Qeyri-infeksion xəstəliklərin risk amillərinin öyrənilməsi üçün tədqiqat aparılacaq
16 AVQUST
204

Qeyri-infeksion xəstəliklərin risk amillərinin öyrənilməsi üçün tədqiqat aparılacaq

Bu gündən avqustun 19-dək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında sorğunun keçirilməsi ilə bağlı təlim təşkil ediləcək. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, təlim Azərbaycanda qeyri-infeksion xəstəliklərin (QİX) risk amillərinin öyrənilməsinə dair aparılacaq tədqiqatla bağlı mütəxəssisləri hazırlamaq üçün nəzərdə tutulur. ÜST-nin ekspertləri tərəfindən aparılacaq təlim həm nəzəri, həm də praktiki məşqələlərdən ibarət olacaq.

STEPS-2017 sorğusu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən ÜST-nin dəstəyi ilə cari ilin avqust ayının sonlarından oktyabrın ortalarınadək keçiriləcək. STEPS sorğusu əhalinin tibbi xidmətinin yaxşılaşdırılması və sağlamlığının qorunması üçün 2017-ci ildən etibarən Səhiyyə Nazirliyinin əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın həyata keçirilməsi barədə əmri əsasında müntəzəm olaraq keçiriləcək.

Sorğuda iştirak etmək üçün Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycanın 9 iqtisadi zonası üzrə 240 klasterdən ümumi hesabla 2881 ev təsərrüfatı seçilib. Respondentlərə sosial-demoqrafik, qidalanma, alkoqolun və tütünün istifadəsi, fiziki aktivlik haqqında suallar təqdim olunacaq. Sorğu-sual mərhələsi planşetlər vasitəsi ilə elektron formatda aparılacaq. İştirakçıların fiziki göstəriciləri (boy, çəki, qarının dairəvi ölçüsü, ombanın dairəvi ölçüsü, qan təzyiqinin və nəbzin ölçülməsi) təyin olunacaq. Tədqiqatın son mərhələsində isə, biokimyəvi nümunələrin analizi aparılacaq. Respondentlərdən analiz üçün qan nümunəsi (qanda şəkərin və lipidlərin miqdarını öyrənmək məqsədilə) və sidik nümunəsi (sidikdə sodium və kreatinin miqdarını öyrənmək məqsədilə) götürüləcək.

© SİA.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır