Altsheymer xəstələrinin çoxalması uzunömürlüyün artması ilə əlaqədardır
21 SENTYABR
79

Altsheymer xəstələrinin çoxalması uzunömürlüyün artması ilə əlaqədardır

Sentyabrın 20-də Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində Dünya Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Gününə həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbir Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Tibb.fins.az bildirir ki, tədbirdə mərkəzin direktor müavini Rüstəm Salayev və müalicə-konsultativ şöbəsinin müdiri Səbinə Rəşidova Altsheymer xəstəliyinin simtomları, müalicəsi və profilaktikası barədə məlumatlar veriblər. Xəbəri Azərtac yayıb.

Bildirilib ki, 1907-ci ildə alman psixiatrı Aloes Altsheymer tərərəfindən təsvir edilmiş bu xəstəlik beynin neyro-degenerativ problemidir. Bu gün Altsheymer xəstələrinin çoxalması əhali arasında uzunömürlüyün artması ilə əlaqədardır və müasir dövrdə bu xəstəliyin qarşısının alınması üçün müasir farmakoloji və müxtəlif psixo-sosial müdaxilələr mövcuddur.

Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2050-ci ildə bu xəstəlikdən əziyyət çəkənlərin sayı dörd dəfə artacağı ehtimal olunur. Hazırda Azərbaycanda bu xəstəlik hər 100 nəfərdən 1.6-da rast gəlinir. Əsasən yaşlı nəsl nümayəndələri arasında rast gəlinən xəstəlik 60-70 yaş qrupuna daxil olan insanlarda 1.6 faiz, 70-80 yaş qrupunda 20 faiz, 80 yaşdan yuxarı olanlarda isə 40 faizində müşahidə edilir. İlkin mərhələdə aşkarlanıb müalicə olunduqda bu problemlə 20 ilədək yaşamaq mümkündür.

Xəstəliyə tutulma risk qrupuna əsasən piylənmə, hipertoniya, şəkərli diabet kimi problemi olanlar daxildirlər. Səhiyyə Nazirliyi tərəfindən Altsheymer xəstəliyindən əziyyət çəkən insanlara yardım göstərilməsi məqsədilə bir çox işlər görülüb. Belə ki, 2013-cü ildən Altsheymer xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokollar işlənilib hazırlanıb, xəstəliyin skirininqini aparmaq üçün protokollar tərcümə və adaptasiya olunub, psixiatr, nevropatoloq və terapevtlər üçün treninqlər keçirilib. Bir sıra ümumi profilli xəstəxanalar müasir MRT aparatları ilə təmin olunub, poliklinikalara xəstəliyin qarşısının alınması üçün müəyyən qrup dərmanlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır