Dünyada 124 milyondan çox uşaq köklükdən əziyyət çəkir
12 OKTYABR
674

Dünyada 124 milyondan çox uşaq köklükdən əziyyət çəkir

Son qırx ildə dünyada köklükdən əziyyət çəkən uşaqların (5-19 yaş arası) sayı on dəfə artıb.

Mərkəzi qərargahı Cenevrədə yerləşən Dünya Səhiyyə Təşkilatına istinadla bildirir ki, 2016-cı ildə dünyada köklükdən əziyyət çəkən uşaqların sayı 124 milyon nəfər olub. Bu göstərici 1975-ci ildə 11 milyon nəfərə bərabər olub.

Beynəlxalq təşkilatın 11 oktyabr-Dünya Adipositas (köklük, şişmanlıq) Günü münasibətilə açıqladığı hesabatda 213 milyon uşağın çəkisinin isə norma göstəricilərindən yuxarı olduğu qeyd edilib. Dünya əhalisinin sayının artması müvafiq olaraq köklükdən əziyyət çəkən uşaqların sayının da artmasına gətirib çıxarıb. Buna baxmayaraq, təşkilatın ekspertləri faiz göstəricilərinin heç də ürəkaçan olmaması qənaətindədirlər. Belə ki, 1975-ci ildə uşaqların cəmi 1 faizi kök idisə, indi qızların təxminən 6, oğlanların isə təxminən 8 faizi şişmandır.

Hesabatda qeyri-sağlam qidaların (fast food) reklamı və uşaqlar arasında sevilməsi, sağlam qida məhsullarının qiymətinin baha olması, az hərəkət uşaqların köklüyə meyil etməsinin əsas səbəbləri kimi göstərilib.

Təşkilatın hazırladığı hesabat dünyanın 200-dən çox ölkəsində aparılmış 2400-dən artıq populyasiya yönümlü tədqiqatlar əsasında tərtib olunub.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır