İmmunohistoloji müayinələrin aparılması üçün yaradılmış laboratoriya istifadəyə verilib
12 DEKABR 2017
134

İmmunohistoloji müayinələrin aparılması üçün yaradılmış laboratoriya istifadəyə verilib

Bu gün ET Hematologiya və Trnasfuziologiya İnstitutunda immunohistoloji müayinələrin aparılması üçün yaradılmış laboratoriya istifadəyə verilib

Bu laboratoriyanın əhəmiyyətləri barədə institutda keçirilən Mətbuat konfransında jurnalistlərə məlumat verilib. Bildirib ki, son zamanlar leykozların diaqnostikasında və müalicəsində köklü irəliləyişlər müşahidə edilir. Bu ilk növbədə lekozların molekulayar-genetik diaqnostika üsuullarının tətbiqinə və leykozların müxtəlif növlərinin hədəf terapiyası üsullarının işlənib-hazırlanmasına aiddir. Səhiyyə Nazirliyinin rəhbərliyi ilə ET Hematologiya və Trnasfuziologiya İnstitutunda bu xəstəliyin diaqnostikasının beynəlxalq standartlara uyğun aparılmasına nail olunmuşdur. Leykoza gətirib çıxaran pozulmaların həm hüceyrə (sitokimyəvi), həm xromosom (sitogenetik), həm də gen səviyyəsində (polimeraz zəncirvari reaksiya) müəyyən edilməsi praktikaya tətbiq edilmişdir. Ümumiyyətlə, 2017-cı ildə aparılan laborator müayinələrin sayı 6 000-dən yuxarı olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti 11 noyabr 2016-cı il tarixli, 447 №-li qərarı ilə “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı”nı təsdiq etmişdir. Bu proqram qanın bədxassəli xəstəliklərin diaqnostikasının və müalicəsinin müasir səviyyəyə çatdırılmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına yönəlmişdir.

Qanın bədxassəli xəstəlikləri müasir təbabətin ən aktual problemlərindən biridir. Bu aktuallıq onların mürəkkəbliyi, sosial əhəmiyyəti, geniş yayılması, ağır klinik gedişi və yüksək ölüm səviyyəsi ilə şərtlənir. Bütün bədxassəli şişlərdən ölüm hallarının 6-10%-ni məhz qanın bədxassəli xəstəlikləri təşkil edir. Bu qrup xəstəliklərin uşaq və gənc yaşlarında bədxassəli şişlərdən ölüm hallarının strukturunda yüksək göstəricilərə (50%-ə yaxın) malik olması diqqəti cəlb edir. Çox narahatedici amillərdən biri də odur ki, leykozlar yoluxucu xəstəliklərlə yanaşı, 15 yaşa qədər olan uşaqlar arasında ölümün əsas səbəblərindən biridir.

Statistik məlumatlara görə hazırda Azərbaycan Respublikasında 2500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır.

Son illərdə respublikada hematoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi avadanlıqlarla təchizatının yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi nəticəsində qanın bədxassəli xəstəliklərinin diaqnostikası və müalicəsində müəyyən irəliləyişə nail olunmuşdur. Qanın bədxassəli xəstəliklərinin müasir diaqnostikasının əsasını təşkil edən leykemik hüceyrələrin immunofenotipik, sitogenetik və molekulyar-genetik müayinə üsullarının təcrübəyə tətbiqi bu xəstəliklər zamanı hədəf müalicəsinin aparılmasına imkan yaratmışdır.

Hazırkı dövrdə inkişaf etmiş ölkələrdə qanın bədxassəli xəstəliklərinin patogenezinin və şiş hüceyrələrinin bioloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində baş vermiş tərəqqi, diaqnostikanın və müalicənin nəticələrinin qiymətləndirilməsinin yeni metodlarının tətbiqi, yeni dərman preparatlarının və müalicə metodlarının istifadəsi bu ağır xəstəlikdən əziyyət çəkən şəxslərin xəstəliyinin proqnozunun əhəmiyyətli şəkildə dəyişdirilməsinə gətirib çıxarmışdır. Son zamanlar qazanılmış nailiyyətlər, əvvəllər mütləq ölümlə nəticələnən xəstəliklər kimi qiymətləndirilən qanın bədxassəli xəstəliklərinə olan münasibəti tamamilə dəyişərək, onları sağalması mümkün olan xəstəliklərə aid etməyə imkan vermişdir.

2017-ci ildə Dövlət Proqramı çərçivəsində yeni immunohistoloji müayinələrin aparılması üçün laboratoriya yaradılmışdır. Laboratroriya ən müasir avadanlıq və reaktivlərlə təhciz olunmuşdur, İmmunohistokimyəvi müayinələrin köməkliyi ilə qanın bədxəsəli xəstəliklərinin tam diferensial diaqnostiksaı, hədəf terapiyanın monitorinqi və xəstəliyin proqnozu müəyyən edilir. Artıq leykozların diaqnostikası məqsədi ilə xəstələrin digər ölkələrə getməsinə ehtiyac qalmır.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır