Ürək-damar xəstəlikləri dünyada ən çox yayılan xəstəliklər üçlüyünə daxildir
31 OKTYABR
168

Ürək-damar xəstəlikləri dünyada ən çox yayılan xəstəliklər üçlüyünə daxildir

Ürək-damar xəstəlikləri dünyada daha geniş yayılan xəstəliklər üçlüyünə daxildir. Kişilərdə insulta daha tez-tez rast gəlinir. İnsultun əsas səbəbləri hipertoniya, ürəyin işemik xəstəliyi və xolesterinin yüksək olması, qeyri-sağlam həyat tərzi - düzgün qidalanmama, hərəkət fəallığının azlığı, siqaret və alkoqoldan istifadə hallarıdır.

Tibb.Fins.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirlər oktyabrın 30-da akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (RKX) Ümumdünya İnsultla Mübarizə Gününə həsr olunmuş mətbuat konfransında səsləndirilib.

Tədbirdə çıxış edən RKX-nın cərrahları Xanlar Həsənov və Elmir Əsgərov, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti Rəhim Əliyev diqqətə çatdırıblar ki, son illər bir çox inkişaf etmiş ölkələrdə insult və bununla bağlı ölüm halları azalıb. Lakin əhalinin demoqrafik qocalması və insultun əmələgəlmə amillərinə kifayət qədər diqqət yetirilməməsi nəzərə alınarsa, belə pasiyentlərin sayının artacağı gözlənilir. Dünya Səhiyyə Təşkilatının proqnozlarına görə, 20 il ərzində dünyada insult riski 30-35 faiz azalacaq, eyni zamanda, əhalinin qocalması ilə əlaqədar, bu xəstəlik 11 faiz artacaq.

Mətbuat konfransında qeyd edilib ki, Səhiyyə Nazirliyinin statistikasına əsasən, hər 100 min əhaliyə 200-300 nəfər insult xəstəsi düşür. Bununla belə, insult keçirən xəstələrin 30 faizi xəstəlik başlandıqdan sonrakı bir ay ərzində həyatını itirir. Pasiyentlərin üçdəbiri insultdan sonra kənar şəxslərin köməyinə ehtiyacı olan əlillik qrupuna daxildir. Xəstələrin qalan hissəsi bərpa dövründən sonra əmək fəaliyyətinə qayıda bilir.

Mütəxəssislər diqqətə çatdırıblar ki, profilaktik tədbirlər vasitəsilə insult hallarının 80 faizinin qarşısını almaq mümkündür. Hətta sağlam həyat tərzinə doğru atılan cüzi addım və fiziki aktivlik insult riskini azaldır. Bundan əlavə, hər kəs ildə bir dəfə hərtərəfli tibbi müayinədən keçməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır