Yay istiləri uşaqlar üçün təhlükəli ola bilər – PEDİATR
16 AVQUST
222

Yay istiləri uşaqlar üçün təhlükəli ola bilər – PEDİATR

Ölkə ərazisində müşahidə edilən yüksək temperatur insanların səhhətinə ciddi təsir göstərir. Onlar günvurmadan huşunu itirir, qaytarır, halsızlıq ilə üz-üzə qalırlar. İyunun 1-dən bu günə qədər Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 100-ə yaxın müraciət daxil olub ki, onların 17-si uşaqlarla bağlıdır.

Fins.az xəbər verir ki, bu barədə SalamNews-a açıqlamasında pediatr Günay Rəsulova məlumat verib.

Pediatr qeyd edib ki, isti havalarda valideynlər uşaqlarına qarşı çox diqqətli olmalıdırlar: "Günün ən isti saatlarında - saat 11.00 ilə 17.00 aralığında uşağı günün altına çıxarmaq olmaz. Bu saatlarda çölə çıxmaq məcburiyyətində qalınsa, mütləq, uşağın başına qoruyucu papaq qoyulmalı və ya çətir tutulmalıdır. Uşaqlara bol su verin. Ayran da ola bilər. Amma çay məsləhət görülmür. Xüsusilə şirin çay vermək olmaz".

Pediatr bildirib ki, günün isti saatlarında uşaqları 2 dəfə çimizdirmək, çox tərləyən uşaqların bədənini, büküşlərini əlavə olaraq ilıq su ilə silmək məsləhətdir: "Uşaqlara yüksək kalorili, şəkərli, un məmulatları əvəzinə, bol vitaminli, asan həzm olunan yeməklər verməyə çalışın. İstidə yemək istəməyən uşağı məcbur etməyin. Əvəzinə bol maye verin. Körpələrin geyimləri isə sərin, dəri tənəffüsünə mane olmayacaq boş geyimlər olmalıdır".

Günay Rəsulova bildirib ki, əgər isti havalarda uşaqlarda qusma, baş ağrısı, hərarətin yüksəlməsi, halsızlıq, süstləşmə və ya iştahsızlıq kimi hallar müşahidə edilirsə, bu o deməkdir ki, uşaq istivurma və ya günvurmaya məruz qalıb: "Belə hallar baş verdikdə uşağa duş aldırmaq, sərin yerə aparmaq və simptomlara görə, qızdırma varsa, qızdırmanı düşürmək və sair ilkin yardımlar edib təcili tibbi yardım çağırmaq lazımdır. İstidən qorunmaq üçün kondisionerdən də düzgün istifadə etməyə çalışın. Tempetatur 22-25 dərəcədən aşağı olmamalı, kondisioner havası birbaşa uşağın üstünə düşməməlidir. Yaxşı olar ki, uşaqların otağının qonşuluğundakı otaqda kondisionerdən istifadə edilsin".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır