"Antibiotik heç bir virusa təsir etmir" – HƏKİM XƏBƏRDARLIĞI
04 DEKABR
263

"Antibiotik heç bir virusa təsir etmir" – HƏKİM XƏBƏRDARLIĞI

“Havaların soyuması ilə bağlı hər yerdə olduğu kimi Azərbaycan əhalisi arasında  müxtəlif əlamətlərlə özünü büruzə verən soyuqdəymə hallarının artması qeyd olunur. Amma xalq arasında yanlış olaraq bu hallar hamısı qrip kimi dəyərləndirilir. Bu, elmi cəhətdən əsaslandırılmamış ifadədir”. 

Bunu APA-ya virusoloq, Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Lalə Rüstəmova deyib.

L. Rüstəmova bildirib ki, əslində kəskin respirator xəstəlik deyəndə bir sıra mikroorqanizmlər, bakteriyalar, viruslar, göbələklər, hətta bəzən parazitlərin iştirakı ilə meydana gələn yuxarı tənəffüs yollarının xəstəlikləri nəzərdə tutulur. Kəskin respirator virus infeksiyaları deyəndə isə artıq respirator virusların törətdiyi kəskin infeksiyalar nəzərdə tutulur: “Ona görə də əhali arasında mövcud olan yanaşma yanlışdır”.

Virusoloqun sözlərinə görə, respirator viruslar içərisində qrip viruslarının törətdiyi simptomlar daha qabarıq və sürətli şəkildə özünü büruzə verir: “Ümumiyyətlə, son illər aparılan tədqiqatlara görə, Bakının uşaq və yaşlı əhalisi arasında A qrip virus aşkarlanmayıb. Onun sözlərinə görə, yalnız 1,7 faiz halda B qrip virusu infeksiyası qeydə alınıb. Yəni müayinə olunan 100 nəfərdən təxminən 2-də B qrip virusu qeydə alınır. Bu isə kiçik göstəricidir”. 

Virusoloq deyib ki, 1000 nəfərdən 10-da xəstəlik aşkar olunursa, bu, epidemiyadan xəbər vermir: "Hazırda konkret olaraq Bakı şəhərində qrip epidemiyasından danışmaq olmaz".

Proqramın digər qonağı otorinolorinqoloq-cərrah Sadiq Rzayevin sözlərinə görə, qrip əslində bir virusun adıdır, amma başqa viruslar da respirator xəstəlik törədə bilər. Respirator virus xəstəliyi törədən virusların sayı onlarladır.

S.Rzayev deyib ki, respirator infeksiyaların artmasının səbəbi əslində havanın soyuması deyil, sadəcə, soyuq havalarda insanların daha çox qapalı mühitdə olması və virusların qapalı mühitdə sıx təmas nəticəsində yayılmasıdır: “Yəni burada sırf soyuğun elə də böyük rolu yoxdur. Çox zaman deyirlər ki, qulağıma soyuq olub, iltihab yaranıb, əslində qulaq soyuqdan xəstələnməz. Burada mütləq bir törədicinin rolu olmalıdır. Soyuq hava sadəcə, prosesi şiddətləndirə, provokasiya edə bilər”.

Onun sözlərinə görə, son zamanlar müraciət edənlərin əksəriyyəti zökəm xəstəliyi müşahidə edilir: "Biz də adətən antibiotik terapiya qəbul etməmələrini, istirahət və bol maye qəbul etmələrini tövsiyə edirik. Təəssüf ki, bizim kolleqaların bir qismi çox sıx-sıx antibiotik müalicəsi tətbiq edirlər. Amma virus infeksiyaları zamanı antibiotiklərin heç bir rolu yoxdur. Antibiotik heç bir virusa təsir etmir, əksinə, orqanizmdə fəsadlar törədir”.

Mütəxəssis deyib ki, viruslardan qorunmaq məqsədilə immunitetin möhkəmləndirilməsi adı altında təyin olunan müalicələrin, satılan dərmanların heç elmi əsası yoxdur: "Bunlar ən yaxşı halda təsir göstərmirlər, ən pis halda orqanizmi zədələyirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır