Səhiyyə Nazirliyi: Bu il 266 uşaqda kardiocərrahiyyə əməliyyatı icra edilib
29 DEKABR 2017
345

Səhiyyə Nazirliyi: Bu il 266 uşaqda kardiocərrahiyyə əməliyyatı icra edilib

“Şəkərli diabet üzrə tədbirlər proqramı çərçivəsində hazırda 225 mindən çox şəkərli diabet xəstəsi daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunurlar. Bunun nəticəsi olaraq şəkərli diabet xəstəliyindən ağırlaşmaların və əlilliyin faizi azalıb, bu xəstələrin həyat keyfiyyəti yaxşılaşıb, xəstəlikdən ölüm faizi azalıb”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu nazirliyin geniş tərkibli kollegiya iclasında Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov deyib. O bildirib ki, respublikada insan immun çatışmazlığı vurusuna yoluxmuş hamilə qadınların 96%-i antiretrovirus müalicəsinə cəlb olunub: “Bunun nəticəsində, dünya statistikasında virusun anadan uşağa ötürülməsi 5-11% təşkil etdiyi halda, Azərbaycanda bu rəqəm 1,8%-ə enib”.
2017-ci ildə vərəmdən ölüm hallarının sayının azaldığını deyən şöbə müdirinin sözlərinə görə, ilin əvvəlindən indiyədək 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülüb, 79 xəstədə endoprotezləşmə əməliyyatı aparılıb: “Yalnız 2017-ci ildə dövlət hesabına 1106 xəstədə - 966 açıq, 140 qapalı ürək əməliyyatı icra olunub. O cümlədən, 266 uşaqda - 201 acıq, 65 qapalı kardiocərrahiyyə əməliyyatı icra edilib. Xəstələrə 2413 angioqrafiya müayinəsi aparılıb və onlardan 684 nəfərə koronar damarların stentlənməsi icra olunub. Eyni zamanda, son iki il ərzində Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılıb”.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır