Diabet nədir və ondan necə qorunmaq olar?
16 NOYABR
212

Diabet nədir və ondan necə qorunmaq olar?

Diabet ağır xəstəlikdir. Hər il diabetdən bir milyondan çox adam ölür və bu xəstəliyə hamı tutula bilər.

Bu xəstəlik bədənin qandakı şəkərin hamısını (qlükozanı) emal edə bilmədiyi vaxt başlayır.

Diabet ürəktutmaya, insulta, korluğa, böyrəklərin sıradan çıxmasına və hətta ayaqların amputasiyasına gətirib çıxara bilər.

Bu xəstəlik miqyası artan problemlərə aid edilir - təxminlərə görə bu gün dünyada 422 milyon insan diabetlə yaşayır - bu isə, son 40 il ərzində dünyada diabet xəstələrinin sayının 4 dəfə artdığını göstərir, Ümumdünya Səhiyə Təşkilatı (WHO) bildirib.

Risklərə baxmayaraq, diabeti olan xəstələrin təxminən yarısı bundan xəbərsizdir.

Lakin həyat tərzini dəyişməklə bir çox hallarda xəstəliyin qarşısını almaq olar.

Diabetə gətirib çıxaran nədir?

Bədənimiz yediyimiz karbohidratları şəkərə (qlükoza) parçalayır.

Mədəaltı vəzdə əmələ gələn insulin adlı hormon bədən hüceyrələrinə həmin şəkəri enerjiyə çevirmək göstərişi verir.

Diabetin yaranmasına isə insulinin hasil olunmaması və ya hormonun funksiyasını yerinə yetirməməsi səbəb olur, nəticədə, qanda şəkərin miqdarı artır.

Qənd və şəkər tozu qanda qlükozanın miqdarını artırır.

Diabetin hansı tipləri var?

Diabetin bir neçə tipi var.

1-ci tip diabetdəmədəaltı vəzdə insulinin hasil olunması kəsilir və nəticədə qanda qlükozanın səviyyəsi artır.

Alimlər bunun dəqiq səbəbini bilmirlər, lakin hesab edirlər ki, bunun əsasında genetika və ya mədəaltı vəzdə insulin hasil edən hüceyrələri zədələyən viruslu infeksiya dura bilər.

Diabet xəstələrinin təxminən 10 faizində 1-ci tip diabetdir.

2-ci tip diabetdə mədəaltı vəz insulinin hasil olunmasını tam dayandırmır, amma ya kifayət qədər insulin ya hasil etmir, ya da hormonun effektiv işləməsinə nəsə mane olur.

Bədəndə qlükozanın emalını təmin edən insulin hormonu mədəaltı vəzdə hasil olunur.

Buna adətən orta yaşlı və yaşlı insanlarda rast gəlinir. Lakin 2-ci tip diabet bəzən artıq çəkisi olan və ya az hərəkət edən gənclərdə də müşahidə olunur. Bəzi xalqlar bu xəstəliyə xüsusi meyllidirlər, xüsusilə Cənubi Asiya xalqlarının nümayəndələri.

Diabet bəzən hamilə qadınlarda da diaqnozlaşdırlır. Bu cür diabetə hamiləlik diabeti deyilir: hamilə qadının bədəni qadının özü və bətnindəki uşaq üçün kifayət qədər insulin hasil edə bilmir.

Müxtəlif tədqiqatlara görə, hamilə qadınların 6-16 faizində hamiləlik diabeti yarana bilər.

Həmin qrupa aid qadınlar qandakı şəkərin miqdarına nəzarət etməli, pəhriz, fikizi aktivlik və/və ya insulin iynələri ilə onu normada saxlamalıdır ki, onlarda 2-ci tip diabetin əmələ gəlməsinin qarşısını ala bilsinlər.

Diabetin əlamətləri

Yorğunluq, susuzluq hissi, sidiyin bədəndən normadan çox çıxması dibetin simptomları ola bilər.

 

Ən geniş yayılmış əlamətləri:

  • mütəmadi susuzluq hissi
  • sidiyə normadan çox çıxmaq, xüsusilə, gecələr
  • artmış yorğunluq hissi
  • çəkinin səbəbsiz itirilməsi
  • kandidoz
  • görmə qabiliyyətinin zəifləməsi
  • gec sağalan kəsik yaralar

Britaniya Səhiyyə Sisteminin bildirdiyinə görə, 1-ci tip diabetin əlamətləri insanlarda özünü getdikçə daha gənc yaşlarda göstərməyə başlayır.

2-ci tip diabet riskinə isə yaşı 40-dan yuxarı olan insanlar daha çox məruz qalırlar (Asiya xalqlarında bu yaş həddi 25-dən başlayır); valideynləri və ya qardaş və bacılarında diabet varsa; çəkiləri normadan artıqdırsa; Cənubi Asiya, Çin, Afrika-Karib və ya qaradərili Afrika mənşəlidilərsə

Qarşısı alınandırmı?

Diabet genetik faktorlardan və ətraf mühit faktorlarından asılıdır, lakin sağlam pəhriz saxlamaqla və aktiv həyat tərzi sayəsində qanda şəkərin səviyyəsinə nəzarət etmək mümükündür.

Şəkər və emal olunmuş taxıldan hazırlanan yeməkləri meyvə və emal olunmamış taxıldan hazırlanan yeməklərlə əvəzləməklə qanda şəkərin səviyyəsinə nəzarət etmək olar.

Emal olunmuş şirin ərzaq məhsulları, şirinləşdirilmiş içkilər, ağ çörək və makaronlardan imtina etmək bu istiqamətdə atılmış ilk addım ola bilər.

Sağlam pəhrizə meyvə-tərəvəz, lobya, taxıl, təmiz bitki yağı, qoz-fındıq, omeqa-3 yağı ilə zəngin balıq kimi məhsullardan təşkil edilə bilər.

Vacibdir ki, yemək müəyyən fasilələri gözləməklə qəbul edilsin, aclıq hissi gəlməyəndə isə yemək yeyilməsin.

Fiziki aktivlik də qanda şəkərin səviyyəsinin azalmasına kömək edir.

Diabetdən qorunmaq üçün aktiv həyat tərzi aparmaq lazımdır.

Arıqlamağa çalışanda isə bunu yavaş-yavaş etmək lazımdır, misal üçün həftədə 0,5-1 kq arıqlamaq olar.

Siqaret çəkməmək və ürək-damar xəstəlikləri riski yarada bilən qandakı xolesterolun da səviyyəsinə nəzarət etmək də vacib məsələdir.

Diabetin hansı fəsadları ola bilər?

Qanda şəkərin yüksək səviyyəsi qan damarlarını ciddi sürətdə zədələyə bilər.

Bədəndə yaxşı dövran etməyən qan bədənin bəzi hissələrinə gedib çatmaya bilər, bu isə sinirlərin zədələnməsinə və ağrının hiss olunmamasına gətirib çıxara bilər.

Diabetin fəsadları ürəktutmaya, insulta, korluğa, böyrəklərin sıradan çıxmasına və hətta ayaqların amputasiyasına gətirib çıxara bilər, WHO xəbərdarlıq edir.

Diabetin fəsadları ürəktutmaya, insulta, korluğa, böyrəklərin sıradan çıxmasına və hətta ayaqların amputasiyasına gətirib çıxara bilər.

2016-cı ildə təxminən 1,6 milyon insanın ölümünə birbaşa diabet səbəb olub.

Diabetə nə qədər adam tutulub?

1988-ci ildə dünyada 108 milyon diabet xəstəsi var idisə, 2014-cü ildə bu rəqəm 422 milyona çatıb, WHO bildirir.

Beynəlxalq Diabet Federasiyasının təxminlərinə görə, böyüklər arasında diabet xəstələrinin təxminən 80 faizi yoxsul və adambaşına gəlir orta hesab edilən ölkələrin payına düşür.

İnkişaf etmiş ölkələrdə diabet xəstələrinə əsasən emal olunmuş və ucuz yeməklərə vərdiş etmiş aşağı gəlirli təbəqələrin təmsilçiləri arasında daha çox rast gəlinir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır