Bədxassəli qan xəstəliyi diaqnozlu xəstələrin sayı açıqlandı
11 DEKABR 2017
229

Bədxassəli qan xəstəliyi diaqnozlu xəstələrin sayı açıqlandı

Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır.

Tibb.fins.az-ın məlumatına görə, bunu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, qanın bədxassəli xəstəlikləri müasir təbabətin ən aktual problemlərindən biridir: "Bu aktuallıq onların mürəkkəbliyi, sosial əhəmiyyəti, geniş yayılması, ağır klinik gedişi və yüksək ölüm səviyyəsi ilə şərtlənir. Bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10%-ni məhz qanın bədxassəli xəstəlikləri təşkil edir".

Z.Əlimirzəyeva əlavə edib ki, bu qrup xəstəliklərin uşaq və gənc yaşlarında bədxassəli şişlərdən ölüm hallarının strukturunda yüksək göstəricilərə (50%-ə yaxın) malik olması diqqəti cəlb edir:

"Çox narahatedici amillərdən biri də odur ki, leykozlar yoluxucu xəstəliklərlə yanaşı, 15 yaşa qədər olan uşaqlar arasında ölümün əsas səbəblərindən biridir. Statistik məlumatlara görə, hazırda Azərbaycanda 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır".

Z.Əlimirzəyeva bildirib ki, bu il leykozların diaqnostikasında aparılan laborator müayinələrin sayı 6 000-dən yuxarı olub. Buraya hematoloji, sitoloji, biokimyəvi, immunoloji və molekulyar - genetik müayinələr daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır