqat göstərib ki, yüksək miqdarda indol-3-carbinol siçanların xərçəngə tutulmasına yol verməyib, genetik səbəblərə görə xərçəngin əmələ gəlməsi riski yüksək olan siçanlar da xərçəngə tutulmayıb. Qoruyucu tərəvəz pəhrizi olmadan isə, bağırsaq hüceyrələri nəzarətsiz qaydada bölünür.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır