ATU-nun Tədris Cərrahiyyə Klinikası hesabat verdi
26 DEKABR 2017
352

ATU-nun Tədris Cərrahiyyə Klinikası hesabat verdi

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında klinikanın fəaliyyəti üzrə ilin yekun hesabatına həsr olunmuş konfrans keçirilib. Konfransın açılışında çıxış edən klinikanın direktoru, professor Surxay Hadıyev 2017-ci ilin Azərbaycan üçün uğurlu keçdiyini bildirib. S.Hadıyev yola saldığımız ilin rəhbərlik etdiyi qurum üçün də kifayət qədər uğurlu keçdiyini qeyd edib: “İl boyunca klinakımızda unikal, mürəkkəb əməliyyatlar aparılıb. Bunlardan bəziləri hətta respublikada ilk dəfə olaraq bizim klinikada icra olunub.

Sevindirici haldır ki, bu cür əməliyyatların nəticəsi uğurlu olub”. Tədris Cərrahiyyə Klinikasının (TCK) direktoru bu il həmçinin 5 kafedrada müdir vəzifələrinə seçkilərin keçirildiyini xatırladıb. S.Hadıyev tədbir iştirakçılarını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edib, hər kəsə möhkəm cansağlığı, yeni ildə daha böyük nailiyyətlər arzu edib.

Daha sonra ATU TCK-nın direktorunun tədris və elmi məsələləri üzrə müavini, professor Davud Pənahov çıxış edərək, 2017-ci ildə klinikada tədris sisteminin təkmilləşdirilməsi üçün görülən işlər haqqında geniş məlumat verdi: “Cari tədris ilində TCK-da tələbələrə 140 axın və 348 qrupda tədris aparılıb. Qruplarda dərslər əsasən Azərbaycan dilində – (100 qrup), eyni zamanda 25 qrupda rus, 15 qrupda ingilis dilində tədris olunub.

Mühazirələr 7 auditoriyada, təcrübi məşğələlər 60 otaqda keçirilir ki, onlar da köməkçi vasitələrlə təchiz olunub”.

ATU-nun TCK-nın müalicə işləri üzrə direktor müavini – baş həkim, professor Rauf Ağayev 2017-ci ildə klinika üçün yeni struktur cədvəlinin işləndiyini qeyd etdi: “Yeni cədvəl bu ilin yanvarında rektorluq tərəfindən təsdiqlənib. Bu struktur dəyişiliklərinə əsasən, klinikamızda yeni – neonatologiya, plastik və estetik cərrahiyyə şöbələri yaradılıb. Tibbi koordinasiya şöbəsi yaradılıb və tərkibinə müştəri xidmətləri ilə məşğul olan bütün bölmələr (o cümlədən sığorta və tibbi statistika) daxil edilib. Təcili yardım və qəbul şöbəsi birləşdirilib. Sterilizasiya bilavasitə əməliyyat blokunun bir bölməsi kimi müəyyən edilib”.

Baş həkim R.Ağayev həmçinin 2016-cı il ilə 2017-ci il yekunlarını müqaisə edərək, klinikada bi çox göstəricilər üzrə müsbət tendensiyanın müşahidə olunduğunu bildirdi: “Təəssüf ki, bu müddət ərzində xəstələrin sayı artıb. Biz insanların öz sağlamlığını daha yaxşı qorumasını istəyirik. Əvvəlki illə müqayisədə klinikaya 30 faiz daha çox xəstə müraciət edib. Biz xəstələrə yüksək səviyyəli tibbi xidmət göstərməyə çalışmışıq. Ötən ilə nəzərən bu il keçirilən cərrahiyyə əməliyyatlarının sayı – 40%, stasionar yatış olan xəstələrin sayı 70 %-ə qədər artıb”.

R.Ağayev bu il klinikanın sığorta şirkətləri ilə əlaqələrinin sıxlaşdığını, şüa diaqnostikası şöbəsində yeni USM otağı yaradıldığını, təcili yardım şöbəsinə yeni həkimlər cəlb olunduğunu, burada hamilə qadınlar və körpələrə baxış üçün xüsusi otaq ayrıldığını qeyd etdi.

Tədbirdə klinikanın bu il ərzində fəaliyyətinə və əldə olunan nailiyyətlərə dair digər məlumatlar da dinlənildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır