Şəkər xəstəliyindən əziyyət çəkən dünyanın ən hündür dağ zirvələrini fəth edib
30 OKTYABR
79

Şəkər xəstəliyindən əziyyət çəkən dünyanın ən hündür dağ zirvələrini fəth edib

Səyahət etməyi sevən insanlar çox olduğu kimi, etdiyi səfərlərlə bir sıra rekordlara imza atan səyyahlar da kifayət qədərdir. Avstriyalı səyyah, 61 yaşlı Qerhard Vinklerin tarixçəsi isə tamamilə başqadır. 1984-cü ildə birinci tip şəkər xəstəliyinə tutulan Qerhard Vinkler ömrünün az qaldığını düşünərək Tanrının ona bəxş etdiyi müddətdə mümkün qədər çox ölkəni səyahət etmək qərarına gəlir. Hələ gənclik dövründən səyahət etməyə maraqlı olan riyaziyyat müəllimi məzuniyyətlərini dünyanın müxtəlif ölkələrinə keçirib.

Dünyanın ən çökək nöqtəsindən (-411 m, Ölü dəniz) planetimizin ən yüksək nöqtəsinə (8848 m, Himalay dağları) səyahət edən Q.Vinkler indiyədək BMT tərəfindən tanınmış 193 ölkədə olub. Eyni zamanda, hər bir materikin ən yüksək dağ zirvəsini (7 zirvə) fəth edib.

Sözsüz ki, 7 zirvəni fəth edən və aktivindəki ölkələrin sayı Q. Vinklerdən daha çox olan səyyahlar da var. Lakin Q. Vinklerin bütün digər səyyahlardan fərqi bu səfərləri insulin istifadəçisi olan şəkər xəstəsi kimi uğurla həyata keçirməsindədir.

Hələ 28 yaşı olarkən ona diabet diaqnozu qoyan həkim pəhriz və nizamlı həyat tərzi ilə əlli yaşadək yaşaya biləcəyini desə də, Q. Vinkler bu xəbərdən sarsılmayıb. 1987-ci ildə ilk şəkər xəstəsi kimi Vyana şəhər marafonuna qatılan Q.Vinklerin məqsədi ekstremal dağ idmanı və səyahətlə öz fiziki imkanlarını yoxlamaq olub.

61 yaşlı səyyah hələ də səyahət etməkdən doymayıb. Avstriya radiosuna verdiyi müsahibədə o, növbəti səyahətin marşrutunu həyat yoldaşına həvalə etdiyini bildirib. Bir çox ölkələrə səfər zamanı ərini müşayiət edən Silvia Alferi eyni zamanda həyat yoldaşının sağlamlığını daim diqqətdə saxlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır