Həkim-ginekoloq Rəşad Sultan: Kistalar sonsuzluq yaratmır
31 AVQUST
103

Həkim-ginekoloq Rəşad Sultan: Kistalar sonsuzluq yaratmır

Həkim kimi bizim vəzifəmiz yalnız diaqnoz qoyub əməliyyat etməkdən ibarət deyil. Fins.az xəbər verir ki,xəstəliyin müalicə taktikasını müəyyənləşdirərək, onu əsaslandırıb pasiyentə və yaxınlarına onların başa düşəcəyi dildə izah etmək də bizim vəzifə borcumuzdur. Bir əməliyyata qərar verildikdə həkimə “Niyə məhz əməliyyat?”, “Əməliyyat olunduğu təqdirdə nə kimi fəsadlar ola bilər?”, “Əməliyyatla əlaqədar nə fəsad ola bilər?” sualları verilməli və cavab alınmalıdır. Bundan əlavə mütləq çıxarılan toxumanın patohistoloji nəticəsi istənməli və bir nüsxəsi xəstədə qalmalıdır.

Həkim deyib: “Yumurtalıq kistası çox geniş məfhumdur. Kista içi maye ilə dolu qovuq, kisə deməkdir. Yumurtalıq toxumasının xüsusiyyətləri ilə əlaqədar olaraq bu orqanın xəstəlikləri çox vaxt qovuq şəklində özünü göstərdiyinə görə yumurtalıq kistası çox geniş yelpazədə dəyişən patologiyaları özündə birləşdirən bir anlayış olub. Ultrasəs müayinəsi ginekoloji müayinənin bir parçası olduğu son zamanlarda isə kista diaqnozu daha çox qoyulmağa başlayıb. Bu, işimizi asanlaşdırdığı kimi, differensial diaqnostika və taktiki baxımdan çətinliklər yaradır. Belə ki, artıq hamıya aydın olduğu kimi hər kista xəstəlik sayılmır. Kistaların çoxu funksionaldır, yəni, yumurtalığın normal fiziologiyası ilə əlaqədardır və periodik olaraq əmələ gəlib sovrulur. Beləliklə, bizim həkim kimi vəzifəmiz kistaları fərqləndirmək və düzgün müalicə taktikasını seçməkdən ibarətdir.

Kistalar iki böyük qrupa ayrılır-orqanik və funksional olanlar. Funksional kistaları yumurtalıqda yetişən follikullardır. Bəzən çox böyük olub bizi qorxudmalarına baxmayaraq əmələ gəldikləri kimi, zamanla sovrulurlar. Nadir hallarda partlayıb daxili qanaxma da verə bilirlər, lakin “partlayar, qanaxma verər” deyə funskional kistaları əməliyyat etməyə dəyməz, çünki, bu, nadir hallarda olur və baş verdiyi zaman yalnız əməliyyat etmək lazımdır. Əks halda follikulu yetişən hər qadını əməliyyat etməli olarıq.

Orqanik kistalar isə şiş mənşəli olanlar və olmayanlardır. Şiş mənşəli olmayanlardan ən çox yayılanı şokolad kistalarıdır. Bunlar endometrioz xəstəliyinin yumurtalıqda bir təzahürüdür. İçərisinə hər menstruasiya zamanı qan sızması səbəbilə ərimiş şokoladı xatırladır. Bunları xarakterik ultrasəs görüntüsünə görə tanımaq çox asandır. Bu tip kistalarda taktika mübahisəlidir və daha çox ölçüsünə görə qərar verilir.

Şiş mənşəli kistalar isə xoşxassəli və bədxassəli olmaqla iki qrupa bölünür. Bizim həkim kimi əsas vəzifəmiz bədxassəli kistaları vaxtında aşkar edib, düzgün cərrahi taktikanı seçməkdən ibarətdir. Yumurtalıqların qarın boşluğu daxilində, əlçatmaz orqanlardır. Toxuma parçası götürüb mikroskop altında baxmadan şiş diaqnozu qoymaq mümkün olmadığına görə, yalnız dolayı yollarla bu fərqləndirməni aparmaq mümkündür. Bədxassəliliyi müəyyən etmək üçün bir sıra kriteriyalar ayırd edilib ki, differensial diaqnostika və müalicə taktikasının seçilməsində məhz həmin kriteriyalara əsaslanılır.

Qeyd edək ki, orqanik kistalar bədxassəli və ya xoşxassəli olmasına baxmayaraq geriyə sovrulmur. Müəyyən ölçülərdə zamanla əməliyyata ehtiyac duyulur. Amma əməliyyat taktikası bədxassəli şişlərdə daha radikal olduğuna görə bu differensiasiyanı aparmaq vacibdir. Bəzən nəinki ultrasəs görüntüsünə görə, hətta əməliyyat daxilində öz gözümüzlə baxaraq fərqləndirmək mümkün olmur. Belə hallarda köməyə təcili patohistoloji müayinə gəlir. Yəni yumurtalıq kəsilərək təcili mikroskopik müayinəyə göndərilir. Müayinənin cavabı hazır olanadək, təxmini yarım saata müddətinə əməliyyat gözlənilir və cavaba əsasən yekunlaşdırılır.

Qız analarını, gənc xanımları narahat edən əsas məqamlardan biri də, kistaların sonsuzluq yarada biləcəyi fikridir. Belə ki, bəlli olduğu kimi yumurtalıqlar çoxalma orqanıdır. Bir cümlə ilə desək, kistalar sonsuzluq yaratmır. Kistalar yumurtalığı zədələmir, sadəcə onun üzərində inkişaf edir. Lakin lazımsız kista əməliyyatları yumurtalığı zədələyə bilər. Bu səbəbdən kistaya görə əməliyyat taktikasının düzgün seçilməsi çox vacibdir. Xəstəyə verə biləcəyimiz fayda zərərdən daha çox olmalıdır.

Qadınları narahat edən problemlərdən biri də polikistozdur. Bu xəstəliyin kista ilə heç bir əlaqəsi yoxdur. Sadəcə, ad bənzərliyi var. Bu, yumurtalıqda follikul yetişməsinin pozulduğu bir vəziyyətdir.

Qeyd olunan ümumi mövzunun yekunu və nəticəsi olaraq onu da vurğulamaq istərdim ki, yumurtalıq kistası, sadəcə, bir ultrasəs görüntüsüdür. Konkret bir xəstəlik deyil. Hər kista sözünə görə qorxmaq lazım deyil. Hər kista əməliyyat olunmalı deyil. Lakin xərçəng şübhəsi olanlar əməliyyat olunur ki, onların da özlərinə məxsus kriteriyaları var. Hər xəstə əməliyyata gedərkən bu barədə maarifləndirilməlidir. Gənc qadınları ən çox qorxudan “partlaya bilər”, “burula bilər” hallarda isə təcili əməliyyat edilə bilir. Lakin olma ehtimalı ilə hamını əməliyyat etməyə ehtiyac yoxdur. Onu da qeyd edim ki, yumurtalıq xərçənginin diaqnostikası, əməliyyatı və müalicəsi sahəsində dünyada qəbul edilmiş standartlar ölkəmizdə də tətbiq olunur. Bura əməliyyatdaxili patohistoloji müayinə də daxildir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır