Turş dadı olsa da, çox faydalıdır
18 OKTYABR
193

Turş dadı olsa da, çox faydalıdır

Zirinc qədim zamanlardan bəri tanınan və istifadə edilən bitkidir. Hələ qədim Babilistanda və Hindistanda yerli sakinlər zirinc meyvələrini qanı təmizləyən, Tibet monastrlarını idarə edən kahinlər isə ömrü uzadan vasitə hesab ediblər. Qədim slavyan təbiblərinin zirinc kökləri və qabığından hazırladığı cövhər isə soyuqdəymə və qanaxmalarda tətbiq olunurdu. Onun meyvə, kök, gövdəsi vasitəsilə yun və dəri məmulatları sarı rəngə boyanırdı.

Fins.az xəbər verir ki, tikanlı və yarpağını tökən kol bitkisi olan zirincın xırda çəlləyi xatırladan meyvələri qırmızı rəngdədir. Qurudulanda rəngi tündləşir. Turş dadına və faydalı xüsusiyyətlərinə görə onu bəzən "şimal limonu" da adlandırırlar.

Xalq təbabətində bitkinin meyvə, yarpaq, qabıq və köklərindən də müalicə vasitəsi kimi istifadə olunur. Meyvələrinin şirəsi qızdırmasalıcı, mikrob əleyhinə, qankəsici təsir göstərir. Bu bitkidən toksinlərin xaric edilməsi, orqanizmin təmizlənməsi və yaşlanma prosesini ləngitmək üçün də istifadə edirlər. Bitki həzm vəzlərinin sekresiyasını artırır, iştahanı və həzmi yaxşılaşdırır, hipoasid qastrit zamanı müşahidə olunan həzmsizlik və köp əlamətlərini aradan qaldırır. Zirincin təzə meyvələrinin yeyilməsi və ya şirəsinin içilməsi qaraciyər xəstəliklərinin, revmatizm, bəzən də sidik kisəsi və böyrəklərin iltihabının müalicəsində yaxşı nəticə verir. Ürək vurğularının sayını azaltdığı və arterial təzyiqi aşağı saldığı üçün hipertoniya və taxiaritmiya zamanı da tətbiq olunur.

Tibdə zirincin spirtli çıxarışı hepatitlərin, öd daşı xəstəliyinin müalicəsində və uşaqlıq qanaxmasının qarşısını almaq məqsədilə tətbiq olunur. Ev şəraitində həmin cövhəri hazırlamaq çox asandır. Bunun üçün 20 qram zirinc yarpağı 100 qram 70 faizli spirtdə 15 gün müddətində isti və quru yerdə saxlanılır. Alınan tünd-sarı rəngli cövhərin turşməzə dadı olur. Onun qəbulunu ən çox fibroma zamanı və abortdan sonra baş verən qanaxmalarda səmərəli vasitə sayırlar.

Az AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır