Yazgül Abdıyeva: "Azərbaycan dövləti bu kateqoriyalı vətəndaşların problemlərinin həllinə xüsusi qayğı göstərir"
14 NOYABR
61

Yazgül Abdıyeva: "Azərbaycan dövləti bu kateqoriyalı vətəndaşların problemlərinin həllinə xüsusi qayğı göstərir"

13 noyabr-Beynəlxalq Gözdən Əlillər Günüdür.
Azərbaycanda digər əlillik statusu olanlar kimi, gözdən əlil insanlara da dövlətimizin başçısı tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu təbəqədən olan vətəndaşların etibarlı sosial müdafiəsinin təmini, reabilitasiyaları istiqamətində görülən tədbirlər hər il daha da gücləndirilir. Onların cəmiyyətə inteqrasiya imkanlarının artırılması və ictimai həyatın bütün sahələrində iştirakına şəraitin yaradılması istiqamətində dövlətimiz tərəfindən mühüm işlər görülür. Müvafiq layihə çərçivəsində gözdən əlil və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadə imkanlarına malik olmaları üçün respublikamızın müxtəlif bölgələrində Regional İnformasiya Mərkəzləri yaradılıb.

Bu sözləri müsahibəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva bildirib.

Yazgül Abdiyeva deyib: "Ölkəmizdə belə problemləri olanlara həssas yanaşılır. Hazırda respublikamızda I və II qrup gözdən əlillər üçün kitabxana-informasiya xidməti, gözdən əlil və fiziki qüsurlu məktəbyaşlı uşaqlar üçün xüsusi orta və musiqi məktəbləri, tam fiziki imkansız insanlar üçün isə səyyar kitabxana fəaliyyət göstərir.

Dünya əhalisinin təxminən 300 milyonu görmə zəifliyi ilə üzləşir. Bildiyiniz kimi ölkəmizdə bu rəqəm təxminən 40 min təşkil edir və təəssüf ki, onların 8 minə yaxını uşaqlardır. Mütəxəssislərin fikrincə onların 80 faizinin görmə fəaliyyətini bərpa etmək mümkündür. Lakin bu vaxtında müayinə və müalicəyə tələb edən problemdir.

Xroniki korluğa aparan əsas səbəblər sırasına katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitamininin çatışmazlığı daxildir. Dünyada yaşla və nəzarətsiz diabetlə əlaqədar görmənin itirilməsi daha geniş yayılıb. Belə ki, görmə problemindən əziyyət çəkənlərin əksəriyyətini yaşı 50 və daha çox olan şəxslərdir.

Dünyada 2020-ci ilə qədər görmə problemi ilə üzləşənlərin sayının minimuma endirilməsi və korluğun qarşısının 80 faiz alınması uğrunda mühüm addımlar atılır. Ölkəmizdə isə əhalinin bu sahədə sağlamlıq vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra proqramlar qəbul edilib.

Azərbaycan dövləti bu kateqoriyalı vətəndaşların problemlərinin həllinə xüsusi qayğı göstərir. Bu diqqət və qayğının ən başlıca nümunəsi Qafqazda ən böyük və hər cür müasir tibbi avadanlıqlarla təchiz edilmiş oftalmoloji müəssisənin ölkəmizdə fəaliyyət göstərməsidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır