Tbilisidə əlil və xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək aksiyası keçirilib
24 NOYABR
66

Tbilisidə əlil və xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək aksiyası keçirilib

Noyabrın 23-də Tbilisidə əlil və xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilati dəstəyi, “Gürcüstanın Aktiv Qadınlar Assosiasiyası” və “İnterneyşnl” jurnalının birgə təşkilatçılığı ilə xeyriyyə aksiyası keçirilib.

Fins.az xəbər verir ki, tədbirdə Tbilisi və Rustavi şəhərlərindən, eləcə də soydaşlarımızın kompakt yaşadıqları Marneuli və Dmanisi rayonlarından əlil və xərçəng xəstəsi olan uşaqlar iştirak ediblər.

Tədbirə dəstək məqsədilə iştirak edən əslən Azərbaycandan olan və hazırda Kiyevdə yaşayan tanınmış aktyor Oleq Savkin jurnalistlərə müsahibəsində deyib: “Mən Bakıda anadan olmuşam, uşaqlıq illərim və xatirələrim Xəzər sahilləri ilə bağlıdır. Gələcəyimiz olan uşaqlara dəstək olmalı, onların sağlam böyümələri üçün çalışmalıyıq. Düşünürəm ki, tədbirin təşkil uşaqlara yardım göstərilməsinə təkan verəcək”.

“Gürcüstanın Aktiv Qadınlar Assosiasiyası”nın sədri Gültəkin Mustafayeva qeyd edib ki, əlil və xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara yardım göstərmək hər birimizin borcudur. Tədbirin əsas məqsədi cəmiyyətin diqqətini onların problemlərinə cəlb etmək və uşaqlara göstərilən yardım və dəstəyi gücləndirməkdir.

“İnterneyşnl” jurnalının baş redaktoru Nino Şalamberidzenin verdiyi məlumata görə, belə tədbirlər davamlı olacaq. Azərbaycandan olan dəstək bizi çox sevindirir və düşünürəm ki, əl-ələ verərək çox iş görə bilərik.

Xeyriyyə tədbirinin təşkilinə Gürcüstanda fəaliyyət göstərən AZEBİ -Gürcüstanda Azərbaycan İş Adamları Assosiasiyası maliyyə dəstəyi göstərib.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır