Ümumi narkoz nə qədər etibarlıdır?
03 NOYABR
302

Ümumi narkoz nə qədər etibarlıdır?

Hər gün dünyada minlərlə cərrahiyyə əməliyyatı aparılır. İl ərzində həyata keçirilən cərrahi müdaxilələrin sonra statistiki təhlili aparılaraq elmi konfranslarda məruzə edilir, eləcə də jurnallarda çap edilir. Tibbi terminlər əhalinin əksəriyyəti üçün anlaşılmaz olduğundan, eləcə də detallı məlumata maraq göstərilmədiyindən vətəndaşların yeganə məlumat mənbəyi dost-tanışın danışdıqları olur. Onlar isə çox vaxt əməliyyatdan, xüsusilə də ümumi anesteziyadan qorxaraq bəhs edirlər.

Elə isə, anesteziyadan qorxmaq lazımdır mı?

İnsan bədənində cərrahi əməliyyatlar ibtidai-icma quruluşundan etibarən həmişə aparılmışdır. Müdaxilələr hər zaman mürəkkəb deyildi – sadə sünnət də cərrahi əməliyyat sayılır axı. Lakin sadə əməliyyatlar zamanı belə insanların qorxduğu əsas şey ağrı idi.

Ağrı nə qədər vacib faktor olsa da, insanların eyni zamanda əməliyyat olacağı üçün təşviş, qorxu keçirdiyini də görürük. Nə də olsa, aparılan müdaxilənin nə qədər uğurlu olacağı sualı da insanın beynini gəmirir.

Təşviş içində soyuq tərlər tökən və ağrıdan qışqıran xəstələr əl-qol hərəkətləri edir, cərraha mane olurdular. Bu da müdaxilənin başarısını azaldan səbəblərdən biri idi.

Minillər boyu xəstənin əl-qolunu bağlayaraq keyləşdirmə aparmadan cərrahi əməliyyatlar həyata keçirilirdi. Amma XX əsrdə xəstələrin imdadına yetişən kəşflər sayəsində bu gün bildiyimiz keyləşdirmə, elmi adı ilə anesteziya meydana çıxdı.

Anesteziyanın növləri çox olsa da, biz, bu gün ancaq ümumi anesteziyadan söhbət açacayıq. Xəstələri əməliyyat vaxtı təşviş, ağrının narahat etdiyi, eləcə də hərəkət qabiliyyətini məhdudlaşdırmaq lazım gəldiyi üçün müasir ümumi anesteziya və ya narkoz 3 ana qisimdən ibarətdir:

  • Huşun qapadılması, ya da xəstənin yatırılması.
  • Ağrı hissinin yox edilməsi.
  • Əzələlələrin müvəqqəti iflic edilərək hərəkət qabiliyyətinin məhdudlaşdırması.

Çoxumuz xəstənin yatırılmasının ağrını kəsmək üçün kifayət olduğunu düşünür. Amma bu gün xəstənin yatırılması üçün istifadə edilən dərmanların əksəriyyətinin ağrıkəsici təsiri ya heç yoxdur, ya da çox cüzidir. Yatmış insan onsuz da hərəkət etmir, əzələləri niyə iflic edirsiniz deyə soruşmaq da məntiqli görünsə də, xəstəni tam hərəkətsizləşdirmə çox vaxt labüddür. Qarın və döş boşluqlarında, oynaq və sümüklərdə aparılan əməliyyatların mütləq əksəriyyətində əzələlərin boşalması vacibdir.

Ümumi narkoz zamanı xəstəyə yatırmaq, ağrını kəsmək və əzələləri iflic etmək üçün 3 qrup dərman verildiyini yadda saxlamaq lazımdır.

Anesteziya riski

Dünyada mükəmməl heç bir şeyin olmadığı kimi, anesteziyanın da riskləri mövcuddur. Cərrahi əməliyyatın xəsarəti bir yana, narkozun özünün də kifayət qədər zərərli bir prosedur olduğu məlumdur. Xəstəyə əməliyyatın özündən başqa sadəcə ümumi anesteziya verilməsi belə onun zərər görməsinə, hətta bəzən həyatını itirməsinə gətirib çıxara bilər.

Görəsən bu risklər nə qədərdir?

Elmi ədəbiyyatda ümumi anesteziyanın riskləri kifayət qədər işıqlandırılmışdır. Biz, öz növbəmizdə işin çox ayrıntılarına qaçmadan siz vətəndaşlarımıza bu məqalələrdən biri haqqında danışacayıq. Bunun üçün Hollandiyadan bir qrup anestezioloqun dərc etdiyi məqaləyə nəzər yetirək.

 

Bu gün sadəcə anesteziyaya bağlı ölüm halları hər 10 000 ümumi narkozdan 0,5-dən 10-a qədər hallarda görüldüyü bilinir. Bunun səbəbinin istifadə olunan dərmanlar və anesteziya texnikasının özü olduğu düşünülür.

Xəstəyə, əməliyyata və xəstəxanaya bağlı risk faktorları.

 
Xəstənin cinsinə, yaşına, aparılan müdaxilə və xəstəxanaya bağlı risk faktorlarının cədvəli.

Cədvəldə görülən rəqəmlər statistikada çox istifadə edilən Odds ratio, yəni kimin nə qədər bəxti gətirəcəyinin nisbi ölçüsü və bu ölçünün özünün statistiki əhəmiyyətidir. Məsələn, insanın hansısa faktora görə riskinin 1 olduğunu düşünsək, başqa faktor üçün Odds ratio 0,5-dirsə, demək ikinci hal birincidən 2 dəfə daha yaxşıdır (1/0,5=2). Öz başına 2 dəfə daha az risk daşımaq sanki yaxşı bir hal kimi görünsə də, bu iddianın p dəyəri deyilən statiski əhəmiyyətinə də baxmaq lazımdır. P dəyəri 0,01-dən aşağıdırsa, o zaman 2 dəfə az risk daşıdığına inanmaq olar. Əks halda Odds ratio yaxşı görünsə də, buna etimad göstərmək lazım deyil.

Qadınlarda bir çox tibbi prosedur daha etibarlıdır deyə bilinir. İlk baxışdan cədvəldə də bu iddianın doğru olduğu təəssüratı yaranır. Kişilərdə risk 1 olaraq qəbul edilsə, qadınlarda bu rəqəm 0,832-dir. İlk baxışdan qadın olmaq daha sərfəli görünsə də (1 rəqəmi 0,832-dən daha böyük, yəni daha risklidir), bu iddianın statistiki əhəmiyyəti tapılmamışdır.

Xəstənin yaşının da öz başına riski 1,001 olaraq ölçülmüşdür və bunun heç bir statistiki əhəmiyyəti olmadığı görülmüşdür. Sanki insanın yaşı artdıqca əməliyyat riskləri də çoxalır kimi düşünsək də, burada xəstənin yaşının deyil, vəziyyətinin necə olduğunun məna kəsb etdiyini xatırlatmaq lazımdır. Yaxşı vəziyyətdə qzlmış 90 yaşındakı bir dayının əməliyyatının riski 40 yaşında bir dəfə miyokard infarktı keçirmiş qadına nəzərən daha az ola bilər. Tək başına xəstənin yaşının əlavə risk gətirmədyini gördüyümüzü təkrarlamaqda fayda vardır.

Xəstənin ümumi vəziyyətini qiymətləndirmək üçün dünyada Amerika Anestezioloqlar Cəmiyyətinin (ASA) şkalası istifadə edilir. Altı maddədən ibarət bu şkalada heç bir problemi olmayan insana 1 xal, əməliyyat etməsən, vəfat etmə ehtimalı olan ağır xəstə isə 5 xal ilə qiymətləndirilir. Altıncı xala nə oldu deyə soruşsanız, bu xəstənin artıq praktiki olaraq ölmüş olaraq dəyərləndirildiyini xatırlatmaq istəyirəm.

Ən ağır xəstənin riski 1 olaraq qəbul edilsə, kiçik riski olan xəstədə (məsələn, Şəkərli Diabeti olan) problem çıxma ehtimalı bundan 1 000 dəfə (Odds ratio 0,001), vəziyyəti bir az ağır olan (məsələn miyokard infarktı nəticəsində ürək funksiyaları ciddi korlanmış) xəstədə isə 100 dəfə daha azdır. Bütün bu müddəaların ciddi statistiki əhəmiyyəti tapılmışdır və bu iddialara etibar etmək olar.

Əməliyyatın günün hansı saatında aparıldığı da önəmlidir. Gecə həyata keçirilən əməliyyatlar gündüz aparılanlara nəzərən 10 dəfə daha risklidir.

Əməliyyatın təciliyyətinin də önəmli olduğu aşkar edilmişdir. Təcili aparılan əməliyyat (məsələn deşilmiş öd kisəsi) planlı aparılan əməliyyatdan (məsələn, sadəcə daşları olan və ağırlaşmamış öd kisəsi) tam 125 dəfə (Odds ratio 0,008) daha risklidir. Bu ilin ortalarında Sumqayıtda öd kisəsi əməliyyatı sonrası itirilən gənc xanımı yəqin ki xatırlayırsınız. Ailə cərrahın yaşlı olduğu üçün əlinin titrədiyini və öd kanalını kəsdiyini iddia etsə də, işin əslində uzun müddətdir öd kisəsində daş olduğunu bildiyi halda, ancaq öd kisəsi partladıqdan sonra həkimə gəldiyi üçün həyatını 125 dəfə daha çox riskə atan xəstədə faciəli nəticə alındı.

Qısa əməliyyatlar uzun olanlara nisbətən 50%, sadə əməliyyatlar ağır olana nisbətən isə 43 dəfə (Odds ratio 0,023) daha etibarlıdır.

Xəstəxananın böyüklüyünün də əhəmiyyətli olduğunu görürük. Ən çox problem çıxan yer olaraq ümumi yataq sayı 500-dən çox olan universitet xəstəxanaları (məsələn Cleveland, Charite və s.) aşkar edilmişdir. Onlarda ümumi anesteziya riski 1 olaraq qəbul edilərsə, yataq sayı 500-dən az olan universitet xəstəxanasında risk 3 dəfə, yataq sayı yenə 500-dən az olan qeyri-universitet xəstəxanasında isə ancaq 50% daha az olduğu aşkar edilmişdir. Ən etibarlı xəstəxanalar isə yataq sayı 150–300 arasında olan qeyri-universitet xəstəxanalarıdır – orada risk 7 dəfə daha azdır (Odds ratio 0,133).

Nəticə

  • Kişilərdə və qadınlarda ümumi anesteziya riski eynidir.
  • Yaş ilə anesteziya riski arasında əlaqə yoxdur. Özünü yaxşı saxlamış 90 yaşında bir insan belə rahatlıqla əməliyyat edilə bilər.
  • Şəkərli diabet kimi orta şiddətli xəstəlikləri olan insanların da ümumi narkoz alması etibarlıdır.
  • Vaxtında müraciət etmək və gecikdirmədən, vaxtında əməliyyat olmaq dəfələrlə yaxşı nəticə verir.
  • Əməliyyatlar üçün gündüz saatlarını tərcih etmək lazımdır.

Müəlllif: Vasif İsmayıl

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır