Daxili orqanları “görən" kamera hazırlandı
12 SENTYABR
35

Daxili orqanları “görən" kamera hazırlandı

Şotlandiyanın Edinburq Universitetinin tədqiqatçıları rentgen şüalarını tətbiq etmədən daxili orqanları “görən” kameranın prototipini hazırlayıblar.

Qurğu endoskopik müayinələrə nəzarət üçün istifadə ediləcək.

Endoskoplar pasiyentin orqanizminə daxil edilən optik cihazlardır. Məsələn, mədə, onikibarmaq bağırsaq və qida borusunun divarlarının müayinəsi zamanı elastik endoskop ağız və ya burun vasitəsilə daxil edilir. Belə müayinə pasiyentin bədənində əlavə kəsiklər tələb etmədiyindən, onun vəziyyətinin ağırlaşması ehtimalını azaldır. Endoskopla aparılan bir çox müayinələr rentgen nəzarəti altında həyata keçirilir ki, bu da qurğunun orqanizmdə vəziyyətini dəqiq müəyyən etməyə imkan verir. Lakin rentgenoqrafiyanın bir sıra mənfi cəhətləri var: ionlaşdırıcı şüanın təsiri, müayinə zamanı cihazın işinin qiyməti və s.

Yeni kamera rentgen nəzarətindən imtina etməyə imkan verəcək. Müasir endoskoplar qeyri-invaziv əməliyyatlar zamanı əlavə işıqlandırma üçün işıq mənbəyi ilə təchiz edilib. Bu mənbənin fotonları kamera tərəfindən tutulur. Onun foton detektorlarının iş prinsipi “ballistik” fotonların qeydə alınmasına əsaslanır. Bu hissəciklər düzxətli trayektoriyalara yaxın trayektoriyalar üzrə hərəkət edir və işıq mənbəyindən gedən fotonların əksəriyyəti ilə müqayisədə praktik olaraq dağılmır. “Ballistik” hissəciklər dağılmış hissəciklərdən daha az olur. “Ballistik” və dağılmış fotonların qeydəalınma vaxtını müqayisə etməklə endoskopun harada olduğu barədə nəticə çıxarmaq olar.

İstehsalçılar heyvanların ağciyərinin daxilində işıq mənbələrini yerləşdirərək prototipi sınaqdan keçiriblər. Toxumaların təxminən 20 santimetr qalınlığında siqnalı qeydə almaq mümkün olub. Bu kameranın gələcəkdə həkimlər üçün mühüm avadanlığa çevriləcəyi bildirilib.

©Lent

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır