Azərbaycanda eşitmə qüsurlu şəxslərin sayı artıb
10 OKTYABR
679

Azərbaycanda eşitmə qüsurlu şəxslərin sayı artıb

 Azərbaycanda qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri (eşitmə qüsurlu) üzrə sağlamlıq imkanları məhdud və ya əlil statusu almış şəxslərin sayı artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, keçən il üçün ölkədə ilk dəfə sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı 347 nəfər (2015-ci ildə 268 nəfər) təşkil edib. Həmin şəxslərdən 56,5 faizi kişi, 43,5 faizi isə qadındır.

Bundan başqa, adıçəkilən xəstəlik üzrə ilk dəfə əlil hesab edilən 18 və yuxarı yaşda şəxslərin sayı keçən il üçün 370 nəfər (2015-ci ildə 319 nəfər) təşkil edib. Həmin şəxslərdən 58,6 faizi kişi, 41,4 faizi isə qadın olub. Onlardan 18-29 yaşda olanların sayı 78, 30-35 yaşda olanların sayı 36, 36 və yuxarı yaşda olanların sayı isə 256 nəfər təşkil edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinə əlilliyə və sağlamlıq imkanlarının məhdudluğuna dair məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən toplu şəkildə təqdim olunur.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır