Siqaret çəkmək xərçəngə yaxalanma riskini nə qədər artırır?
14 NOYABR
59

Siqaret çəkmək xərçəngə yaxalanma riskini nə qədər artırır?

Tütün məmulatları ilə xərçəng xəstəliyi arasında əlaqə haqqında çox danışmaq mümkündür. Bu yazımızda tütün məmulatlarının növlərinin, istifadə müddətinin, eləcə də bu vərdişi tərgitmənin xərçəng əmələ gəlməsi arasında statistiki bağlantısı işıqlandırılacaqdır.

İnsan övladı təbiətdən öz nəslinin davamı və inkişafı üçün çox qiymətli məlumatlar öyrənmişdir. Əldə edilən biliklər, təcrübə və vərdişlər Homo Sapiens (latınca, Ağıllı İnsan) növünün çiçəklənməsinə səbəb olmuş, onu qida piramidasının və inkişafın zirvəsinə gətirmişdir.

Vərdiş demişkən. Zərərli deyə adlandırılan vərdişlər də var axı elə bil, deyil mi?

Zərərli vərdişlər bir şəkildə insan sağlığı, bəzən isə tək insanın deyil, artıq cəmiyyətin də sağlığını hədələyən davranışlardır. Məsələn, tənbəllik də bir növ vərdişdir. Öz də cəmiyyətlərin geriləməsinə səbəb olmaqdadır.

Tütün istifadəsi isə həm kütləvidir, həm zərərlidir, həm də təkcə istifadə edəni deyil, onunla birlikdə həyatı paylaşan,təmas edənlərə də pis təsir edən davranışdır. Gəlin, hər şey haqqında sırasıyla danışaq.

Tütün istifadəsi tarixi və ümumi istifadə formaları

İnsanlığın tarixi, inkişafı Avrasiya qitəsi ilə yanaşı Afrika, Avstraliya və Amerika (Şimali və Cənubi birlikdə) qitələrində də getmişdir. Lakin insanlığın hazırkı vəziyyətinə rəngini verən, dominant qanad Avrasiya qitəsinin inkişaf modelidir. Tütün bir çox faydalı tərəvəz, meyvə və ədviyyat kimi Xristofor Kolumbun Amerika qitəsini kəşfi ilə yeni fəth edilən torpaqlardan Avrasiya qitəsinə gətirilmişdir.

Tütün indiki Meksiya ərazisində 4 000 illik istifadə tarixinə malikdir. Yerli əhali tütünü mədəni surətdə əkir, becərir, ticarətini belə edirdilər. Şahidlərin təsvirinə görə, bir çox yerli tütün yarpaqlarını xüsusi kisələrdə həmişə öz yanlarında gəzdirirmiş.

Avropada tütün XVI əsrin ortalarında gəlmiş və bir neçə onillik ərzində populyarlaşmışdır. Əlli il ərzində tütün əkilməsi, çeynənməsi, istifadəsi Avropada sənaye miqyasına çatmışdır. İqlim şəraiti uyğun olduğu üçün Kuba adası və bütün Qəraib dənizi hövzəsi tütün plantasiyaları ilə örtülmüşdü.

Tütün əsasən isti və nəm iqlimə sahib yerlərdə becərilən bitkidir. Şəklin mənbəyi novalepe.com
Qurudulmuş tütün yarpaqları artıq istifadəyə hazırdır. Şəklin mənbəyi dannemann.com

Qurudulmuş tütün yarpaqları çeynəmək, buruna çəkmək (tənbəki tütünü) və yandıraraq tüstüsü ilə nəfəs almaq şəklində istifadə edilir. Lakin çağdaş dünyada tütün tüstüsünün ağızdan içəri çəkilməsi ən yayğın istifadə şəklidir.

Qurudulmuş tütün yarpaqlarının bükülməsi ilə siqar əldə edilir.

Siqar və siqarillo

Tütün qurudulduqdan sonra böyük yarpaqlar öz üzərində bükülür və əmələ gələn silindrin bir ucu yandırılaraq tüstü əldə edilir. Siqar günümüzdə də kifayət qədər populyardır. Bəzən yarpaqların arasına bütöv yarpaq deyil, doğranmış tütün də doldurula bilər. Ölçüsü kiçik siqarlara siqarillo deyilir. Həm siqar, həm də siqarilloların tüstüsü nəfəslə ağciyərə qədər çəkilməz, ağız və udlaqda “fırladılaraq” çölə buraxılar.

Doğranmış tütün üçün uyğun nənəvi qəlyan və siqarlar əsasən tünd spirtli içkilər, yəni konyak və viski ilə birlikdə istifadə edilirlər.

Qəlyan

Doğranmış tütün üzərinə isti köz qoyulması və ya elə direkt yandırılması ilə əmələ gələn tüstünü içinə çəkərək istifadə də çox məşhurdur. Tüstü olduğu kimi istifadə edilirsə, qəlyan, sudan keçirilərək içəri çəkilirsə, sulu qəlyan deyilir. Qəlyan tüstüsü də eynilə siqar kimi nəfəslə ağciyərlərə çəkilməz, ağızda və udlaqda fırladıldıqdan sonra çölə buraxılar. Sulu qəlyan tüstüsü nəfəslə ağciyərlərə çəkilə bilər. Lakin təcrübəli sulu qəlyan çəkənlər yenə də tüstünü dərinə çəkmədən çölə buraxırlar.

Doğranmış tütün yarpaqlarının incə papirus kağızına bükülərək süzgəcli (filterli) siqaret və ya süzgəcsiz papiros hazırlanır. Şəklin mənbəyi pngimg.com

Siqaret

Doğranmış tütün xüsusi papirus kağızına sarılır və bir ucundan yandırılaraq istifadə edilir. Siqaret XIX əsrin sonlarında populyarlaşdı. Onu çəkici edən istifadəsinin sadə və əlçatan olması idi. Siqaret tüstüsü nəfəslə ağciyərlərə qədər çəkilir. Əsasən 20 siqaret yerləşən paketlərdə satılır. Çağdaş dünyada tütün məmulatlarının ən kütləvi istifadə şəklidir.

Tütün istifadəsinin zərərləri

Tütün istifadəsi elə əvvəldən lazımsız və zərərli vərdiş kimi ad qazanmışdı. Avropaya gətirildikdən sonra çox sevilsə də, ona qarşı rəğbət gedərək azaldı və xüsusilə XX əsrin ikinci yarısından etibarən Qərb dünyasından başlayaraq bütün dünyada tütün məmulatlarının istifadəsinə qarşı qanunvericilikdə məhdudlaşdırıcı dəyişikliklər qəbul edilməyə başlandı. Bu tendensiyanın başlamasında əsas rol, sözsüz ki, çağdaş tibb elminin inkişafı və bunun nəticəsi kimi insan ömrünün uzanmasındadır. Daha uzun yaşayan insanda gedərək daha çox onkoloji xəstəliklər aşkar edildi. İsbata dayalı tibb elminin metodlarının yayğınlaşması ilə də tütün məmulatları ilə xərçəng xəstəliyinin etiologiyası arasında əlaqəni tapmaq çox sürmədi. Tütün tüstüsünün nəinki istifadəçisinin, hətta onun ətraflndakı insanlarda da xərçəng xəstəliyinin ehtimalını artırdığı aşkar edildi. Hətta qeyri-onkoloji bir çox xəstəliklər ilə tütün arasında əlaqə aşkar edildi. Bəzi ciddi xəstəliklərin isə yeganə səbəbi kimi ancaq siqaret göstərilir.

  • Xroniki obstruktiv ağciyər xəstəliyi
  • Mədə və onikibarmaq bağırsaq xoraları
  • Müxtəlif növ vaskülitlər, damar iltihablar. Bürger xəstəliyi
  • Ağız boşluğunun, xüsusilə də diş ətinin xroniki xstəlikləri
  • Yüksək qan təzyiqi

və s.

İnsanlıq artıq daha uzun və daha sağlam yaşamaq istəyir. Çağdaş insan elmi nailiyyətlərə və statistikaya inanır. Sürətlə tütün istifadəsindən uzaqlaşır.

Görəsən, tütün məmulatları istifadəsi ilə xərçəng arasındakı statistiki əlaqə nədir?

Peşəkar auditoriyada bütün statistik göstəricilər haqqında geniş danışmaq mümkündür. İnternet oxucuları üçün sadələşdirilmiş şəkildə aşağıdakı cədvəlləri hazırladım. Hər iki cədvəlin hazırlanmasında Amerika Xərçəng Cəmiyyəti (American Cancer Society) verilənlərindən istifadə etdim. İnkişaf etmiş Avropa və Uzaq Şərq ölkələri belə xərçəng statistikasını hələ ABŞ cəmiyyətləri qədər sərrast və müntəzəm verə bilmirlər. Bu da ABŞ cəmiyyətinin nə qədər qabaqda olduğunu bir daha sübut edir.

Tütün istifadəsi bir çox orqanın xərçəng xəstəliyinə səbəb olmaqdadır. Verilənlərin daha asan əldə edilməsi şərtini əsas götürsək, ağciyər xərçəngi haqqında danışmaq daha uyğun olardı. Elə isə tütün məmulatlarının istifadəsi ilə ağciyər xərçənginə yaxalanma arasındakı ehtimalları nəzərdən keçirək.

Tütün məmulatları istifadəsi ilə ağciyər xərçənginə yaxalanma ehtimalı arasında statistik əlaqə. ACS 2007 verilənlərinə əsasən Dr. Vasif İsmayıl tərəfindən tərtib edilmişdir.

Heç tütün istifadə etməmiş və ciddi sənaye riski olmayan (məsələn, asbest ilə təmas etməmiş) insanda ehtimalı bir olaraq qəbul edək. Gündə yarım paket, yəni 10 ədəd siqaret çəkmək xərçəng riskini 15 dəfə artırır. Gündə 2 paket çəkmək isə ehtimalı 64 dəfə artırmaqdadır.Siqaret tüstüsünün nəfəslə ağciyərlərə çəkilməsi ağciyər xərçənginə yaxalanma ehtimalını siqar və qaəlyana nəzərən dəfələrlə çox artırır.

Siqar istifadəsi 3, qəlyan (sulu qəlyan daxil) istifadəsi isə 8 dəfə bu ehtimalı artırır. Siqaret və siqar, eləcə də qəlyan arasındakı fərq nədən qaynaqlanır? Sözsüz ki, bunda siqaret çəkərkən tüstünün nəfəslə ağciyərlərə çəkilməsi rol oynayır. Siqar və qəlyanda tüstü ağız boşluğu və udlaqda fırladılaraq atılır.

Siqaret çəkən kişi ilə yaşayan siqaret çəkməyən qadında belə ağciyər xərçəngi riski 2 dəfə artır.

Siqareti tərgitməyin insana nə qədər faydalı olduğu fikri çoxumuzu maraqlandırır. İnsanlar bir gün bu zərərli vərdişdən qurtulmaq istəyə bilərlər. Bu, hər zaman mümkündür, mədəni ölkələrdə cəmiyyət bu məqsədlə bir çox tədbir görməkdədir. Elə isə statistika bunun haqqında nə deyir?

Siqaret tərgitmə müddəti, keçmiş istifadə miqdarı ilə ağciyər xərçənginə yaxalanma ehtimalı arasında əlaqə. ACS 2015 verilənlərinə əsasən Dr. Vasif İsmayıl tərəfindən tərtib edilmişdir.

Gəlin ən pis qrupdan başlayaq. Gündə 2 paket və artıq siqaret çəkən insanda ağciyər xərçənginə yaxalanma ehtimalı 64 dəfə artmışdı. Siqaretin tərgidilməsi ilə ilk 2 ildə bu risk 6 dəfə azalaraq 10 dəfə səviyyəsinə yerləşir. On il sonra isə bu ehtimal 4 dəfə səviyyəsində sabitləşir.

Sözsüz ki, bir kərə tütün bəlasına bulaşdınızsa, artıq heç vaxt normal olmayacaqsınız Amma xərçəngə yaxalanma ehtimalının tam tamına 15 dəfə azalması ehtimalı, şansı nə qədər gözəl xəbərdir.

Siqaret tərgirmək əslində o qədər də çətin deyildir. Ancaq bu haqda gələcək yazılarımızda söz açarıq.

Bizi izləməyə davam edin. Yazıları oxuyun, sərbəst şəkildə paylaşın, lütfən.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır