İnsanı öldürür, amma heç kim ondan əl çəkmir - Bu ölümdən necə qorunmalı?
27 OKTYABR
742

İnsanı öldürür, amma heç kim ondan əl çəkmir - Bu ölümdən necə qorunmalı?

Bir çoxları zəhərlənmədən çəkindiyi üçün göbələk yemir. Habuki, bu tərəvəzin çox spesifik dadı və bəzi hallarda faydası var. Lakin sirr deyil ki, sıravi vətəndaşlar göbələyin zəhərli olduğunu ayırd etməkdə çətinlik çəkir və buna görə də sonda faciə yaşanır. Elə Abşeronda bir ailənin dörd övladından ikisinin göbələk zəhərlənməsindən dünyasını dəyişməsi, digərlərinin ömürlük əlil olması bu məsələdə bir daha ciddi siqnal oldu.

Bəs göbələk sevənlər nə etməlidirlər? Zəhərli göbələyi zəhərsiz göbələkdən necə ayırmaq olar? Göbələklər ilə zəhərlənmə zamanı nə etməli?

Fins.az Publika.az-a istinadən xəbər verir ki, bu suallara Azərbycan Tibb Universitetinin toksikoloqu, tibbi elmləri üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev cavab verib.

Göbələk – çətin həzm olunan məhsuldur

İ.Əfəndiyev qeyd edir ki, göbələkləri yeməli, şərti-yeməli, praktiki yeyilməyən və zəhərli göbələklərə bölmək olar: “Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bütün yeməli göbələklər çətin həzm olunan məhsullara aiddirlər. Göbələklərin əsas tərkib hissəsini göbələk lifi və xitinəbənzər maddələr təşkil edir ki, bunlar da orqanizm tərəfindən çətin həzm olunur və yüksək fermentativ aktivliyə - sekresiya və sorulmanın kəskin gücləndirilməsinə malikdirlər. Buna görə də, qida rasionunda yeməli göbələklərin üstünlük təşkil etməsi həzm traktının, qaraciyər funksiyasının ciddi pozğunluqlarına gətirib çıxarır. Xüsusilə, qidada göbələklərdən istifadə edən, mədə-bağırsaq traktının xroniki xəstəliklərindən (qastrit, pankreatit, xolesistit və s.) əziyyət çəkən insanlara ehtiyatlı olmağı tövsiyə edirik”.

Həkim bildirir ki, Şimalda və Şərqdə yaşayan bir çox millətlərin, eləcə də, ənənəvi Azərbaycan mətbəxində hazırlanan yeməklərdə göbələklərdən istifadə olunmur.

Bu göbələyin ən kiçik hissəsi də adamı öldürür

Respublika ərazisində yetişən ən zəhərli göbələk Solğun əzvaydır (Amanita cinsinə məxsus). Bu göbələyin hətta kiçik bir hissəsinin yeyilməsi ölümə səbəb ola bilər. Solğun əzvayın toksinləri termostabildir və onun qaynadılması, qurudulması və qızardılması zamanı dağılmır. Dadı və iyinə görə qurudulmuş və ya bişirilmiş zəhərli göbələyi yeməli göbələkdən ayırd etmək olmur. Göbələkləri yığarkən, adətən, solğun əzvayı şampinyon göbələyi ilə səhv salırlar.

Solğun əzvay göbələyinin tərkibində bir neçə zəhərli qrup maddələr var, ən zəhərlisi isə amanitinlərdir. Bu göbələyin toksinləri əsasən qaraciyərə təsir etməklə, qaraciyər və qan hüceyrələrini məhvinə səbəb olur. Nəticədə, qaraciyərin distrofiyası və nekrozu inkişaf edərək, ölümə gətirib çıxarır.

Tibb elmi bir yerdə dayanmır. Bu yaxınlarda alimlər zəhərli göbələklər ilə zəhərlənmə zamanı çox yaxşı tanınan penisillin dərmanının müalicəvi effektini aşkar etmişlər.

Göbələk ağır zəhərlənmə verir

İ.Əfəndiyevin sözlərinə görə, zəhərlənmənin ilkin simptomları göbələyin qəbulundan 6-48 saat sonra özünü göstərir: “Təəssüf ki, bu vaxta qədər toksinlərin çoxu artıq bağırsaqdan qana sorulur və dağıdıcı funksiyası işə başlamış olur. Zəhərlənmə kəsilməyən qusma, qarın ağrısı, tez-tez duru ishalla başlayır. Qan təzyiqi enir, sarılıq yaranır, qaraciyər isə böyüyür. Uşaqlar isə göbələk zəhərinə qarşı daha həssasdırlar.

İlkin yardım tədbirləri kimi mədə və bağırsaqları təmizləmək, zərərçəkmişə aktivləşdirilmiş kömür vermək və ən qısa zamanda toksikoloji mərkəzə çatdırmaq lazımdır.

Son illər əzrində toplanan statistik məlumatlara baxsaq, il ərzində göbələklə zəhərlənmə hadisələrin sayı 50-60-ı keçmir. Əgər, bu məlumatların ölüm faizinə baxsaq, görərik ki, bu zəhərlənmələrdən ölüm hallarının sayı zəhərli ilanlardan ölənlərin sayına bərabərdir. Xüsusən, bu zəhərlənmə uşaqlarda proqnostik ağırdır”.

Yol kənarından göbələk almayın!

Qeyd etmək lazımdır ki, bir çox yeməli göbələklər müəyyən inkişaf dövrlərində özlərində müxtəlif zəhərli maddələr toplayırlar. Bundan əlavə, ekoloji cəhətdən əlverişsiz bölgələrdə yetişən göbələklər özlərində külli miqdarda toksiki ağır metallar, kanserogen maddələr, avtomobil yanacaqlarının natamam yanma məhsullarını toplayırlar. Buna görə də, nəqliyyat yolları kənarında satılan göbələkləri almaq tövsiyə edilmir. Avropanın bir çox ölkələrində təbii şəraitdə toplanan göbələklərin istifadəsinə qadağa qoyulub və yalnız süni şəkildə qapalı yerlərdə yetişdirilməsinə icazə verilir.

Qarabasma verən göbələklər

Həkim onu da qeyd edib ki, son vaxtlar isə hallüsinasiya verən göbələklər haqqında şayiələr gəzir: “Bu doğrudur - hallüsinasiya (onları hətta “sehrli” də adlandırırlar) verən göbələklər mövcuddur.
"Bu göbələklər Psilociba sinifinə aiddirlər və LSD ilə eyni təsirə malikdirlər. Bu göbələklərin vətəni Şimali Amerika sayılır və əsrlər boyu Hindilər tərəfindən dini mərasimlərin aparılmasında istifadə olunurdu. Bu göbələkləri yedikdən 30-60 dəqiqə sonra insanın ətraf mühitdəki reallığı qavraması pozulur, məsələn “səsi görmək”, “işığı eşitmək” kimi hallüsinasiyalar əmələ gəlməyə başlayır. Xoşbəxtlikdən, Azərbaycanda belə göbələklər bitmir, lakin Avropanın qərb ölkələrində və Rusiyada bu göbələkləri satış məqsədilə süni şəraitdə yetişdirilir və internet qlobal şəbəkəsi vasitəsilə satışa buraxılır. Buna görə də, Azərbaycanda gənc nəsil bu təhlükəli maddələrin riski altında ola bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır